"Azərbaycanın geosiyasəti"

"Azərbaycanın geosiyasəti"
14:17 15 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Əvvəli burada

Əlbəttə, bu qeyd olunan vəzifələr haqqında söz açarkən gələcək layihələrdən yaxud gerçəkləşməkdə olan nəqliyyat-kommunikasiya xəttlərinin, dəhlizinin bəhsindən yan keçmək düzgün olmazdı. Yaxın vaxtlarda reallaşmağı nəzərdə tutulan TAP və TANAP layihələri ilə yanaşı Bakı-Tbilisi-Qars dəmiryolunun inşasıdır. Bu təkcə geoiqtisadi baxımdan sərfəlidir demək düzgün olmazdı, çünki bu yolun fəaliyyəti həm də regionda geosiyasi əhəmiyyət daşıyan və məkandakı siyasəti dəyişən bir amildir. Bu dəmir yolu Avrasiya məkanında Rusiyadan yan keçməklə Avropa və Asiyanı birləşdirən strateji dəmir yolu xəttidir. Tikintinin ləngiməsi, amma dayanmaması, götürülən və qəbul edilən kursun davam etdirilməsini, yəqin ki, başa düşənlər az deyildir. Transmilli xəttə çevriləcək bu dəmir yolu, həm də regionda təhlükəsizliyin əmsalını daha da artıracaq, Azərbaycanın nüfuzunu beynəlxalq aləmdə birə iki qaldıracaq. Təsəvvür edirəm bu yolun çəkilməməsi üçün Azərbaycana (çünki əsas maliyyəçi və layihənin təşəbbüskarı Azərbaycandır)

nə qədər təzyiqlər və təhdidlər olub, layihə icraçılarından bəziləri ələ alınıb ki, ya işi ləngitsin, ya da bu yolun səmərəsiz, gəlir verməyən, effektsiz olduğunu yuxarı dairələrə başa salsınlar, inandırsınlar. Amma, bunların hamısı arxada qaldı. Bu beynəlxalq əhəmiyyətli layihə yaxın vaxtlarda işə düşəcək və biz də bunun şahidi olacayıq.

Avropa ilə Asiyanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu fikrimcə aşağıdakı effektliyi təmin edəcək:

1.     Azərbaycanın milli və dövlət təhlükəsizliyini daha da gücləndirəcək, onun regional geosiyasi, geoiqtisadi, geostrateji əhəmiyyətini daha da artıracaq, birmənalı şəkildə regionun lider statusunu daha da möhkəmləndirəcək;

2.     Turust axınını Azərbaycana cəlb etməklə yanaşı, beynəlxalq tranzit əhəmiyyətini yüksəldəcək, eyni zamanda mal daşımaçılığından tranzit ölkə kimi kifayət qədər maliyyə və digər dividentlər əldə edəcək;

3.     Qarabağ probleminin həllində yeni üstünlüklər qazanacaq və s.

Azərbaycanın qoşulduğu digər bir layihə Şimal-Cənub layihəsidir. Öz transmilli nəqliyyat-kommunikasiya dəhlizinin təhlükəsizliyinin təmini məqsədilə iştirak etdiyi layihə Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir.

Qeyd edək ki, bu layihəyə ilk dəfə "hə" deyənlər (Rusiya, İran, Hindistan) 2000-ci ildə Sankt-Peterburqda toplaşıb və razılığa gəliblər. Razılaşmanın əsas məqsədi üzv ölkələrinin nəqliyyat-dəhliz imkanlarını birləşdirmək, Şimal-Cənub istiqamətində əlverişli yükdaşıma şəraitini yaratmaq və tranzit yükdaşımaların həcmini artırmaqdır.

2005-ci ildə Azərbaycan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında" sazişə qoşulmuşdur. Azərbaycan ərazisindən keçən bu dəhlizin uzunluğu 511 km-dir və yolun əksər hissəsində ölkəmiz mövcud infrastruktura malikdir.

Müəllifin fikrincə, rəsmi Bakının uzaqgörən siyasəti nəticəsində, Azərbaycan bu sazişə qoşulmaqla mühüm geosiyasi və geoiqtisadi üstünlüklər qazandı:

Birincisi, bu layihə ayrıca götürüldükdə Azərbaycan üçün ciddi geoiqtisadi və geosiyasi üstünlüklər qazandırmış və onu Şimal-Cənub dəmir və avtomobil yolları dəhlizinin mərkəzinə çevirmişdir;

İkincisi, Azərbaycan layihəyə qoşulmaqla, Rusiya, İran və başqa qonşu ölkələrlə TRASEKA proqramı çərçivəsində yaranmış gərginliyi aradan qaldırmağa nail oldu;

Üçüncüsü, bu nəqliyyat dəhlizindən əldə edəcəyi geosiyasi dividentlərindən, tranzit və gömrük rüsumları gəlirlərindən başqa, Azərbaycan həm də daha çox perspektivdə Naxçıvanın blokadadan çıxarılması kimi mühüm geostrateji vəzifənin

reallaşdırması imkanı qazandı.

Bütövlükdə, hörmətli professor Azərbaycanın nəqliyyat-kommunikasiya dəhlizlərinin hansı istiqamətlər üzrə həyata keçirildiyindən bəhs edərkən göstərir ki, birinci və ən əsas və mühüm Gürcüstan, Türkiyə vasitəsilə hava, quru, dəmir yolu, dəniz nəqliyyatı, eyni zamanda kəmərlər vasitəsilə Aralıq dənizinə və Avropaya;

İkincisi, Rusiya vasitəsilə dolayı yolla Qərbə və Uzaq Şərqə;

Üçüncüsü, İran və Fars körfəzi vasitəsilə Yaxın Şərq və Cənubi Asiyaya;

Dördüncüsü, Türkmənistan, Qazaxıstan, Özbəkistan vasitəsilə Çinə, Yaponiyaya, Cənubi-Şərqi Asiyaya olan istiqamətlərdir.

Bütün bunlardan sonra o, üçüncü bölməyə yekun vuraraq yazır: "Azərbaycanın daxili və beynəlxalq nəqliyyat əlaqələndirilməsi siyasətinin müasir vəzifələri sırasına həm də:

·        nəqliyyat sektorunda səmərəliliyin və rəqabət qabiliyyətinin artırılması istiqamətində islahatların aparılması;

·        nəqliyyat sektorunda dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi;

·        nəqliyyat xidmətləri bazarında sağlam rəqabət mühitinin yaradılması, tarif sisteminin təkmilləşdirilməsi;

·        ölkənin sərhəd-keçid məntəqələri yaxınlığında yerləşən nəqliyyat infrastrukturlarının müasir tələblərə uyğun yeniləşdirilməsinə dair layihələrin həyata keçirilməsi;

·        nəqliyyat infrastrukturlarının və nəqliyyat vasitələri parkının müasir tələblərə uyğun yeniləşdirilməsi;

·        Bakı və ölkənin digər şəhərlərində nəqliyyat infrastrukturlarının müasir tələblərə uyğun qurulması;

·        Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün yolların buraxıcılıq qabiliyyətinin ayrılmasını təmin edən proqramların işlənib hazırlanması;

·        ölkə əhalisinin nəqliyyat xidmətlərinə olan tələbatın tam təmin edilməsi;

·        ölkənin tranzit potensialından daha səmərəli istifadə edilməsi məqsədi ilə kompleks tədbirlərin davam etdirilməsi nəzərdə tutulur". (Bax. s. 732)

***

Dördüncü bölmə haqqında

Gəldik, kitabın əsas qayəsi, ən əsası olan hissəyə- dördüncü bölməyə. Bölmə belə adlanır: "Azərbaycanın xarici aləmlə hərbi-strateji münasibətləri: beynəlxalq, regional və milli təhlükəsizlik siyasətinin əsasları".

Hər bir dövlətin tarixinə nəzər salsaq görərik ki, milli təhlükəsizlik siyasətinin kökündə, dövlətin qorunması, yaşanması, bir sözlə varlığı üçün əsas olan sahələrdən ən ümdəsi onun hərbi-strateji siyasətidir. Bu da dünyada çox normaldır, çünki hərbi-strateji siyasət ölkənin geosiyasi münasibətləri ilə yanaşı, həm də regional və planetar səviyyədə münasibətlərin qurulması, cilalanması, inkişaf etdirməsi deməkdir. Bir sözlə düzgün hərbi-strateji siyasət qurulmazsa ölkənin milli təhlükəsizliyi şübhə altına alına bilər, yaxud vətəndaşı olduğun dövlət Ermənistan kimi "oyuncaq" dövlətə çevrilər. Bu da eyni zamanda regionda baş verən geosiyasi, geoiqtisadi proseslərə, bütövlükdə təsir göstərə bilər. Odur ki, hərbi-strateji siyasəti müəyyənləşdirmək dövlətin gələcəyini, yəni hansı bloklara qoşulmaq, çoxtərəfli və ikitərəfli, regional və planetar və s. münasibətləri müəyyənləşdirmək deməkdir. Əlbəttə, hərbi-stareji siyasət dedikdə, ilk növbədə dövlətin ərazi bütövlüyünün, onun vətəndaşlarının təhlükəsizliyinin və s. məsələlər göz önünə gəlir və bu da aparılan xarici siyasətin əsasların fundamental hissəsini təşkil edir.

Məlumdur ki, tarixin müxtəlif dövrlərində müxtəlif dövlətlər geosiyasi, geoiqtisadi maraqdan irəli gələn hərbi-siyasi ittifaq yaratmış, sonradan isə hərbi-siyasi proseslər baş verdikdən sonra  bu ittifaq dağılmış və yenisi yaramışdır, yəni geosiyasi və geoiqtisadi maraqlar müxtəlif  tipli dövlətləri gah ittifaq halına gətirmiş, gah da düşmən, yaxud rəqib etmişdir. Məsələn, birinci dünya müharibəsində İtaliya Antanta tərəfindən vuruşurdusa, ikinci dünya müharibəsində ona üzv olan ölkələrə qarşı Almaniya ilə bir cəbhədə döyüşürdü, yaxud Türkiyə birinci dünya savaşında almanlarla ittifaqda idisə, ikinci dünya savaşında birtərəfliyini elan edərək heç bir bloka qoşulmadı.

Ardı var

Yunus Oğuz

Olaylar.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/398202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR