Tanınmış siyasətçilərin anaları: Con Kennedinin anası Roza Kennedi

Tanınmış siyasətçilərin anaları: Con Kennedinin anası Roza Kennedi
22:52 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

XX əsrə öz damğasını vuran məşhur siyasətçilərin  meydana çıxmasında onların analarının böyük rolu olub.  

Bu baxımdan müəmmalı şəkildə qətlə yetirilmiş ABŞ Prezidenti Con Kennedinin anası Roza (Rouz) Kennedinin adı xüsusi hörmətlə çəkilir. Bu da təsadüfi deyil. 9 övlad doğaraq tərbiyə edən və onlardan biri ABŞ Prezidenti olan, digərləri  senatorlar səviyyəsinə qədər yüksələn Roza Kennedi nəinki ABŞ-da, həm də dünyada ən mənəviyyatlı və mədəni analardan biri hesab edilir. Təsadüfi deyil ki, layiqli, vətənpərvər övladlar yetişdirdiyinə, tərbiyə etdiyinə görə Roza Kennedi  Roma Papası tərəfindən nümunəvi və xeyriyyəçi ana tituluna layiq görüldü. Həqiqətən, Roza Kennedini bu baxımdan dünyanın ən xoşbəxt, eyni zamanda hələ sağlığında ikən iki oğlu qətlə yetirilən dərdli bir ana hesab etmək olar. Roza  Fitscerald-Kennedi 1890-cı ildə Massaçusets ştatının varlılar yaşayan Boston rayonunda anadan olub. Roza ailənin 6-cı övladı idi. Rozanın atası Con Fitscerald irland-ingilis mənşəli idi və iki dəfə Senata seçilmişdi. O tanınmış konqresmen, alovlu siyasətçilərdən hesab edilirdi. Con Fitscerald iki dəfə Boston şəhərinin meri seçilmişdi. Rozanın uşaqlıq illəri katolik ailəsində keçdiyindən onu ailədə dindar böyütməyə, təhsil verməyə çalışmışdılar. Roza kilsə məktəbini bitirmişdi. 16 yaşı olanda isə Hollandiyadakı orta təhsil verən kilsə məktəbində təhsilini tamamlamışdı. Roza uşaqlıqdan bir o qədər də gözəlliyi ilə yaşıdlarından fərqlənmirdi. Rozanın 16 yaşı olanda atası Con onu və bacısı Aqnesi özü ilə ABŞ-ın o dövrdəki prezidenti Uilyam Mak-Kinlinin qəbuluna aparmışdı. Roza ilə müqayisədə Aqnesi qəbulda daha səmimi qarşılayan prezident Mak-Kinli : "Siz bu günə kimi Ağ Evə qədəm qoyan ən gözəl qızsınız",-deyə onu tərifləmişdi. 

Prezidentin bacısı Aqnesi tərifləməsi Rozaya olduqca ağır təsir göstərmişdi. O tərifə görə bacısına paxıllıq etmirdi, sadəcə olaraq, uşaq ağlı ilə anlayırdı ki, gözəl olmadığı üçün həyatda hər şeyə yalnız zəhməti ilə çatmalı olacaq.  Orta təhsil alandan sonra Roza sənədlərini elit təbəqənin övladlarının təhsil aldığı məşhur Uelsli Humanitar Elmlər Kollecinə verdi. Lakin o bu məktəbə daxil ola bilmədi. Qızının ali kilsə təhsili almasını arzulayan ata Con onu Boston katolik monastırının nəzdindəki kollecdə oxumağa məcbur etdi. Sonralar Roza dəfələrlə dünyəvi təhsil ala bilməməsindən təəssüfləndiyini bildirmiş və hər dəfə də onu zorla kilsə təhsili almağa məcbur edən atasından gileylənmişdi.

Atlantik sahillərində tanışlıq

Rozanın 17 yaşı olanda atası Con ailəsini Atlantik okeanı sahillərindəki məşhur Old-Orçard-Biç kurort şəhərinə dincəlməyə apardı. İş elə gətirdi ki, Fitsceraldın ailəsi Kennedi ailəsi ilə qonşuluqda ev tutdu. Bu təsadüfi qonşuluq Rozanın gələcək həyatının müəyyən edilməsində ona bəxş edilən talenin bir qisməti oldu. Kennedilər ailəsinin gənc 19 yaşlı oğlu Cozef Rozanı görən kimi ona vuruldu. Halbuki Roza digər bacıları kimi bir o qədər də gözəl hesab edilmirdi. Gənc oğlanın  gözəl olmayan Rozaya vurulması Kennedilər ailəsində də birmənalı qarşılanmamışdı. Onlar Cozefin nəyə görə Rozaya vurulmasının səbəblərini anlamaqda çətinlik çəkiridlər. Kennedi ailəsi Roza ilə müqayisədə daha zərif və şirin təsir bağışlayan Aqnesin öz gəlinləri olmasını, bəlkə də, daha çox arzulayırdılar. Kennedilər ailəsi ilə həmin dövrdə Aqnes arasında olduqca isti münasibətlər formalaşmışdı. Ancaq Cozef üçün Roza Aqnesdən daha gözəl və təmizqəlbli qız təsiri bağışlayırdı. Roza da, əvvəlcə, gözəl olmadığı üçün Cozefin ona vurulmasını adi bir imkanlı gəncin şıltaqlığı kimi qəbul etmişdi. Lakin Cozefi daha yaxından tanıyandan sonra Roza anladı ki, o, gələcək həyat yoldaşının gözəl qadın olmasını arzulamır və gözəlliyin ərə xəyanət gətirə biləcəyindən ehtiyat edir. Həmin dövrdə Cozefin Rozaya vurulmasını və qızlarını haraya getsə müşayiət etməsini Fitsceraldlar ailəsi həzm edə bilmirdi. Onlar Cozef Kennedinin qızları üçün layiqli ər ola biləcəyinə inanmırdılar. Ona görə də Con Fitscerald Cozeflə Rozanın ailə həyatı qurmasının əleyhinə idi. Onlar hər vasitə ilə Rozanın Cozeflə münasibətlərini kəsməsinə çalışırdılar. Buna nail olmadığını görən Ata Con Fitscerald Roza ilə açıq söhbət etmək qərarına gəldi. Con Fitscerald: "Qızım Cozefdən sənə ər olmayacaq. Onun ürəyi səndə, gözləri isə kənardadır. O, ailəyə sədaqətli ər olmayacaq, xəyanət edəcək. Bunu öncədən bilməyən yaxşıdır. Ər həyat yoldaşına xəyanət edəcəksə, onda ailədə hüzur olmayacaq. Nə qədər gec deyil, Cozefdən kənar durmağın məsləhətdir", - dedi.

Roza atasına cavabında: "Cozefdə heç xoşunuza gələn müsbət bir cəhət tapa bilmirsinizmi?" - deyə soruşdu.

Con Fitscerald isə Cozef Kennedinin ən müsbət cəhətinin əməksevər olduğunu  söylədi: "Cozef zəhmətdən  qorxmur, işləməyi sevir, tənbəl deyil, ambisiyalıdır. Bu ona cəmiyyətdə yüksək yer tutmağa imkan verəcək. Ancaq ondan sədaqətli ailə başçısı çıxmayacaq. Ona görə də ailə həyatının öncədən zəhərə dönməsini, əzab-əziyyət çəkməyini istəmirəm!"

Əslində Con Ftscerald uzaqgörən bir adam idi və o gözəl Cozefin istənilən məclisdə qadınların diqqət mərkəzində olacağını anlayırdı. Hər halda dəfələrlə bunun da şahidi olmuşdu. Ərin ailəyə xəyanət etməsinin də onun həyat yoldaşını dərdə salacağını və ya xəyanətə əl atmağa məcbur edəcəyini də bilirdi. Ona görə də qızının gələcəkdə ərinin xəyanətinə görə əzab çəkməsini və ya ona xəyanət etməyə məcbur olmasını arzulamırdı.

Roza atasının son sözləri qarşısında sussa da, Cozefə olan məhəbbətini qəlbindən çıxara bilmədi. O, gənc və gözəl olan bu oğlanla rastlaşmasını talenin xoş bir hədiyyəsi hesab edirdi. Bununla belə, Cozef və Roza uzun müddət ailə həyatı qura bilmədilər. Buna səbəb isə hər iki ailənin bu izdivaca mane olması oldu. Hər iki ailənin gəncləri ayırmaq istəməsinə  baxmayaraq, onlar görüşməkdə davam edirdilər. Cozef Rozanın yanından ayrılmır, onunla mütəmadi olaraq görüşürdü. Nəhayət, 7 illik əzablı tanışlıqdan sonra, 1914-cü ildə Roza və Cozef bütün tərəddüdlərə son qoyaraq ailə həyatı qurdular. Valideynləri razı olmadıqlarından onların toyları olduqca sakit və təmtəraqsız şəraitdə keçdi. İlk illərdə Roza və Cozef özlərini olduqca mehriban aparırdılar. Hətta onların ailədə belə xoşbəxt olmaları onların izdivacını arzulamayan valideynləri tərəfindən belə qəribə qarşılanmışdı. Təzə ailə quran zaman Cozef Kennedinin ildə 10 min dollar gəliri olurdu. Bu pul o vaxt üçün böyük məbləğ hesab ediliridi. Cozef olduqca çalışqan, sahibkarlıq fəaliyyətinə ciddi yanaşan olduğundan onun gəlirləri sürətlə artmaqda davam edirdi.  Ailə həyatı qurduqdan on il sonra Cozef artıq ABŞ-ın multimilyonerlərindən birinə çevrilmişdi.  Roza  Cozefə 9 övlad bəxş etdi. Gələcəyin prezidenti olacaq Con ailənin ikinci övladı idi.

Ailə əzabları

Con Fitsceraldın öncədən dedikləri doğru çıxdı. Cozefin getdiyi elit məclislərində yüzlərlə qadın pərəstişkarı olurdu və o, tədricən Rozaya xəyanət etməyə başladı. Cozef evə gec-gec-gəlməyə başladı. Bütün bunlar isə Rozanı üzməkdə idi. Cozef özü də həyat yoldaşına xəyanət etdiyini gizlətmirdi. Onun məşhur kinoaktrisa Qloriya Svenson ilə münasibətdə olduğu bütün Amerikada dillər əzbəri idi. Buna dözməyən Roza dördüncü uşağını dünyaya gətirməsi ərəfəsində ər evini tərk edərək doğma ata evinə qayıtdı. O bu hərəkətinin atası tərəfindən təqdirlə qarşılanacağını gözləyirdi. Lakin onun gözlədiyinin əksi oldu. Ata Con: "Qızım, sənə öncədən xəbərdarlıq etmişdim, Cozefdən ər çıxmayacaq. Bu yolu özün seçdin, sözümə baxmadın. İndi mən nə etməliyəm, ailənimi dağıtmalıyam? Bir də kilsə qanunlarına əsasən, ər sənə xəyanət etsə belə ondan ayrıla, boşana bilməzsən. Boşana bilmədiyin halda yenidən ailə həyatı da qura bilməyəcəksən. Ona görə də yaxşısı budur, ailənə qayıt, onun xəyanətinə döz, başqa çıxış yolun yoxdur",-dedi.

Belə bir vəziyyətdə Rozanın yenidən ər evinə qayıtmaqdan başqa çarəsi qalmadı. Amma onun ailə əzabları davam edirdi. Roza hər gün Cozefin kiminləsə ona xəyanət etdiyi barədə xəbər eşidirdi. Belə bir vəziyyətdə o bütün mehrini uşaqlarına salmışdı, xüsusilə Roza Conu çox sevirdi.  
"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/397892.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR