Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Paytaxtda mənşəyi məlum olmayan heyvan cəmdəkləri aşkar edilib

Paytaxtda mənşəyi məlum olmayan heyvan cəmdəkləri aşkar edilib

Date: 15 January 2016 14:58


Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın 15-də gecə saat 3-4 radələrində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşları ilə birgə mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədi ilə reyd keçirib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, reyd zamanı S.Vurğun küçəsində Ağcabədi rayon Aşağı Avşar kənd sakini Nəbiyev Şamxal Kərim oğlunun idarə etdiyi “Daevo sentral” 10 PV 475 dövlət nömrə nişanlı maşın saxlanılıb. Maşına baxış keçirilən zaman Bakı şəhərinə satış üçün gətirilən sağlamlığı, mənşəyi barədə heç bir sənədi olmayan və qida üçün orqanoleptik göstəriciləri şübhə doğuran 4 baş heyvan cəmdəyi aşkarlanıb. Cəmdəklərin mənşəyinin hansı növ heyvana aid olduğunu, məcburi kəsildiyini, yaxud ölmüş heyvan cəmdəyinin olmasını aydınlaşdırmaq, onların xəstəlik törədiciləri daşımasının yoxlanılması üçün həmin cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına gətirilib. Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.
Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

Tags:  Paytaxtda mənşəyi məlum olmayan heyvan cəmdəkləri aşkar edilib


RƏYLƏR


Top news