Həkim-dermatoloq: “Dünyanın ən bahalı kremi belə dəriyə düşməyə bilər”

Həkim-dermatoloq: “Dünyanın ən bahalı kremi belə dəriyə düşməyə bilər”
18:14 14 Yanvar 2016
44 Sosial
Ölkə mətbuatı
A- A+

“Çox zaman xanımlar düşünürlər ki, hər hansı dekorativ kosmetika ilə qüsurları ört-basdır etmək olar. Amma nəzərə almaq lazımdır ki, bəzən aşırı kosmetika deffektləri daha da qabarıq göstərə bilər. Məsələn, mimiki qırışlar. Xanımlar bu tip qırışları tonal krem vasitəsilə gizlətmək istəyirlər. Lakin mimiki qırışlar hərəkət nəticəsində əmələ gəlir. Tonal kremdən istifadə isə onları daha da üzə çıxarır”. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, həkim-dermatoloq, kosmetoloq Günay Mikayılova deyib.

 

Qonaq bildirib ki, dərinin nəfəsalma funksiyasının qarşısını almaq olmaz: “Dəri oksigen mübadiləsində, termorequlyasiya prosesində iştirak edir. Bunun qarşısını müəyyən maddələr vasitəsilə almaq düzgün deyil. Məsamələr doldurulur, hidrolipid təbəqə pozulur. Bu da mənfi təsirlərə gətirib çıxarır”.

 

Mütəxəssis qeyd edib ki, qış mövsümündə soyuq hava şəraiti xüsusilə üz və əllərin dərisinə təsir edir. Mümkün fəsadların qarşısını almaq üçün dərini öncədən qidalandırmaq lazımdır: “Üz və əllərin dərisi hər zaman ətraf mühitin mənfi təsirlərinə məruz qalır. Hər mövsüm üçün qulluq qaydaları mövcuddur. Təmizləmə və qoruma bütün fəsillərdə yerinə yetirilməlidir, lakin qışda nəmləndirmədən daha çox qidalandırmaya üstünlük vermək lazımdır. Azərbaycanda qış fəsli o qədər də sərt keçmir. Buna baxmayaraq, yenə də dərini qidalandırmaq lazımdır. Çünki əvvəlki fəsillərdə toplanmış vitamin ehtiyatı qışa doğru azalmağa başlayır. Dəri solğunlaşır, çatlar əmələ gəlir, quruyur, həssaslaşır. Bunları nəzərə alaraq, qidalandırmaya üstünlük vermək lazımdır”.

 

“20 yaşlı qıza dolqu vurmaq düzgün deyil”

 

Kosmetoloqun fikrincə, kosmetikadan az istifadə etmək də üz dərisini qorumağa yardımçı ola bilər: “Bundan başqa, kosmetoloji prosedurların əksəriyyəti qışda aparıldığı üçün bu da dəriyə müəyyən təsir göstərir. Məsələn, yayda pilinq edilmir. Əgər müəyyən kosmetoloji prosedur aparılacaqsa, dərini öncədən mühafizə etmək lazımdır. Dərini yad ünsürlərdən qorumaq lazımdır, mümkün qədər kosmetikadan az istifadə olunmalıdır. Qış mövsümündə dərinin hidrolipid balansını qorumaq üçün yağlı kremlərdən istifadə etmək məsləhətdir. Bu, dərinin həssaslığının qarşısını almağa kömək edir. Nəmləndirici kremlər şaxtada donur deyə bir anlayış yoxdur”.

 

Son illər çox gənc xanımların müxtəlif prosedurlar vasitəsilə üzdə hər hansı dəyişiklik etməsinə gəlincə, həkim-dermatoloq bunun əleyhinə olduğunu bildirib: “20 yaşlı qıza dolqu vurmaq düzgün deyil. Anatomik üz quruluşu deyə bir anlayış var. Məsələn, dodaq büküşü hətta yenicə anadan olmuş uşaqlarda da var. Onu 20 yaşında doldurmaq düzgün deyil. Hər bir prosedurun tətbiq olunduğu yaş dövrü var”.

 

Mütəxəssis qeyd edib ki, üz kremlərinin bahalı olması əsas şərt deyil. Alınacaq məhsulun dəriyə uyğun olmasına diqqət etmək lazımdır: “Dünyanın ən bahalı kremi belə dəriyə düşməyə bilər. İlk növbədə, dərinin növü təyin olunmalıdır. Gündüz kremlərini alarkən tərkibində “SPF” - yəni günəşdən qorunma faktorunun olmasına fikir vermək lazımdır. Adətən, həm də rəqəm olur. Amma bu rəqəm günəşdən qoruma faizini göstərmir. Tərkibində qidalandırıcı faktorlar, məsələn qliserin olan kremlərə üstünlük vermək olar. Gecə kremləri alarkən isə qidalandırıcı faktorlar - vitamin, biostimulyatorların olmasına diqqət etmək lazımdır”.

“Üzü yuyarkən sabundan mümkün qədər az istifadə etmək lazımdır”

 

Kosmetoloq, üz dərisinin təmizlənməsi qaydaları barədə də məsləhətlər verib: “Üzü yuyarkən sabundan mümkün qədər az istifadə etmək lazımdır. Xüsusi gellərdən istifadə etmək olar. Sonra isə mütləq toniklərdən istifadə etmək lazımdır. Bizim xanımlar toniklərdən losyon kimi istifadə edirlər. Toniklər üzü yumaq üçün nəzərdə tutulmuş vasitə deyil”.

 

Kosmetoloq deyib ki, insanın dərisi həm də onun sağlamlığının göstəricisidir. Suyu miqdarında içmək həm daxili orqanlara, həm də dəriyə müsbət təsir göstərir, deyə mütəxəssis qeyd edib: “Yay mövsümündə istər-istəməz su çox içilir. Orqanizmdəki bütün reaksiyalar suda gedir. Orqanizm susuz yaşaya bilməz. Suyun az içilməsi daxili orqanlarda müəyyən problemlərə yol açırsa, üzdə quruluğa səbəb olur. Gün ərzində 2 litr su içmək məsləhətdir”.

 

Həkim – kosmetoloq təbii vasitələrdən istifadə etməklə dərini qorumağın yolları barədə məsləhətlər verib: “Mövsümi meyvələri üz dərisinə çəkmək olar. Hər mövsümə uyğun meyvələrdən maskalar da hazırlamaq olar”.

 

Mütəxəssis hamiləlik dönəmində dəridə yaranan ləkələr, çatlarla mübarizə yollarını da sadalayıb: “Hamiləlik dönəmində aqressiv prosedurlardan çəkinmək lazımdır. Dəriyə qulluq etmək üçün qidalandırıcı, günəşdən qoruyan kremlərdən istifadə etmək olar. Dərini bol miqdarda yağla – jojoba, kedrlə təmin etmək lazımdır ki, çatlar əmələ gəlməsin”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228717

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR