Göyçayın icra başçısı: "Qiymət artımı möhtəkirliyin nəticəsidir"

Göyçayın icra başçısı: "Qiymət artımı möhtəkirliyin nəticəsidir"
18:04 14 Yanvar 2016
39 Sosial
Ölkə mətbuatı
A- A+

Yanvarın 14-də Göyçay rayon İcra Hakimiyyətində (RİH) istehlak bazarında bəzi iş adamlarının süni qiymət artımına yol verməsi ilə bağlı müşavirə keçirilib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, müşavirədə rayonda fəaliyyət göstərən sahibkarlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən RİH başçısı Mübariz Ağayev son günlər işbazların istehlak bazarında qiymətləri süni şəkildə qaldırmalarından danışıb, əlavə edib ki, ötən mövsümdə Göyçayda 13 min 756 hektar sahədən 36 min 408 ton taxıl, 4678 hektar meyvə bağından 75 min 513 ton meyvə, 155 hektar sahədən 1807 ton kartof, 1158 hektar sahədən 19 min 842 ton tərəvəz, 70 hektar sahədən 1136 ton bostan məhsulları tədarük olunub. O, taxılın bol olmasına baxmayaraq, Göyçayın istehlak bazarında unun, eləcə də yerli istehsal olan meyvə-tərəvəz məhsullarının, yumurta və quş ətinin alıcılara yüksək qiymətə təklif edilməsinin anlaşılmaz olduğunu bildirib, bu sahədə bir sıra işbazların yanlış fəaliyyətini kəskin tənqid edib.

 

Tədbirdə prezident İlham Əliyevin belə hallara qarşı qətiyyətli mövqeyi diqqətə çatdırılıb, qiymətlərdə süni şişirtmələrə yol verənlərin sərt cəzalandırılacağı qeyd olunub. Bildirilib ki, meyvə-tərəvəz, yumurta, ağartı və ət məhsulları yerli istehsal xarakterli məhsullardır. Onların qiymətində artım yalnız möhtəkirliyin nəticəsidir.

 

Müşavirədə çıxış edən hüquq-mühafizə orqanlarının rəhbərləri süni qiymət artımına yol verməklə, istehlakçıları aldadanların qanunla məsuliyyət daşıdıqlarını şərh edib, sualları cavablandırıb. Tədbirdə RİH tərəfindən istehlakçıların hüquqlarının qorunması üzrə komissiya yaradıldığı qeyd olunub. Komissiya üzvlərinə rayonda istehlak bazarına mütəmadi olaraq nəzarət etmək, hər bir şikayəti operativ surətdə araşdıraraq konkret tədbirlər görmək barədə tapşırıq verilib.

 

Qeyd edək ki, bu gündən rayonda topdan satış mağazalarında unun 50 kiloqramlıq kisəsi 26 manata, xırda mağazalarda isə 28 manata satılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228716

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR