Onu sevməyə borclu deyilsiniz

Onu sevməyə borclu deyilsiniz
13:59 15 Yanvar 2016
37 Digər
Ölkə mətbuatı
A- A+

Heç vecinizə də almayın. O qədər ümid bəslədiyimiz illər zay çıxıb ki! Eyib etməz, bu dəfə də ilə naümid başlayaq, görək axırı necə olur...

 

Deyəsən yaş özünü büruzə verir, xatirə danışıram. Amma çox da qədimlərə getməyəcəyəm. Nə zamansa valideynlər bədbinliyə qapılıb “Eh, biz oxuyub neylədik ki, uşaq da oxuyub neyləsin”, “mənim diplomum var, nə olsun ki” deyə-deyə, uşaqları dəftər-kitabdan soyutdular. Sonra da qiymət üçün uşaqların ayağı müəllim qapısını yağır elədi. Beləcə, xətir-hörmət aradan götürüldü, müəllimin sehri dağıldı. Sonrası da bəlli...

 

Böyük çıxmasın, demək istəyirəm ki, böyüklərimizin səhvini təkrarlamayın. Mən valideyn deyiləm, irad tuta bilərsiniz ki, “danışmağa nə var...”

 

Amma mən xalayam. Xala olmayanlar bu adın təlqin etdiyi hissləri anlamaz. Elə mən özüm, ta xala olana qədər elə bilirdim xala o kəsdir ki, sənə baxanda “ay allah, bu nə qəşəngdir, gör xalası bunun toyunda neyləyəcək!” deyib, “get, get bacılarla oyna, biz bir az ananla söhbətləşək” deyib səni anandan ayıran, danışmağına imkan verməyən adamdır.

 

Bacımın oğlu dünyaya gələndən sonra anladım ki, xala olmağın da öz məsuliyyətləri var. Həmən qollarımı çırmayıb bir yaşına ona böyük bir tablo hədiyyə etdim. Çərçivənin içində onu ilk gördüyüm andan tutmuş, bir yaşına qədər olan bütün ilklərinin kollajını hazırladım. Bu günə qədər divardan asılıb. Bununla o hər dəfə bizim üçün nə qədər dəyərli olduğunu, üstəlik, həyatda heç bir hərəkətin ötəri olmadığını, bütün ilklərin beləcə, çərçivəyə salınıb onu izləyəcəyini anlayıb. Başa düşüb ki, ömrü boyu səhvləri də, düzləri də yolunun üstündə dayanacaq... Bütün ilklər qalıcıdır...

 

Amanın günüdür, psixoloqlara uyub “nə olur-olsun, səni sevirəm” oyununa gəlməyin. Bizi qarşıda çətin günlər gözləyir, uşağı qarşılaşacaqlarına indidən hazırlayın. Başa salın ki, övladınızdır deyə onu sevməyə borclu deyilsiniz. Sevilməli cəhətlərini sadalayıb, onu niyə sevdiyinizi izah edin. Uşaq indidən niyə sevildiyinin səbəbini bilsin. İndidən sevgiyə layiq olmaq gərəkdiyini öyrənsin. Sevgi qarşısında məsuliyyətini dərk etsin. Sevgi üçün əmək verməyin lazım olduğunu anlasın. Və sevimli olmağın sirrinə bələd olsun. Yoxsa sonunda işıq görünməyən bu tuneldə ərköyün, özünəvurğunların sayını artırmayın.

 

Uşağa “qurban olum” deməyin. Onun gözündə zavallı görünürsünüz. Onsuz da qurban olan deyilsiniz, olsaydınız, ilin-günün bu vaxtı övlad dünyaya gətirməzdiniz. Gizlətsəniz də, ürəyinizin lap dərinliklərində bilirsiniz ki, o özü qurbandır. Sizin yarımçıq qalan arzularınızı həyata keçirməyə məhkum olan qurban. Nə qədər uşağı “qurban olum”la böyüdüb, axırda “filan qızı almasan özümü öldürəcəyəm” deyən analar gördük... Yəni uşağın başını aldatmayın! Ən böyük qurban o körpə özüdür! Şərqdə, bir dəstə müsəlmanın arasında dünyaya gələn körpə!

 

“Qurban olum”dansa, sadəcə, arada bir, təbii ki, layiq olanda onunla fəxr etdiyinizi deyin. İnsan yetişdirmək üçün bu kifayətdir.

 

Robotu insana çevirməyi bacarmayan alimlər, insanların hisslərini öldürək, onları robota çevirək deyiblər. Nəticədə, biz yaranmışıq. Bütün dünya uğurla robotlaşıb. Baxın, heç birimiz başımızı ovcumuzdakı dünyadan ayırmırıq. Texnologiya “ağıllandıqca”, biz ağlımızı itiririk. Övladınızı robotdan insana çevirin! Yolu çox sadədir – onunla birlikdə kitab oxuyun. Mütləq birlikdə oxuyun. Həm nitqi, danışıq mədəniyyəti formalaşsın. Sabah adamlarla ona borcluymuşlar kimi davranmasın. Həm də birlikdə oxuyun ki, dünyasından xəbəriniz olsun. Gələcəkdə ayrı dünyanın adamları kimi, başqa-başqa dillərdə danışmayasınız. Övladınızla eyni dildə danışmağın ən yaxşı yolu onunla eyni kitabı səsli oxumaqdır. Sabah yanında olmasanız da, xatirələrində onunla bərabər böyüyən, yeriyən, gülən insan kimi boylanmaq şansı qazanın. Ona sabah verə bilmirsiniz, heç olmasa xəyal verin. İçində seriala ağlayan, məhəllə yeniliklərini gözdən qaçırmayan, qeybətdən doymayan doğmaların olmadığı  xatirələr...

 

Bacım oğlunu birinci kitabla tanış etdim. İlk öyrəndiyi o oldu ki, onu cırmaq olmaz! Sonra qara sətirlər arasında uzanıb dolaşan ağ xətlərlə yola çıxdıq. Bu oyunda uydurduğumuz qəhrəman yolla gedir, başına maraqlı, əyləncəli macəralar gəlirdi. Qəhrəmanımız bütün maneələri adlayıb keçirdi. Balaca gah qorxur, gah da gözləri yaşarana qədər gülürdü... Beləcə, kitabın bir yolun başlanğıcı olduğunu öyrəndi.

 

Sonrakı mərhələdə kitabları kubik kimi istifadə edirdi. Ev qurur, şəhər tikir, körpü salırdı. Uşaq öyrənirdi ki, yeni dünya qurmağın yolu kitablardan keçir, kitablar ən uzaq məsafəni yaxın edir. Dünyanın hər tərəfinə uzanan körpülər kitablardır.

 

Bütün bu oyunlardan sonra oxumağı öyrəndi və heç kim ona oxu demədən, körpəlikdən içində böyüdüyü, oyuncağına çevrilən bu kitabları oxumağa başladı. İndi hər gün bir az oxuyur. Oxuduqlarını Facebook səhifəsində paylaşır. Sonra şikayət edir ki, nə yazsam çox “like” edirlər, amma oxuduğum kitabla bağlı nə isə yazanda az “like” gəlir. İzah etmişəm ki, kitab oxuyanı “like” etmirlər. Kitab oxuyanlar “like” edir. Onların zövqü həlledicidir.

 

Övladlarınızı seçilən yox, seçən olmaq üçün böyüdün. Çalışın, müəllim qapıları dolaşıb test cavabları əzbərləməsinlər. Həm pulunuz gedir, həm balanız. Əmin olun, test əzbərləyən uşaqlar sabahkı dünyanı qurmağa qadir deyillər. Onların fikri yoxdur, onlar sadəcə təklif olunanlar arasında seçməyi öyrənirlər. Sabah qarşısına qoyulacaq “rüşvət”, “fırıldaq”, “oğurluq”, “quldurluq” suallarından birini seçəcəklər. Cavab əzbərləyən nəslin fikri, ideyası olmayacaq. Bu dörd cavabın üstündən xəttə çəkib, öz versiyasını yaza bilməyəcək!

 

Əgər bu qədər ümidsiz dünyaya övlad gətirmisinizsə, bu səhvinizi onu insana çevirməklə düzəldə bilərsiniz. Analar, düşdüyümüz durumdan bizi ancaq siz xilas edə bilərsiniz...

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228827

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR