Bakı, 14 yanvar, AZƏRTAC
Azərbaycanın premium kinoteatrı “CinemaPlus” daha beş yeni kinoteatr açacaq.
Kinoteatrdan AZƏRTAC-a bildirilib ki, bu il Gəncə şəhərində regionun ilk kinoteatrı istifadəyə veriləcək. Bütün lazımi avadanlıqla təmin olunan və 3D texnologiyaları ilə təchiz edilən kinoteatr ümumi oturacaq sayı 460 nəfər olan beş zaldan ibarətdir. Bu il üçün açılması planlaşdırılan doqquz zaldan ibarət növbəti kinoteatr Bakıda “Gənclik mall” Ticarət Mərkəzində yerləşir. Bu da ölkənin ən böyük kinoteatrı olacaq.
Bundan başqa, bu il “Amburan mall”da da üç zallı kinoteatrın açılması nəzərdə tutulub.
2017-ci ildə isə “Azərbaycan” kinoteatrında və yeni inşa olunan “Caspian Waterfront” istirahət və ticarət mərkəzində “CinemaPlus”un digər şəbəkələrinin açılması planlaşdırılıb.
Qeyd edək ki, kinoteatrın baş direktoru Zaur Darabzadə daha beş kinoteatr açmaqla bağlı təşəbbüsü Prezident İlham Əliyevin imzaladığı “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərmandan sonra irəli sürüb.
İnsanların asudə vaxtlarını yaxşı keçirmələrinə kömək göstərmək üçün kinoteatrlarda qiymətlər ucuz olacaq.
Hazırda “CinemaPlus” yalnız “28 Mall” Ticarət Mərkəzində fəaliyyət göstərir.