Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Rusiya Qarabağa qoşun yeritməyin yollarını axtarır"

"Rusiya Qarabağa qoşun yeritməyin yollarını axtarır"

Date: 15 January 2016 13:52

"Rusiya İrana qədər tranzit şəbəkəsini genişləndirmək istəyir, lakin bu, ağır olacaq. Xüsusilə Qafqaz bölgəsi Moskvanın qarşısında maneədir".

Milli.az Publika.az-a istinadən bildirir ki, bu barədə ABŞ kəşfiyyatının "kölgəsi" hesab olunan "Stratfor" mərkəzi yazıb.

Məqalədə qeyd olunur ki, Tehran və Moskva Qafqaz bölgəsini maneə olaraq aradan qaldırmaq üçün səylərini birləşdirəcəklər: "Onlar başqa böyük dövlətin bu bölgədə olmağını istəmirlər. Hələlik, Rusiya Cənubi Qafqaz vasitəsilə İrana iki yol açmağı bacarıb. Birincisi, Xəzər dənizinin sahil boyunca Azərbaycandan, ikincisi isə Gürcüstanın ərazisinə daxil olan dağlardan keçir. Birinci yol Azərbaycan və İran arasındakı tarixi gərginliyə görə bağlanıb. İkinci yol isə qış vaxtı keçilməz olur və avtomobillər gedə bilmir. Buna görə də Rusiya, İran və Ermənistan quru ticarət yolunun genişləndirilməsinə çalışırlar".

Mərkəz yazır ki, bu problemlərə görə son iki ildə Rusiya İrana daha etibarlı nəqliyyat dəhlizi tapmağa çalışır: "Variantlardan biri kimi Xəzər sahilindən keçən dəmir yolunun tikintisinə baxılır. 2014-cü ilin sonunda Rusiyanın istismar olunan dəmir yolları İranın dəmiryol şəbəkəsi ilə birləşdi. Burada birləşdirici nöqtələr Qazaxıstan və Türkmənistan ərazisindən keçirdi. Tehran həmin vaxtdan başlayaraq İran Astarasına qədər uzanan Qəzvin-Rəşt dəmir yolunu çəkməyə başlayıb. Tikinti tamamlanandan sonra bu yol Azərbaycanın dəmir yolu sistemi ilə birləşdiriləcək və Rusiyaya çıxış əldə edəcək. Amma hərbi texnikanı keçirmək üçün Rusiyaya avtomobil yolu lazımdır. Bu variant isə avtomobil yolu üçün sərfəli deyil. Azərbaycan və Türkmənistan öz ərazilərindən hərbi texnikanın daşınmasına icazə vermirlər. Bu baxımdan, Rusiya alternativ dəhlizləri tapmaqdan ötrü fəaliyyətini genişləndirir. Mümkün variantlardan biri Şimali Qafqazdan Cənubi Osetiyaya qədər yolun çəkilməsidir ki, bu da Gürcüstan və Azərbaycan limanları ilə birləşən "Şərq-Qərb" avtomobil magistralına qoşula bilər. Digər variant Şimali Qafqazın Alagir şəhəri ilə Gürcüstanın Qori şəhəri arasında 160 kilometrlik dəmiryolu xətti tikməkdir. Bu, Rusiyanın Cənubi Qafqazın bütün ölkələrinə çıxışını asanlaşdıra bilər.

Daha bir variant isə Gürcüstandan qopardılmış Abxaziya ərazisindən keçən dəmiryolu xəttidir. Lakin ağlasığmazdır ki, rəsmi Tiflis nə vaxtsa Rusiyaya bunu reallaşdırmağa icazə versin".

"Stratfor" qeyd edir ki, bütün maneələrə baxmayaraq, Moskva və Tehran öz niyyətlərindən imtina etmir.

Məqalədə Cənubi Qafqazın tranzit şəbəkəsi uğrunda mübarizənin artdığı vurğulanır.

"Qafqazda Rusiyanın mövcudluğuna maneələr böyüyüb və hərbi eskalasiya üçün potensial şərait yaranıb. Moskva tranziti həm də ona görə ələ almaq istəyir ki, baş verə biləcək konfliktlərə dərhal müdaxilə edə bilsin. Belə təhdidlərdən biri Azərbaycan və Ermənistan arasında ola bilər. Qarabağ münaqişəsi potensial müharibə təhlükəsi ilə çox yüklənib. Bu baxımdan, Cənubi Qafqazın nəqliyyat dəhlizlərini ələ almaq Rusiyaya həm də Qarabağda müharibə olacağı təqdirdə bölgəyə daha böyük hərbi güc transfer edə bilmək üçün vacibdir. Lakin Azərbaycan, Türkiyə və Gürcüstan arasında yüksələn hərbi əməkdaşlıq bölgədə əsas gücə çevrilməkdədir. Dolayısı ilə bu NATO-nun da bölgəyə nüfuz etməsinə imkan yaradır. Belə bir vaxtda İranla Rusiya da Qərb qarşı bölgədə möhkəmlənmək niyyətindədir", - deyə "Stratfor" qeyd edir.


Tags:  stratfor rusiya iran tranzit qafqaz tranzit


RƏYLƏR


Top news