"Adıma 2 milyon kredit götürüb, məni də ölümlə hədələyir"

"Adıma 2 milyon kredit götürüb, məni də ölümlə hədələyir"
12:05 15 Yanvar 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Ehtiyatda olan zabit uzaq qohumu üçün öz adına kredit götürdüyündən ölkədən qaçmağa məcbur olub.

Milli.Az bildirir ki, bu barədə zabit Ruslan Abbasov Qafqazinfo-ya müraciətində bildirib. R.Abbasov bildirib ki, birlikdə tikinti işləri ilə məşğul olduğu Rəfael Qarayev üçün 2014-cü ilin avqust ayında "Bank Standart"dan 2 milyon dollar kredit götürüb: "Rəfalin bacısı əri Samir Əliyev həmin bankda kredit şöbəsinin müdiri idi. Bütün sənədləri o həll etdi. Rəfael mənə dedi ki, onun adına kredit olduğu üçün götürə bilmir. Mən sadəcə gedib qol çəkdim, pulu da Rəfael götürdü. Girov kimi özləri bir villanı yazmışdlar. Həmin villa da 300 min dollar dəyərindədir. Rəfael Qarayev, Samir Əliyev, Cəlal Fərəcullayev və Elbrus adlı şəxs Yasamal rayonu, H.Cavid prospektində yaşayış binası tikməyə başladılar. Mən də orada ərazidə olan tikililərin sökülməsi və daşınması işini həyata keçirdim. Buna görə də 100 min dollar xərcim çıxdı. Amma onlardan bu pulumu da ala bilmədim".

Ruslan Abbasov deyib ki, götürülən kredit ödənilmədiyi üçün bankdan müraciətlər edilməyə başladıqla ortaqları onu ölümlə hədələməyə başlayıblar: "Sonra mən öyrəndim ki, 2 milyon kreditdən heç nə ödənilməyib. Dollar qalxandan sonra da həmin pul indi 4 milyon manat olub. Bank o zaman krediti məndən tələb edəndə Rəfaelgilə dedim ki, pulu ödəyin, yoxsa sizdən şikayət edəcəyəm. Rəfael Qarayev də mənə şikayət edəcəyim təqdirdə öldürəcəkləri ilə hədələdi. Adını çəkdiyim Elbrus adlı şəxsin qardaşı Niyaməddin də adam öldürməyə görə hazırda türmədə yatır. Yəni, bunların hədəsi elə-belə deyil. Bunlar məni hədələyəndən sonra evimin qarşısında naməlum maşınlar saatlarla dayanırdı. Mən də artıq həyatıma təhlükə hiss etdiyim üçün baş prokuror Zakir Qaralova təhlükəsizliyimin təmin olunması üçün müraciət etdim. Lakin mənə heç bir cavab verilmədi, buna görə də məcbur olub ölkədən çıxdım. Hazırda Türkiyədə qalıram, ailəm isə orada qalıb. Onların da həyatına təhlükə var. Adını çəkdiyim şəxslərin məni ölümlə hədələməsi barədə səs yazıları da, telefon danışıqları da, yazışmalar da var. Hamısını hüquq-mühafizə orqanlarına təqdim etmişəm. Amma heç bir addım atılmır. Mən də burada küçələrdə qalmışam".

R.Abbasov hüquq-mühafizə orqanlarından işin araşdırılaraq aydınlaşdırılmasını, onun və ailəsinin təhlükəsizliyinə dövlət təminatının verilməsini xahiş edir.

Qarşı tərəf isə ittihamlara cavab verib. Rəfael Qarayev bildirib ki, Ruslan Abbasovun dedikləri şayiədir: "Ruslan o vaxt da məndən polisə şikayət etmişdi. Binəqədi Rayon Polis İdarəsində bu məsələ araşdırıldı və bəlli oldu ki, yalandır. Əgər onun krediti götürüb mənə verdiyinə dair hər hansı bir sənədi, sübutu varsa, sizə təqdim etsin. Kreditlə bağlı hər hansı problemi də varsa, bunu bankla həll etsin. Bu məsələnin mənə heç bir aidiyyatı yoxdur".

R.Qarayev Ruslan Abbasovu hədələmədiyini də deyib: "İndiki zamanda kim kimi ölümlə hədələyə bilər ki? Yalandan sözdür də, deyir".



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/398138.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR