İqtisad universiteti işğal altındakı torpaqlarımızla bağlı seminar keçirib

İqtisad universiteti işğal altındakı torpaqlarımızla bağlı seminar keçirib
16:59 14 Yanvar 2016
24 Sosial
Ölkə mətbuatı
A- A+

 

Yanvarın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə tətbiq olunan metodologiyanın müzakirəsinə həsr olunan elmi seminar keçirilib.

ADİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə “İşçi Qrupu”nun üzvləri, millət vəkilləri, rektorlar, əlaqədar nazirlik və komitələrin nümayəndələri, eləcə də universitetin professor-müəllim heyətinin iştirak etdiyi seminar Azərbaycanın məruz qaldığı itki və tələfatları əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

 

ADİU-nun rektoru, professor Ədalət Muradov mövzunun aktuallığını vurğulayaraq, Azərbaycan-Ermənistan münaqişəsi zamanı ölkənin verdiyi maddi-mənəvi itkilərdən danışıb. Erməni təcavüzünün Azərbaycana vurduğu mənəvi itkilərin hesablanmasının mümkünsüzlüyünü diqqətə çatdırıb.

 

Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası İdarə Heyətinin sədri, “İşçi Qrupu”nun rəhbəri, millət vəkili, İqtisad Universitetinin professoru Xanhüseyn Kazımlı “Faciələrimizin təqvimi üzrə itki və tələfatlarımızın qiymətləndirilməsi üzrə metodologiyaların şərhi” mövzusunda məruzə ilə çıxış edib.  O bildirib ki, beynəlxalq tədbirlərdə “Münaqişə, müharibə və terror nəticəsində itki və tələfatların dəyərinin hesablanması üzrə vahid metodologiyanın Azərbaycan tərəfindən hazırlanması təklif olunub. Əldə olunan razılaşmalara əsasən, qurum üzvlərinin irəli sürdükləri “əlavə və dəyişikliklər nəzərə alınmaqla həmin metodologiyanı əks etdirən “standart” qəbul edilib.

“İşçi Qrupu” öz fəaliyyətində mövcud qiymətləndirmə təcrübəsinə və standartlarına, eləcə də xarici ölkələrdən dəvət olunan ekspertlərin rəylərinə istinad edərək yekun nəticəyə gəlib. Əldə olunan nəticə Mərkəzi Bankın rəsmi məzənnəsi əsasında ABŞ dolları ilə ifadə olunub.

 

Seminarda Tarixi və Mədəniyyət abidələri üzrə İctimai Birliyin sədri Faiq İsmayılovun və işçi qrupunun üzvü Mirzəli Fətəliyevin çıxışları dinlənilib.

 

Müzakirələrlə davam edən seminarda məsələnin beynəlxalq təşkilatlarda da müzakirəsi, erməni təcavüzü nəticəsində ölkəmizə dəyən maddi və mənəvi zərərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması məqsədi ilə işçi qrupunun tərkibində beynəlxalq təşkilatların nümayəndələrinin təmsil edilməsi təklif edilib. Tədbir iştirakçıları müzakirələrin digər ali məktəblərdə aparılmasının vacibliyini vurğulayıblar.

Sonda Qafqaz Universitetinin rektoru Ahmet Saniç növbəti tədbirin Qafqaz universitetində keçirilməsi təklifi ilə çıxış edib.

 



















Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228698

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR