"Neftçi" daha bir serb məşqçi ilə danışıqlar aparırmış

"Neftçi" daha bir serb məşqçi ilə danışıqlar aparırmış
17:57 14 Yanvar 2016
20 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin "sükan"ı arxasına gətirmək istədiyi məşqçilərdən daha birinin adına aydınlıq gəlib. Bu barədə qaynar.info-ya məlumat daxil olub. Bu, serbiyalı məşqçi Slavişa Yokanoviçdi.

Serbiyanın "Partizan", Tailandın "Muanqtonq Yunayted", Bolqarıstanın "Levski", İspaniyanın "Erkules", İngiltərənin "Uotford" klublarında baş məşqçi işləmiş Yokanoviç cari mövsümün əvvəlində İsrailin "Makkabi" (Təl-Əviv) komandasını 11 ildən sonra Çempionlar Liqasının qrup mərhələsinə çıxarıb. Lakin "Çelsi", Kiyev "Dinamo"su və "Portu" kimi klubların mübarizə apardığı G qrupunda xal toplamayan "Makkabi" ötən ay Yokanoviçlə yollarını ayırıb.

Bundan sonra 47 yaşlı çalışdırıcı dekabrda "Neftçi" ilə danışıqlar aparmağa başlayıb. Bu məşqçi hətta "Neftçi"də işləməyə razılıq da veribmiş. Lakin o daha detallı görüş istəyibmiş. "Neftçi" tərəfi isə ikinci devalvasiya ilə bağlı cavabı uzadınca, o da 2014/15 mövsümündə çalışdığı İngiltərə Çempionşipinə (I dəstə) qayıtmağa üstünlük verib. Çünki ötən mövsüm "Uotford"u İngiltərə Premyer Liqasına çıxaran o olub. O, dekabrın 27-də Londonun "Fulhem" klubu ilə müqavilə bağlayıb.

Daha bir maraqlı məlumat isə ondan ibarətdi ki, "Neftçi" tərəfindən danışıqlarda 2 nəfər iştirak edib. Bunlardan biri "Neftçi"nin Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanovdu. Kimdi o? Apreldə "Çelsi"nin bazası ilə yaxından tanış olmuş bu şəxs 2010-cu ildən SOCAR-da Strateji İnkişaf üzrə vitse-prezident vəzifəsində işləyən Tofiq Qəhrəmanovun oğludu. Zaur bəy həm də dövlət neft şirkətində Sərmayələr İdarəsinin rəis müavini işləyir. "Neftçi" tərəfindən danışıqlar aparan ikinci şəxs isə AFFA-da işləyir. Onun adını öyrənə bilməsək də, AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun həmin şəxsin "dayday"ı olduğunu müəyyənləşdirdik.

Maraqlı burasındadı ki, klubun idman direktoru Vəli Qasımov vaxtı ilə futbolçu karyerasını yaşadığı İspaniya və Portuqaliyadan məşqçiləri bu 2 şəxsə təklif edib. Lakin onlar bu variantla razılaşmayıblar. Belədə həm gürcü Şota Arveladze, həm Yokanoviç, həm də digər məşqçilər İstanbulda bu şəxslərlə görüşüb danışıqlar aparıb. Lakin devalvasiya səvəbindən "Neftçi" sonda Əsgər Abdullayevlə yollarına davam etməyə qərar verib.

Qeyd edək ki, bundan əvvəl "Neftçi"nin icraçı direktoru Elnur Məmmədov açıqlamasında 2 gün ərzində İstanbulda 5 məşqçi ilə danışıqlar apardığını bildirmişdi. Bundan sonra mətbuatda "Neftçi"nin digər serb məşqçi Milan Rastavats və rumıniyalı Marius Şumudike ilə danışıqlar apardığı üzə çıxmışdı. 

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquot-daha-bir-serb-mqci-il-danqlar-aparrm-t46798.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR