Makunun Sərdar Sarayı - XÜSUSİ REPORTAJ

Makunun Sərdar Sarayı - XÜSUSİ REPORTAJ
17:59 30 Dekabr 2014
254 Sosial
Ölkə mətbuatı
A- A+

Bura Qacarlar dövründə Maku sərdarı olmuş Mürtəzaqulu xanın sarayıdır. Saray Qərbi Azərbaycan vilayətinin mədəniyyət nümunəsi kimi qorunub saxlanılır.
 
Murtazaqulu xan Bayatlı Müzəffərəddin şah Qacarın dövründə ona tabe olan Maku xanlığının sonuncu rəhbəri olub. Həm də İranın ən varlı adamlarından satılırmış. Bağçacux adlı bu sarayın memarlıq üslubunun zənginliyi da bunu deməyə əsas verir. Saraya yaxınlıqda yerləşən kəndlərdən birinin adı verilib.
 
Maku şəhərinin tarixini öyrənən arxeoloq Bəhmən Kargər deyir ki, saray Mürtəzaqulu xanın atası Teymur paşa dövründə tikilib. Sarayın tikintisi 30 ilə başa gəlib, ümumilikdə isə 160 illik tarixi var.
 
Maku Rusiya, Türkiyə və ətraf dövlətlərlə ticarət əlaqələri həyata keçirən vacib yerlərdən biri olub. Bu bina 19-cu əsr Avropa üslubunda tikilib. Lakin İran memarlarının üslubu da tikintidə öz əksini tapıb.
 
Saray 11 hektarlıq bağda yerləşir. Bu bağda qədim dövrə aid alma və ərik bağları olub. Bəhmən Kargərin sözlərinə görə, İran hökuməti həmin bağları yenidən bərpa etmək niyyətindədir.
 
Sərdardan sonra burada bir müddət yaşayış olmayıb. Sonra İranın mədəni irsin qorunması təşkilatı təxminən 30 il əvvəl buranı alıb. Bura mədəni irs kimi qeydiyyata alınıb və bərpa işləri görüləcək. Hazırda sarayın bərpa işlərinə başlanılıb.
 
Sarayın fasadına bir sıra heykəllər bənd edilib. Heykəllərin əllərində təsvir olunan üzümlər isə dini motivi göstərir. Bizans dövrünün abidələrində mövcud olan şir başlarının təsviri də bu memarlıq abidəsində var. Binanın üst hissəsində sütunların qabağa çıxması müşahidə olunur ki, bu da Bizans dövrünün simvollarından sayılır.
 
Sarayda Sərdar ailəsinə məxsus bütün əşyalar qorunub saxlanıb. Saray kompleksinin rəhbəri Əhməd Rəhiminin sözlərinə görə, sarayın giriş hissəsini Qacarlar dövründə yaşayan iranlı memar işləyib. Onun sözlərinə görə, binada yenidənqurma işləri kimi əsasən ağartma işləri görülür. Rəsm əsərlərinə isə toxunulmur.
 
Bura sərdarın yaylağı olub. Qışda başqa saraylarda yaşayıblar. Sarayın giriş hissəsini İran memarları işləyib.
 
Hər otağı rənginə görə adlandırıblar. Bu otağın maraqlı tərəflərindən biri tavanına çəkilən şəkildir. Tavanın bir tərəfində İran süfrəsi, digər tərəfində isə Avropa süfrəsi təsvir olunub. İran süfrəsi yerdən açılıb və ətrafında yalnız kişilər əyləşib. Masada açılan Avropa süfrəsində isə kişilərlə bərabər başı açıq qadınlar da var. Evin içərisindəki əşyalar arasında Rusiya, Avropa, Fransa, Avstraliya, Polşadan gətirilən əşyalar üstünlük təşkil edir. Bunların bir çoxu Avropa padşahları tərəfindən Maku sərdarına hədiyyə olaraq göndərilib.
 
Bina 2 mərtəbəlidir. Birinci mərtəbədə şənliklərin təşkil edildiyi və ortasında hovuz olan “Ağ otaq” adlı salon var. Sərdar, qonaqları və xanımlar mərasimləri ikinci mərtəbədən izləyirmiş. Burada həmçinin o dövr saray adamlarının geyimi olan maket təsvir olunub. Bunlar Qarapapaq adlanan türk tayfalarının geyim üslubudur. Özünəməxsus papaqları olan bu şəxslərdən yalnız rəsmi tutul daşıyanların papağında xüsusi emblem olub.
 
Murtəza qulu xanın iki xanımı olub. İlk həyat yoldaşı Analı xanım İrəvan azərbaycanlısı imiş. Bu xanımdan 5 övladı -1 qız və 4 oğlu dünyaya gəlib. Sərdarın öz xanımını çox sevdiyi deyilir. Bu səbəbdən də yataq otağının bir neçə yerinə onun təsvirini çəkdirib. Yataq otağı təbi boyalarla boyanıb. Otağın bütün əşyaları saxlanılır. Divarda həmçinin Avropa qadınının da təsviri var.
 
Avropada baş örtüsü olmayıb. Onlarda bu cür idi və sinəsində gül olardı. Bu ərazilərdə isə libaslar bu cür olub. Bu otaqda onlar bir-biri ilə müqayisə edilib.
 
Analı xanım böyük nüfuza malik qadın imiş. Bir müddət sonra Mürtəzaqulu xan yerli Rövzətnisə xanımla ailə qurur və ondan 2 oğlu dünyaya gəlir. Lakin ömrünün sonuna kimi evin əsas xanımı Analı xanım olur.
 
İkinci mərtəbədə Analı xanımın qonaq qəbul etdiyi otaq, sərdarın iş otağı yerləşir. Buradakı bütün əşyalar o dövr Avropa mebelləridir ki, onlar da sarayı turistik mərkəzə çevirmək üçün qorunub saxlanılır.
 
Mürtəzaqulu xanın yeritdiyi siyasət nəticəsində Maku xanlığı zəifləyib süqut etsə də, o, tarixdə Azərbaycan türklərinə qarşı etdiyi bir hərəkətlə də məşhurdur. Sərdar ermənilərin Naxçıvana basqını zamanı yerli sakinlərə yardım əli uzadıb. Ermənilərin azərbaycanlılara qarşı qanlı cinayətlərinin qarşısını almaq üçün 15 mart 1918-ci il tarixdə Maku sərdarı Mürtəzaqulu xan müsəlmanlarla ermənilər arasında sülh bağlanılması üçün erməni Milli Komitəsinə və Cəfərqulu xan Naxçıvanskinin adına məktub göndərir. Məktubda göstərir ki, sülh bağlanmasa, günahkar tərəf qoşun bölüyü tərəfindən atəşə tutulub məhv ediləcək. Lakin erməni daşnakları başda Y. Xaraziyan olmaqla bu məktubu saya almayaraq, Naxçıvan bölgəsinin bir çox kəndlərində yerli erməniləri müsəlmanlara qarşı qanlı cinayətlərə sövq edirlər. Məsələn, Naxçıvan qəzasının Qaraxanbəyli kənd erməniləri 31 mart 1918-ci ildə azərbaycanlılara atəş açaraq 25 nəfəri öldürüblər.
 
Maku şəhəri çox fərqli coğrafi mövqeyə malik ərazidə yerləşir. Şəhər iki dağın arasında salınıb və buraya gələn insanlarda ilk baxışdan qala təəssüratı yaradır. Bu cəhət ərazinin qədimdən yadellilərə qarşı müqavimətdə güclü olmasına səbəb olub. Qədim insanlar dağın içərisini oyaraq özlərinə ev tikiblər. İndi əhali daha çox düzən yerlərə köç etsə də, dağın içərisində yaşayan ailələr hələ də var.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189168

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR