Rayonların birləşdirilməsi, dotasiyaların kəsilməsi təklif edilir

Rayonların birləşdirilməsi, dotasiyaların kəsilməsi təklif edilir
18:22 14 Yanvar 2016
74 Digər
Ölkə mətbuatı
A- A+

"Rayonlarda xüsusi iqtisadi zonaların yaradılması, burada inzibati-administrativ bölgüyə yenidən baxılması və struktur islahatların aparılması, habelə biznesə qanunsuz müdaxilələrin aradan qaldırılması ən azı orta müddətdə bölgələrin inkişafını stimullaşdıra bilər".

Bunu Milli.Az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirdiyi fikirlərin və qoyduğu tapşırıqların yerinə yetirilməsi üçün təkliflər irəli sürərkən deyib.

Dotasiyalar ləğv edilsin


İSİM rəhbərinin fikrincə, regionların inkişafı olduqca vacib məsələdir və əslində Azərbaycanda uzun müddət rayonların dövlət büdcəsindən dotasiya alması bölgələrdə ən azından arxayınlıq, hətta bəzilərində tənbəllik formalaşdırıb:

"Nəticədə rayonlar gəlir mənbələri axtarmaqda maraqlı deyildilər, çünki onların xərci ilə gəliri arasındakı fərq dövlət büdcəsindən birbaşa kompensasiya olunurdu. Təbii ki, büdcədən hazır vəsait almaq işləyib gəlir mənbələri olan sektorları üzə çıxarmaqdan daha asandır. Ona görə də dotasiyalaşma sisteminə yenidən baxmaq lazımdır. Nəzərə almaq lazımdır ki, prezidentin də bununla bağlı göstərişi olub. Mən isə rayonlara verilən dotasiyanın mərhələli şəkildə qısa zamanda azaldılmasının və ləğv edilməsinin tərəfdarıyam. Rayonlar öz potensialı hesabına öz xərclərini ödəməyə çalışmalıdır. Çünki rayonların büdcədən asılılığının artması həm onların təşəbbüslərini azaldır, eyni zamanda innovasiya səviyyəsini aşağı salır. Amma rayon dotasiya almasa, o zaman məcburdur ki, əlavə gəlir mənbələri axtarsın və həmin mənbələrə uyğun olaraq xərclərini ödəsin. Ona görə də rayonlara dotasiya sisteminin ləğv edilməsinə ehtiyac var".

Rayonları birləşdirib sayını azaltmaq lazımdır



İqtisadçı hesab edir ki, Azərbaycan ərazi baxımdan elə də böyük ölkə olmadığından burada birmənalı olaraq bu qədər sayda rayonların olmasını məqbul deyil: "Rayonların sayının çox olması ona gətirib çıxarır ki, büdcədən ayrılan vəsaitlərin həcmi çoxalıb. Çünki hər bir rayonun öz inzibati qurumları, icra hakimiyyətləri və mərkəzi dövlət qurumlarının rayonlar üzrə filial və ya şöbələrinin maliyyələşməsi, əmək haqları, binaların tikintisi, texnikası, təchizatı və digər xərclərinin hamısı büdcə hesabınadır. Ona görə də rayonların birləşdirilməsinə və sayının ciddi şəkildə azaldılmasına ehtiyac var. Bizim struktur islahatları ilə bağlı apardığımız qiymətləndirmələrimiz göstərir ki, indiki məqamda rayonların birləşdirilməsi yolu ilə onların sayının ən azı 3 dəfə azaldılması mümkündür. Bu, həm büdcədən ayrılan vəsaitlərə qənaət etməyə, həm də rayonlarda daha çevik idarəetmə sisteminin formalaşmasına imkan verəcək. Bu, eyni zamanda mərkəzi dövlət qurumlarının rayon nümayəndəliklərinin avtomatik olaraq azalmasına gətirib çıxaracaq və vəsaitlərə qənaət edib onların digər istiqamətlər üzrə xərclənməsinə imkan yaradacaq".

Bölgələrdə xüsusi iqtisadi zonalar yaradılmalıdır


Ekspertin sözlərinə görə, öncəki illərdə rayonlar üçün prioritet istiqamətlər hələ yenicə seçilməyə başlanmışdı. Yəni Azərbaycan iqtisadiyyatı üçün qeyri-neft sektorunda bu istiqamətlər müəyyənləşdirilmişdi və həmin istiqamətdə inkişafın formalaşmasına çalışılırdı. Amma hər bir rayonun öz potensialı və strukturuna uyğun olaraq prioritet sektorların müəyyənləndirilməsinə və onların inkişaf etdirilməsinə ehtiyac var: "Eyni zamanda, rayonlarda xüsusi iqtisadi zonalar yaradılmalıdır. Baxmayaraq ki, bununla bağlı dövlət başçısı tərəfindən tapşırıqlar verilmişdi, amma təəssüf ki, xüsusi iqtisadi zonaları formalaşdıraraq daxili və xarici investisiyaların cəlb edilməsi reallaşmadı. Amma belə zonaların yaradılması yerli və xarici sərmayələrin həmin rayonlara yönəlməsinə imkan verəcək. Əlsində mövcud dünya praktikası göstərir ki, xarici investisiyaların cəlb edilməsinin əsas yollarından biri məhz belə zonaların formalaşmasıdır. İnvestisiyaların yaradılması isə özlüyündə yeni iş yerlərinin yaradılması deməkdir".

Biznesə qanunsuz müdaxilələr aradan qalxmalıdır

V.Bayramov əlavə edib ki, bölgələrdə iqtisadi inkişafa nail olmaq üçün orada sahibkarların işinə qanunsuz müdaxilələr aradan qaldırılmalıdır:

"Xüsusi iqtisadi zonaların yaradılması ilə bağlı işlərin sürətləndirilməsinə ehtiyac var. Bu, eyni zamanda rayonlarda biznesə müdaxilələrin tamamilə aradan qaldırılması fonunda baş verməlidir ki, Bakı ilə bölgələr arasında biznesi inkişaf etdirmək olsun. Bu gün Azərbaycan iqtisadiyyatında gəlirlilik baxımından əsas problemlərdən biri də odur ki, ölkə iqtisadiyyatının 90 faizindən çoxu Abşeron iqtisadi zonasının, əsasən də paytaxtın payına düşür. Digər rayonların payı isə olduqca azdır. Əlbəttə ki, bu, neft sektorunun Abşeron iqtisadi zonasında təşəkkül tapması ilə bağlıdır, amma bütün hallarda indiki məqamda regionların iqtisadi inkişafını stimullaşdırmaq lazımdır. Buna nail olmaqla hökumət arada fərqin götürülməsinə çalışmalıdır ki, bununla da bölgə əhalisinin həm işlə təminatında, həm də sosial vəziyyətinin yaxşılaşdırılmasında ciddi addımlar atmaq mümkün olsun. Bu baxımdan indi rayonların iqtisadi inkişafının dəstəklənməsi siyasətinin davamına ehtiyac duyulur".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397950.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR