Britaniyada “Lumiere London” festivalı başlayıb

08:18 15 Yanvar 2016
13 Digər
Ölkə mətbuatı
A- A+


London, 15 yanvar, AZƏRTAC 
Böyük Britaniyanın paytaxtında “Lumiere London” adlı ışıq və incəsənət festivalına start verilib.
Festival London Şəhər Meriyasının və “Heart of London” kimi bir çox sənət və biznes təşkilatlarının dəstəyi ilə “Artichoke” incəsənət şirkəti tərəfindən paytaxtda ilk dəfə olaraq təsis edilib. Festivalın məqsədi London şəhərinin landşaftını yenidən insanların təxəyyülünə gətirmək, şəhərə daha çox turist cəlb etmək, havaların soyuq olması ilə əlaqədar sakit görünən şəhər mərkəzini canlandırmaqdır.
Festival çərçivəsində Londonun ən məşhur küçələrində işıqlardan dizayn edilmiş incəsənət əsərləri nümayiş etdirilir. Ödənişsiz olan festivalda iştirak edənlər paytaxtın məşhur küçələrini fərqli işıqlandırma altında seyr etmək imkanı əldə edirlər.
Londonda ilk dəfə keçirilməsinə baxmayaraq, “Lumiere” festivalı 2009-cu ildən Britaniyanın bir çox şəhərlərində baş tutub və turist sayının artırılmasında böyük rol oynayıb.
Festivalda London merinin təhsil və mədəniyyət üzrə müavini Munira Mirza və “Heart Of London” biznes alyansının nümayəndəsi Karen Baines tədbir ilə bağlı fikirlərini AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşüblər. Qeyd edilib ki, “Lumiere London” festivalı paytaxtın gözəlliyini qlobal səviyyədə əks etdirmək baxımından böyük əhəmiyyət kəsb edir. Həmçinin Londonda biznesin inkişafına dəstək olur. Festival müddətində alış-veriş mərkəzləri, restoranlar turist axınından faydalanaraq bir çox kampaniyalara başlayıblar. Diqqətə çatdırılıb ki, londonlular üçün gözəl hədiyyə olan bu festivalı dünyanın müxtəlif şəhərlərində keçirmək istəyənlərə Britaniya şirkətləri dəstək verməyə hər zaman hazırdır.
Festival yanvarın 17-dək davam edəcək.
 
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Britaniyada_Lumiere_London_festivali_baslayib-918641

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR