Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident verdiyi sözü tutur: Quantanamo boşalır

Prezident verdiyi sözü tutur: Quantanamo boşalır

Date: 15 January 2016 14:46

Sərt rejimi ilə bütün dünyada ad çıxaran Quantanamo həbsxanasından məhbus köçü davam edir.

ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu həbsxanadan daha 10 yəmənli məhbus Omandakı təcridxanalara köçürülüb. Beləliklə də Quantanamodakı məhbusların sayı 100 nəfərdən də az qalıb. Bu barədə amerikalı hərbi rəsmilər məlumat verib.

Onlar bildirib ki, indi həbsxanada qalan 93 nəfər ən təhlükəli məhbuslar hesab edilir. Onların əksəriyyəti Əfqanıstanda aparılan hərbi əməliyyatlar zamanı tutulub və “Əl-qaidə”, eləcə də digər terrorçu təşkilatlarla əlaqədə olmaqda günahkar bilinirlər.





ABŞ prezidenti Barak Obama dəfələrlə bu həbsxananı bağlayacağına söz versə də, hər dəfə Konqresin etirazı ilə qarşılaşıb.

“Mən hələ 2009-cu ildə prezident seçilərkən Quantanamonu bağlamaq lazım olduğunu bildirmişdim. Mən yenə də belə hesab edirəm. Quantanamo həbsxanası ABŞ-ın təhlükəsizliyi üçün əhəmiyyət kəsb etmir və çox baha başa gəlir. Onu bağlamaq lazımdır” - deyə Obama jurnalistlərə müsahibəsində demişdi.

Hələ ötən ilin dekabrında Ağ Evdə çıxışı zamanı isə Obama yaxın vaxtlarda ordakı məhbusların sayının 100-dən az olacağını bildirmişdi. O demişdi ki, məhbusların əksəriyyəti öz ölkələrinə təhvil veriləcək. Amma həbsxanada hələ də Amerika üçün təhlükəli insanların olduğunu vurğulayan Obama onların ABŞ ərazisində cəza çəkəcəyini vurğulayıb.

2014-cü ildə Quantanamodan ümumilikdə 28 məhbus çıxarılaraq başqa ölkələrə köçürülüb.

Corc Buş Administrasiyası dövründə Quantanamoda məhbusların sayı 779-a çatıb.

Quantanamo Kubada 1903-cü ildən ABŞ-ın kirayələdiyi körfəzdə yerləşir. Sahəsi 115 kvadrat kilometr olan adada 2700 ABŞ hərbçisi var. Bura həm də hərbi baza kimi istifadə olunur.


Quantanamoda məhbuslara işgəncə verilir.

Bu həbsxanada saxlanılanlara qarşı yuxudan məhrumetmə, ekstremal temperatur, yüksək musiqi, süni boğulma kimi qanunsuz sorğu metodları tətbiq edildiyini bildiriblər. Müxtəlif beynəlxalq hüquq müdafiə təşkilatları dəfələrlə ABŞ-ı məhbusların hüquqlarının pozulmasında günahlandırıb.

"Yer üzərindəki cəhənnəm" statusuna malik həbsxana tək Quantanamo deyil. Dünyada güclü izlənmə ilə qorunan 6 həbsxanadan biri Stenli həbsxanasıdır ki, bu cəzaçəkmə məntəqəsi Honkonqda 1937-ci ildən fəaliyyət göstərir. Bu təcridxana edam olunan cinayətkarların sayına görə beynəlxalq statistikada birinci yerdədir. 1 il ərzində burada 120-dən çox məhbus asılaraq edam olunur. Stenli həbsxanasındakı cinayətkarların çoxu dezertir və sərhədləri qanunsuz olaraq keçənlərdir. Hal-hazırda həbsxanada 3000-dən çox məhbus var.


Honkonqdakı Stenli həbsxanası


Cinayətə meylli insanların islah olunması üçün hər bir cəmiyyətdə cəzaçəkmə müəssisələrinin mövcudluğu və fəaliyyəti zəruridir. Törətdiyi cinayətə, qanun pozuntusuna görə hər kəs cavab verməlidir. Cinayəti ilə cəmiyyət üçün təhlükə saçanlarsa ömürlük azadlıqdan məhrum edilərək həbsxananın daimi sakininə çevrilir. Amma hər bir halda cəzaçəkmə müəssisələrində də müəyyən hüquqi qanunlara əməl edib məhbusların hüquqlarına hörmətlə yanaşılmalıdır.


Tags:  Prezident verdiyi sözü tutur Quantanamo boşalır


RƏYLƏR


Top news