Nardaranın mərkəzi küçələrində əsaslı yenidənqurma işləri aparılır

Nardaranın mərkəzi küçələrində əsaslı yenidənqurma işləri aparılır
20:48 14 Yanvar 2016
49 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC 
Bakının Nardaran qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir. Hazırda qəsəbənin bütün mərkəzi küçələrində əsaslı yenidənqurma işləri aparılır.
“Azəryolservis” ASC-nin məlumatına görə, ilkin olaraq qəsəbənin Abşeron küçəsinin təmirinə başlanılıb. Yenidən qurulan küçənin ümumi uzunluğu 2220, ortalama eni isə 8 metrdir. Təmir-tikinti işləri çərçivəsində yolun eninin genişləndirilərək 18 metrə çatdırılması nəzərdə tutulub.
Qəsəbədə vahid kanalizasiya şəbəkəsi də yaradılır. Əvvəllər bir çox küçələrdə ümumiyyətlə kanalizasiya sistemi olmayıb. Eyni zamanda, əhalinin içməli suya, elektrik enerjisinə və təbii qaza olan ehtiyaclarının yüksək səviyyədə ödənilməsi üçün də müxtəlif tədbirlər həyata keçirilir. Sökülən evlərin və obyektlərin sahiblərinə qanunvericiliyə uyğun nəzərdə tutulmuş kompensasiya ödənilir.
Yenidənqurma işlərinin yüksək səviyyədə və optimal müddətdə aparılması üçün “Azəryolservis” ASC tərəfindən qəsəbəyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Abşeron küçəsində artıq söküntü işləri başa çatdırılıb. Hazırda yol boyu hasarların və səkilərin tikintisi, eləcə də yeni asfalt qatının vurulması həyata keçirilir. Aparılan tikinti-quruculuq hesabına onlarla qəsəbə sakini yeni iş yeri ilə təmin edilib. Abadlıq-quruculuq işləri zamanı ağsaqqalların və ziyalıların da təklifləri nəzərə alınır.
Yaxın günlərdə Nəsrulla Əsgərov küçəsində də yenidənqurma işlərinə başlanılacaq. Qəsəbənin mərkəzindən Nardaran pirinə gedən bu yol yaxın vaxtlarda öz simasını dəyişəcək. Dörd hərəkət zolağından ibarət olacaq küçədə hər iki istiqamət üzrə 2 metr enində yeni piyada səkiləri tikiləcək, ikitərəfli işıqlandırma dirəkləri quraşdırılaraq tam yeni müasir yol infrastrukturu yaradılacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nardaranin_merkezi_kuchelerinde_esasli_yenidenqurma_isleri_aparilir-918564

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR