Göyçayda süni qiymət artımının qarşısının alınması sahibkarlarla müzakirə olunub

Göyçayda süni qiymət artımının qarşısının alınması sahibkarlarla müzakirə olunub
18:23 14 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Göyçay, 14 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC
Yanvarın 14-də Göyçay Rayon İcra Hakimiyyətində manatın devalvasiyasından sonra istehlak bazarında bəzi iş adamları tərəfindən süni qiymət artımının yaradılması ilə bağlı müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə rayonda fəaliyyət göstərən sahibkarlar, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev son günlər işbazların istehlak bazarında qiymətləri süni şəkildə qaldırmaları ilə bağlı yaranmış vəziyyətdən danışarkən bildirib ki, ötən mövsümdə rayonda 13 min 756 hektar sahədən 36 min 408 ton taxıl, 4678 hektar meyvə bağından 75 min 513 ton meyvə, 155 hektar sahədən 1807 ton kartof, 1158 hektar sahədən 19 min 842 ton tərəvəz, 70 hektar sahədən 1136 ton bostan məhsulları tədarük olunub. Taxılın bol olmasına baxmayaraq, Göyçayın istehlak bazarında unun, eləcə də yerli istehsal olan meyvə-tərəvəz məhsullarının, yumurta və quş ətinin alıcılara yüksək qiymətə təklif edilməsi anlaşılmazdır.
Yaranan şəraitdən sui-istifadə etməyə çalışan işbazların fəaliyyətinin kəskin tənqid edildiyi müşavirədə Prezident İlham Əliyevin belə hallara qarşı qətiyyətli mövqeyi diqqətə çatdırılıb, qiymətlərdə süni şişirtmələrə yol verənlərin sərt cəzalandırılacağı qeyd olunub. Bildirilib ki, yerli məhsulların qiymətində artım halları yalnız bu vəziyyətdən istifadə edərək əlavə gəlir qazanmaq istəyən möhtəkirlərin fəaliyyətinin nəticəsidir. Xüsusilə kənd təsərrüfatı məhsullarının qiymətlərini artırmaq cəhdləri də müşahidə olunur. Bu isə yolverilməz haldır. Kənd təsərrüfatı məhsullarının böyük əksəriyyəti yerli istehsaldır. Onların qiymətində artım yalnız sui-istifadə hallarının nəticəsidir.
Müşavirədə dünya iqtisadiyyatında yaşanan böhranın, neftin qiymətinin sürətlə aşağı düşməsinin Azərbaycandan da təsirsiz ötüşmədiyi vurğulanıb, manatın devalvasiyası şəraitində istehlak bazarında bəzi iş adamlarının süni qiymət artımı yaratması və mövcud vəziyyət geniş təhlil olunub, vəzifələr müəyyənləşdirilib, aidiyyəti qurumlara tapşırıqlar verilib. Sahibkarlar çıxış edərək, yaranmış vəziyyətdən sui-istifadə edən işbazların fəaliyyətinin yolverilməz olduğunu bildiriblər.
Hüquq mühafizə orqanlarının rəhbərləri süni qiymət artımına yol verməklə, istehlakçıları aldadanların qanunla məsuliyyət daşıdıqlarını şərh edib, sualları cavablandırıblar.
Müşavirədə rayon icra hakimiyyəti tərəfindən istehlakçıların hüquqlarının qorunması üzrə komissiya yaradıldığı qeyd olunub. Komissiya üzvlərinə rayonda istehlak bazarına mütəmadi olaraq nəzarət etmək, hər bir şikayəti operativ araşdıraraq konkret tədbirlər görmək tapşırılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Goychayda_suni_qiymet_artiminin_qarsisinin_alinmasi_sahibkarlarla_muzakire_olunub-918489

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR