Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanı saxta dərmanla zəhərləyən şəbəkə

Azərbaycanı saxta dərmanla zəhərləyən şəbəkə

Date: 15 January 2016 11:31

Rəsmi və qeyri-rəsmi rəhbərləri süni qiymət artımına görə tutulmuş "Alfa med" MMC bir vaxtlar Azərbaycanın dərman bazarının 20 faizinə qədərinə nəzarət edirdi.

ANS PRESS- ə bu barədə dərman bazarına yaxın mənbə “Alfa med” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qaldırılmış cinayət işini şərh edərkən bildirib: "Bu, əsasən yaxın qohumların işlədiyi bir ailə şirkətidir. Bu sektorda olan bəzi şirkətlər kimi onlar da təsiredici maddələrin faizin azaltmaqla dərmanları saxtalaşdırırdılar. Əsasən siroplar və antibiotiklər satan bu firma da həkimlərlə sövdələşmədən geniş istifadə edirdilər - xəstələrə lazımlı-lazımsız bahalı antibiotiklər yazırdılar. Buna görə də dərmanların qiymətini dəfələrlə artırırlar".


“Alfa med”də külli miqdarda gömrük bəyannaməsi olmayan dərmanlar aşkar olunub


Baş Prokurorluğun mətbuat xidmətinin iki gün öncə yaydığı xəbərə görə, Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi 31C ünvanında yerləşən “Alfa med” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə meneceri İbadulla Hüseynov tərəfindən “Grateziano” dərman vasitəsinin dəyərindən dəfələrlə artıq qiymətə satması müəyyən edilib.

Cəmiyyətin ambarına aparılmış baxış zamanı külli miqdarda gömrük bəyannaməsi olmayan dərmanlar aşkar olunub.

Eyni zamanda, şirkət tərəfindən 48 adda külli miqdarda müxtəlif dərman və tibbi ləvazimatlar aşkar edilib, həmin dərmanların Tarif Şurası tərəfindən müəyyən olunmuş qiymətlərdən daha artıq qiymətə satılması müəyyən edilib.

“Alfa med” MMC-nin ofisinə baxış zamanı bir sıra zəruri sənədlər, dərman nümunələri, həmin dərmanların müvafiq sənədləşmə olmadan satışının həyata keçirilməsi, müxtəlif şəxslər vasitəsi ilə qanunsuz olaraq satılması, şirkətdə qara muhasibatlığın aparılmasına dair mühüm əhəmiyyət kəsb edən kitablar və digər qeydlər aşkar edilərək götürülüb.

Toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 308.1 və 200.1-ci maddələri ilə cinayət işi başlanmaqla “Alfa med” MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyev və İ.Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Hazırda cinayətkar şəbəkənin digər üzvlərinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Akif Çovdarov - keçmiş MTN-in həbs edilmiş generalı


ANS PRESS-ə məlumat verən mənbə dərmanların bahalı olduğu dövrdə “Alfa med”in bazarın əhəmiyətli hissəsinə nəzarət etməsini bəzi yüksək çinli dövlət məmurları tərəfindən verilən qeyri-rəsmi dəstəklə izah edir. Bəzi KİV-lərin yazdığına görə, “Alfa med” keçmiş MTN-in həbs edilmiş generalı Akif Çovdarov tərəfindən himayə edilir.

Tags:  Azərbaycanı saxta dərmanla zəhərləyən şəbəkə


RƏYLƏR


Top news