Böhran mövsümü: şayiələri kim durduracaq? - AKTUAL ŞƏRH

Böhran mövsümü: şayiələri kim durduracaq? - AKTUAL ŞƏRH
18:14 14 Yanvar 2016
27 Sosial
Ölkə mətbuatı
A- A+

"Ortada ad, soyad yoxdur, yalnız insanları qorxu içində saxlamaq üçün panika yaradan şayiələr var"

 

 

"Çörək olmayacaq", "Artıq çörəklərinizi saxlayıb suxarı eləyin", "Unun bir kisəsi 45 manat oldu", "Gürcüstandan 50 nəfərlik (sayını da necə dəqiqi bilirlər!) quldur dəstəsi gəlib", "Qapınıza gül gətirib, evinizə basqın eləmək istəyirlər", "Aksiyada bir nəfər ölüb, 200 nəfər yaralanıb", "Bir dollar 8 manat olub"... Və sair və ilaxır...

 

Bu fəlakət çağırışları son günlər sosial şəbəkələri və bəzi internet media resurslarını "bəzəyir". Fakt yoxdu! Hər bir səslənən fikir arxasında fakt dayandığı halda xəbərə çevrilə bilər.

 

Amma hazırkı durumda Azərbaycanda bəzi media orqanları da, elə sosial şəbəkələrdəki əsl və ya saxta profillər, səhifələr də faktsız, ağızdan eşitmə şayiələri tirajlayırlar.

 

Başlayaq un və çörək məsələsindən. Dövlət Taxıl Fondunun rəhbəri danışır və bildirir ki, hazırda dövlətin nağd 360 min ton taxıl ehtiyatı var. Ümumilikdə isə lazım olan 750 min tonun tədarük olunması üçün heç bir problem yoxdu, müqavilələr bağlanıb, məhsul alınır. Hazırda bazarda sahibkarların istehsal etdiyi un satılır ki, bu da kifayət qədərdir. Əgər hər hansı məqamda sahibkarların taxıl gətirməsində və ya istehsalda bir problem olsa, dərhal dövlət dövrəyə girəcək və vətəndaş heç bir qıtlıq, sıxıntı, qiymət artımı hiss etməyəcək.

 

Eyni zamanda dünən APA-nın hazırladığı araşdırma göstərdi ki, bütün rayonlarda və Bakıda da 50 kiloqramlıq unun bir kisəsi topdansatış mərkəzlərində 26-26.50 manata, mağazalarda isə 26.50-28 manat arasında satılır. Çörəyin qiymətində isə devalvasiyadan sonra yalnız bir dəfə artım olub. Hazırda çörək çəkisindən asılı olaraq 30-50 qəpik arasında satılır.

 

Ölkədə 47 faizlik devalvasiya baş verib. Unun və çörəyin, həmçinin digər ərzaq məhsullarının qiymətinin artmasının qaçılmaz olduğu hər kəsə aydındır. Amma bazarın monitorinqi göstərir ki, faktiki 35-40 manata un kisəsi, ya da 70 qəpiyə çörək satılmır.

 

Bazarın araşdırması və rəsmilərin vədləri un qıtlığı olmayacağını göstərir. Deməli, çörəksizlik, ya da "suxarı ehtiyatı görməklə" bağlı çağırışlar yalnız camaatı təşvişə salmaq, həyəcan yaratmaq üçündür.

 

İndi gələk kriminogen durumla bağlı şayiələrə. Sosial şəbəkələrdə Gürcüstandan 50 nəfərlik quldur dəstəsi gəlməsi barədə ağızdan eşitmə məlumatlar yayılır, bəzi saytlar isə bunu tirajlayır. Hər şeyi anlamaq mümkündü, o dəstə üzvlərinin sayını necə belə dəqiqi biliblər, bax, o çox maraqlıdır.

 

İndiyə qədər hələ qapısına gül gətirilmiş bir kimsənin də evinin talan olunması və ya hücuma məruz qalması ilə bağlı adlı fakt yoxdur. Nə əcəb maşınını yol polisi saxlayanda, qonşusu ilə dalaşanda dərhal 102 xidmətini arayan vətəndaş indi polisə yox, sosial şəbəkəyə üz tutur? Ya da necə ola bilir ki, uşaq oğruları peyda olur, uşaqlar oğurlanır və bir nəfər də olsun zərərçəkən valideyn çıxıb bu barədə danışmır? Ortada ad, soyad yoxdur, yalnız insanları qorxu içində saxlamaq üçün panika yaradan şayiələr var.

 

Eynilə bu şayiələr rayonlarda baş verən aksiyaların miqyası, oradakı iştirakçıların "ölməsi", "özünü yandırması" kimi dezinformasiyalarla da bağlıdır. İnsan ölümünün gizlədilməsi mümkünsüzdür. Rəsmilər, hüquq-mühafizə orqanları, lap elə deyək  ki, media da faktı yaymaqda maraqlı deyil. Bəs bu ölənin, öldürülənin ailəsi? Bunlardamı öz uşaqlarının və ya valideynlərinin ölməsini gizlətmək istəyirlər? Hansı səbəblə? Nə əcəb ölkənin ən ucqar kəndində şəxsi münaqişə zəminindəki dava ad-soyad, təvəllüdlə hadisədən bir neçə dəqiqə sonra sosial şəbəkələrdə yayıldığı halda ayaqda olan bir rayonda hamının gözü qarşısında "özünü yandıran" qadının görüntüsü, adı soyadı yoxdur? Demək ki, yalandır. O zaman bu yalan niyə yayılır? Səbəb sabitliyi pozmaq, adamları təşviş içində saxlamaq, vəziyyəti gərginləşdirməkdir.

 

Və bu durumda məsuliyyət yenə də dövlət orqanlarının üzərindədir. Onlar danışmalı, hər hadisəyə reaksiya verməli, media ilə daha sıx işləməlidirlər.

 

Azərbaycanın bu gün keçdiyi prosesə dünya 2008-ci ildən başlayıb. O vaxtdan bəri dünyada böhran var, yüz minlərlə insan işini itirib, Avropa İttifaqının Yunanıstan kimi dövləti defolt elan edib. Avropanın öndə gedən ölkələri, qonşu Türkiyə, Rusiyanın bu hadisələr zamanı davranış təcrübəsi var.

 

Bu ölkələrin hamısında rəsmilər dayanmadan danışır, informasiya verir, brifinqlər bir-birini əvəzləyirdi.  Eynilə bizdə də rəsmilər danışmalıdırlar, planlar, görülən işlər açıqlanmalı, aparılan müzakirələr barədə məlumat verilməlidir. Cəmiyyətdəki şayiələrə, ajiotaja son qoyulmalı, kriminogen durumun pozulmasına cəhd edənlər tapılıb cəzalandırılmalı, panika, şayiə yayanlar ifşa olunmalı, ölkənin bu gün üçün əsas sərvətlərindən biri olan sabitlik qorunub saxlanılmalıdır.

 

Heç bir Azərbaycan vətəndaşı ölkəsinin Suriya olmasını istəmir. Bu vəziyyətdən daha az ağrıyla çıxmaq üçün hamının bir B planı olmalıdır. Hökumətin də, vətəndaşın da. Ölkə başçısının da, məmurların da  öz çıxışlarında bildirdiklərinə görə, hökumətin belə planı var.

 

Müasir cəmiyyətlərdə ajiotaj məhz informasiya qıtlığından yaranır. Bütün dövlət qurumlarının, rəsmilərin, bir neçə ay öncə seçki ərəfəsində hər şeydən danışıb, bu gün əksərən qeybə çəkilən deputatların, qeyri-hökumət təşkilatlarının əsas işi budur. Cəmiyyətə vəziyyəti izah etmək, məsələnin iqtisadi və siyasi izahlarını detallı olaraq çatdırmaq, yolu və hədəfləri göstərmək...

 

Heç də çətin deyil... 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228719

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR