Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Diplomatiyamız təlatümlər içində...

Diplomatiyamız təlatümlər içində...

Date: 15 January 2016 10:32

Bəziləri bu yazını Xarici İşlər Nazirliyinin işinin təriflənməsi kimi qəbul edə bilər, amma o, reallıqlara söykənən obyektiv baxış üzərində qurulub.

Bir neçə gün öncə Xarici İşlər Nazirliyimiz tərəfindən 2015-ci ilin yekunları ilə əlaqədar mətbuat xülasəsi təqdim olundu. Sənədlə tanış olduqda anlamaq olur ki, ölkə başçısının rəhbərliyi altında ziddiyyətlərlə dolu dünyada Azərbaycanın sözün əsl mənasında müstəqil xarici siyasət yürütdüyü bir daha görünür. Formal olaraq, bütün dövlətlərin XİN-i olsa da, heç də hər bir dövlət hər zaman müstəqil xarici siyasət həyata keçirmək iqtidarında olmur.

İctimaiyyət isə diplomatiyanın yalnız rəsmi, üzdə olan tərəfini görür. Deyilənlərə və müəyyən bilgilərimə görə, səhnə arxasında diplomatiya çox eybəcərdir. Məşhur Hollivud filmlərinin birində Al Paçinonun dediyi kimi, bu döyüşdə qələbələr görünmür və ya qələbədən danışmaq qəbul edilmir. Lakin burada kiçik bir səhv belə ölkənin taleyi, nüfuzu hesabına başa gələ bilər. Sasani-Bizans, Qızıl Orda və Teymurləng, Osmanlı-İran, İran-Rus və Rus-Osmanlı qarşıdırmalarının savaş meydanına çevrilən, 1920-ci ildə müstəqilliyini itirən və 70 illik zülmə tabe olan Azərbaycan diplomatiya səhvlərini, acılarını çox yaşayıb. Azərbaycanı Teymurləng, Qızıl Orda və Osmanlı tapdağından qurtaran Şirvanşah İbrahim və daha sonra Sara xatun kimi görkəmli şəxsiyyətlərin dövrünün uğurlu diplomatik təcrübələri də var.

XİN-in hesabatında da etiraf edildiyi kimi, son dövrlər dünyanın siyasi və hərbi müstəvisində sakitliyin nəzərəçarpacaq dərəcədə pozulması, qlobal geosiyasi mühitdə, xüsusən də regionda baş verən hadisələr dövlətlərarası ikitərəfli münasibətlərdə gərginlik yaratmaqla bərabər, onsuz da kövrək olan sabitliyin itirilməsi ilə müşahidə edilir. Yaxın Şərqdə davam edən müharibələr, islam dünyasındakı məzhəb çəkişmələrinin daha da qızışdırılması, Rusiya-Türkiyə münasibətlərinin minimuma endirilməsi, İranla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin kəsilməsi və bir sıra müsəlman ölkələrinin bu prosesə qoşulması Azərbaycan diplomatiyasını çətin sınaqlar qarşısında qoyur. Azərbaycan artıq rəsmi şəkildə Rusiya ilə Türkiyə arasındakı gərginlikdən, Səudiyyə Ərəbistanı ilə İran arasında yaranmış qarşıdurmadan narahat olduğunu ifadə edib. Prezident İlham Əliyev isə Azərbaycanın regional sülh və təhlükəsizlik naminə bundan sonra da sabitləşdirici mövqedən çıxış edəcəyini vurğulayıb.

Ölkəmizin xarici siyasətinin əsas prioriteti olan ərazi bütövlüyünün bərpa edilməsi, həmçinin Ermənistanın işğalçılıq siyasətinin dünya birliyi tərəfindən tanınması istiqamətində diplomatiyamızın qarşısında duran vəzifələrin uğurla yerinə yetirilməsinə mane olan faktorlar arasında, heç şübhəsiz, böyük dövlətlərin öz maraqları naminə apardıqları "soyuq müharibə" ön sırada durur. Müxtəlif cəbhələrdə düşmənlə və onun havadarları ilə mübarizənin aparılması, əsrlər boyu formalaşmış erməni diasporunun fəaliyyətinin xeyli zərərsizləşdirilməsi prezident İlham Əliyevin rəhbərliyi altında gündəlik xarici siyasəti həyata keçirən qurumların fədakar əməyi sayəsində mümkün olur.

Dünya iqtisadiyyatında müşahidə olunan qlobal böhranın fonunda enerji daşıyıcılarının qiymətlərinin kəskin aşağı düşməsi, ABŞ və Avropa İttifaqının son dövrlər Azərbaycana qarşı qərəzli fəaliyyətinin artması, rəsmi Moskvanın Ermənistanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyi qərara alması və S-400 raketdənmüdafiə sistemləri də daxil olmaqla müxtəlif təyinatlı silahları İrəvana göndərməsi, İran xüsusi xidmət orqanlarının dəstəyi ilə Bakının Nardaran kəndində ictimai asayişin pozulması və iğtişaşların törədilməsinə cəhd edilməsi Azərbaycan üçün yeni təhlükələr meydana çıxarıb. Bununla yanaşı, regionda baş verən hadisələr, o cümlədən Qərbin birbaşa dəstəyi ilə bir sıra postsovet ölkələrində həyata keçirilən "rəngli inqlablar" ssenarisi bu coğrafiyada separatizm meyllərini gücləndirməklə yanaşı, dövlətlər arasında mehriban qonşuluq ənənələrinə zərbə vurub. Gürcüstan və Ukraynada baş verən rəngli inqilablar nəticəsində Azərbaycan və Moldovadan sonra keçmiş Sovet İttifaqı dövlətləri arasında ərazi bütövlüyü pozulmuş ölkələrin sayı artıq dördə çatıb. Lakin Azərbaycanın apardığı siyasətin nəticəsi odur ki, Cənubi Osetiya və Krımdan fərqli olaraq, dünyanın heç bir dövləti Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayıb. Nəinki tanımayıb, ümumiyyətlə siyasi-diplomatik və hərbi cəbhədəki təşəbbüs Azərbaycanın əlindədir. Hətta Dağlıq Qarabağ işğal etmiş Ermənistanın özü belə onun müstəqilliyini tanımaqdan çəkinir.

Ölkəmizə dolayısı ilə təsir edən təhlükələrə gəldikdə isə, qeyd etmək lazımdır ki, "Ərəb baharı" nəticəsində Yaxın Şərq və Şimali Afrikada stabilliyin pozulması toqquşmalar, vətəndaş müharibələri və ən təhlükəlisi - radikal dini qrupların fəaliyyətinin güclənməsi ilə müşayiət edilir.  "İŞİD" kimi din adından istifadə edən radikal terror qrupun özünü "İslam dövləti" adlandırıb, İraq və Suriyada böyük əraziləri ələ keçirməsi məhz Qərbin "demokratiya ixracı"nın yekunu kimi adıçəkilən dövlətlərdə mərkəzi hakimiyyətlərin zəifləməsi nəticəsində baş verib. Hazırda belə radikal qrupların mövcudluğu bütün müsəlman dövlətlərində hiss edilir və  onlar şəriət dövləti qurmaq adı altında ekstremist fəaliyyətə cəhdlər edirlər. Eyni zamanda, bəzi müsəlman ölkələrinin məzhəb savaşına qoşulması və bu təhlükəli fəaliyyətin digər müsəlman dövlətlərinə ötürülməsinə cəhdlərin göstərilməsi islam dünyasında artıq yeni mənzərə yaradıb.  Azərbaycan Yaxın Şərqi bürümüş sünni-şiə qarşıdurmasından və ötən ilin dekabrında yaradılmış "İslam dövləti" terror qruplaşmasına qarşı islam ölkələrinin hərbi alyansından mümkün qədər uzaq durmaq siyasəti yürüdür və təcrübə göstərir ki, o, belə mövqe sərgiləməkdə doğru yol tutub.

Təəssüflə qeyd edilməlidir ki, Ermənistan 25 ilə yaxındır ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır. Ermənilər tərəfindən azərbaycanlı dinc əhaliyə qarşı soyqırım törədilib, xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi hələ də yerinə yetirilməyib, beynəlxalq normalar pozulub. Həmçinin, digər beynəlxalq təşkilatların - Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri icra edilmir. Nəticə etibarilə Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur. İşğalçı Ermənistan və qondarma "Dağlıq Qarabağ Respublikası"nın rəhbərlərinə sanksiyalar tətbiq etmək əvəzinə dünyanın aparıcı ölkələri onları öz ölkələrinə dəvət edir, qanunsuz telemarafonlar keçirib vəsait toplamalarına, "nümayəndəliklər" açmalarına şərait yaradırlar. ABŞ, Fransa və Rusiyanın təmsil olunduğu ATƏT-in Minsk qrupu isə təəssüf ki, müxtəlif danışıqlar aparmaqdan və bütün məsuliyyəti münaqişə tərəflərinə həvalə etməkdən irəli gedə bilməyib.

Bütün bu təlatümlərə, 17-ci əsr ingilis filosof-materialisti Tomas Hobbsun təsvir etdiyi kimi, "hamının hamıya qarşı müharibəsi" şəraitində Azərbaycan dayanıqlı və ardıcıl xarici siyasət yürütməklə geosiyasi mənzərəyə pozitiv impulslar verməkdə davam edir, bölgənin ümumi təhlükəsizliyinin təmin edilməsi, enerji layihələrinin reallaşdırılması, regional inteqrasiyanın həyata keçirilməsi, nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsində həlledici rol oynayır.

Ən vacibi isə odur ki, ağır da olsa, Azərbaycanın gənc, amma peşəkarlığı ilə seçilən diplomatiyası ölkə başçısının rəhbərliyi altında bu çətin və keşməkeşli "Makiavelli dünyası"nda bir qalxan, bir sipər kimi ölkəmizin sabitliyi və təhlükəsizliyini xaricdən olan hədə və təhdidlərdən qoruya bilir.

Pünhan Mirzə

Milli.Az


Tags:  Diplomatiyamız təlatümlər içində


RƏYLƏR


Top news