Xalq seçiminə inanır

Xalq seçiminə inanır
15:52 15 Yanvar 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Xacə Nəsrəddin Əbu Cəfər Tusi "Şəklül Qita" ("Bütöv çoxtərəfli haqda risalə") əsərini yazmağa başlayanda demişdi: "İbn Sinanın "Şərh əl-İşarat"nı oxudum, rəqəmlərin sirrini dərk etdim, amma insanların bəzən avamlığı savad, tamahı vicdan, çirkin niyyətlərini də hüriyyət kimi qələmə vermək istəklərinin sirrini tam anlamıram".
İndi biz də Azərbaycan müxalifətinin məntiqini, istəklərini və amalını anlamağa çalışsaq, eyni ritorikliyi təkrarlamağa məcburuq.

Gerçəkdən də, devalvasiyadan və bahalaşmadan sonrakı situasiyadan öz məqsədləri üçün istifadə etməyə çalışan AXCP ilə Müsavat nəyə güvənirdi, hansı məqamlara istinad edirdi və nə təhər etmək istəyirdi?!
Binomial tənliyin həllini tapmağa çalışan Tusidən fərqli olaraq, indiki sualı cavablamaq yetərincə bəsitdir.
Çünki hər şey göz qabağındadır.

Daha bir cəhd, daha bir fiasko

Təcrübəli insanların sarsaq qərarları, ağıllı olduqlarını iddia edənlərin absurd çağırışları, vicdandan danışanların aşkar cinayətlərə dəvətləri - kütləvi iğtişaşlar, narazılıqlar istəyi budur. 
Lui Qabriel Ambruaz de Bonaldın bir deyimi var: "Nə isə istədikləri iddia olunan adamların adından danışanların pərdələməyə çalışdıqları iddiaları araşdırın".
Devalvasiya və bahalaşmanı bəhanə edərək insanları küçələrə çağırmaq, vəziyyətdən bəhrələnməyə can ataraq öz niyyətlərini aldadılan kütlənin tələbi kimi qələmə vermək, sifarişləri niyyət, əmrləri də fəaliyyət planı kimi tərifləmək bizim radikal müxalifətin köhnə, unudulması gərəkən, amma vücudundan və şüurundan çıxmayan mərəzidir.
Bəladır, qurtula bilmirlər. Çünki qurtulmaq istəmirlər.
"Çörək istəyirik!" bağırtılarının arxasında duran niyyətin yoxluğu, ideyaların tükənərək idefiks yaratması və hakimiyyətdən "məsuliyyətli davranış" tələb edənlərin məsuliyyətsizliyini təhlil etmək olardı, amma nə hacət - hikkə, yalan və məntiqsizlik müxalifətin orqanizminin ən uzaq hüceyrələrinədək yeriyib, metastaz verib, ağırlaşıb.
Azərbaycanın bir neçə rayon mərkəzində insanları "inqilab"a, "azadlığa" çağıranlar artıq neçənci uğursuzluğa düçar oldular.
AXCP və Müsavat partiyalarının ideoloqlarının nəzərinə çatdırmaq istərdim ki, cənablar, bütün planlarınızın, ssenariləriniz və hər şeyə öz adını versək, oyunlarınızın total, fasiləsiz məğlubiyyətlərə urcah olmasının iki səbəbi var:
1. Yalnız yalan danışmayan şəxs azadlıqdan bəhs edə bilər. "İnqilab!" yanğısının, əslində, xalqın şüurunun zəhərlənməsinə yönəlmiş həşiş təki narkotik maddə effektinə malik yalan olması barədə Simon Veylin dediklərini xatırlatmağa da lüzum görmürəm. 
2. İğtişaşlar və kütlənin çağırışları dənizdə fırtına təkidir: ağır çəkisi olan nə varsa, batır, yüngül, yararsızlarsa üzə çıxır. Siyasi liderlik iddiasına düşən, amma daim illüziyalarının əsirinə çevrilən insanların səciyyəvi xüsusiyyətlərindən biri də sürəkli "inqilab" istəyidir. Onlar düşünürlər ki, idarə olunmaqdansa, idarə etmək yaxşqıdır. Di gəl, onlar anlamırlar ki, nə özlərini, nə də başqalarını idarə etmək gücünə, əqlinə və potensialına malik deyillər.

Azərbaycan müxalifəti onillərdən bəri hadisələrin önündə yox, arxasında olub və fürsətlərdən yararlanmağa can atıb. 
Meydan hərəkatının nisgili ilə yaşayan, yüz minlərlə isanı küçələrə çıxararaq arxasınca aparmağı arzulayan müxalifətçilər sonda ümidsizliyin deqradasiya həddinə çataraq "nə olursa-olsun, təki toplaşma olsun" məntiqi ilə davranmağa başladılar.
İllər əvvəl Nardaranda zahirən "dindarların aksiyası" kimi göstərilən, əslində isə qonşu ölkələrdən birinin emissarlarının göstərişləri əsasında hərəkət edən marionetkaların şüarçılıq isteriyası olan hadisələr zamanı radikal müxalifətimiz gözləmə mövqeyi tutmuşdu.
Ötən ilin sonlarına yaxın Nardaranda həmin olayların təkrarını yaşatmağa cəhd göstəriləndə isə müxalifət əlverişli imkan yarandığını sandı və Azərbaycanın ən yeni tarixində, bəlkə də, ən paradoksal, eybəcər siyasi simbioz ortaya çıxdı.
Dünyəvilik, türkçüluk, demokratiya, insan haqları və s.-dən dayanmadan bəhs edənlər 1350 il əvvəlki hadisələrə tapındılar, qəflətən "Əhli-beyt aşiq"ləri oldular və dini şüarlarla xalqı inqilaba səsləməyə çalışdılar.
Nardaranı 21-ci əsrdən qopardaraq orta əsrlərə qaytarmaq istəyən və bunu da demokratik hərəkat kimi gördüklərini deyənlərin davranışları yalnız ilk baxışdan marazm təsiri bağışlayırdı.
Halbuki, onlar çox hiyləgərcəsinə davranır, bu dəfə dindarların adından danışan ekstremistlərə "stavka" edirdilər.
Primitivlik o həddə çatmışdı ki, Yaxın Şərqdəki radikal islamçı qruplaşmalar və terror təşkilatının lüğətindəki şüarları bu dəfə "Qərb ideyalarına, demokratiya prinsiplərinə ölənədək sadiq" olduqlarını deyən şəxslər səsləndirirdilər.
O şəxslər ki, siyasi ölü statusları ilə barışmaq istəmir və Qərbdəki sifarişçiləri hələ də inandırmağa can atırdılar ki, onlar, əslində, tükənməyiblər, Azərbaycan siyasətinin yol kənarına atılmayıblar, yaxın qohumlarından və tanışlarından savayı da elektoral bazaya malikdirlər - bir sözlə, uzaqdakı "ağa"lara "Biz hələ varıq" mesajı yollanırdı.
Müxalifət bu minvalla sırf siyasi məqsədlərini ictimai narazılıq təki təqdim edirdi və yalanına özünü də inandırmağa çalışırdı.

Və  oyunu başladılar

Ötən həftənin ortalarından  bəri Azərbaycanın bir neçə rayon mərkəzində və kəndlərində toplam sayları 300-500 nəfər olan kiçik kütlə etirazlara başlamışdı. Onların şüarları əsrlər əvvəl tələblərini irəli sürərək istəklərini bəyan edənlərin sözlərindən fərqlənmirdi.
"İş, çörək, yaşayış istəyirik!" deyənlərə aradabir "Yetər artıq!" bağıranlar da qatılırdılar.
Əvvəl AXCP, sonra da Müsavat partiyaları, sanki, vəcdə gəlmişdilər: bu azsaylı, qarşısına makro məqsədlər qoyduğunu deyib mikro təsiri bağışlayan etiraz kütləsini az qala Azərbaycanda inqilabi situasiyanın yetişməsinin təzahürü, hakimiyyətə meydanlarda açıq meydan oxuma kimi təbliğ etdilər. Təbliğatdan sonra təşviqat başlandı, vətəndaşlar kütləvi etiraz aksiyalarına çağırıldı, inqilabi şəraitin yetişdiyi deyildi.
Əli Kərimli yenə özünü neobolşevik hiss edərək az qala dırmaşmağa zirehli maşın aradı və Vladimir Ulyanov-Leninin qış axşamı Petroqradda, dəmiryol vağzalında söylədiyi "İrəli, yoldaşlar! Dünən tezdi, sabah gec!" çağırışına bənzər şüarlarını əvvəlcə Feysbuk profilində, sonra nəzarətindəki saytlarda təkrarlamağa başladı.
O, yenə də qətiyyətinə və iradəsinə şübhə etmədiyini göstərmək istəyirdi. Halbuki, eyni uğurla "Kohi-Nur" almazına və ya Kordilyerdəki sekvoyya ağaclarına da istinad verə bilərdi: nədən ki, sadaladığım nəsnələrin heç biri Əli Kərimlidə olmayıb, yoxdur və bundan sonra da olan deyil.

Siyasətdə möhtəkirliklə məşğul olduqlarını, başqa ölkələrdəki hadisələrdən yararlanmaq istədiklərini hər vəchlə pərdələməyə çalışan tiplərdən ibarət "avanqard müxalifət" demokratiya, liberal dəyərlər və vətəndaş cəmiyyəti prinsiplərini ucuzlaşdıraraq illər boyu gah "narıncı inqilab", gah "ərəb baharı", gah "qırğız yayı", gah "gürcü payızı" vədləri verməkdən bir nəticə hasil olmadığını görəndə radikal islamçılığa tapınmış, hətta Nardaranda Əhli-Beyt sevgisindən bəhs etmiş, kütləyə Yezidə nifrət çalarında nə isə deməyə çalışmış - bir sözlə, həmişəki təki Günəşə siyasi muğamlar oxumuşdular.
Və budur, manatın dollara olan kursu xeyli aşağı düşüb, milli valyuta devalvasiyaya uğrayıb, bahalaşma var.
Müxalifət alaçığında hayqırtı səsləndi: "Məqamdır, bəylər, haydı!" 
Zatən həmin hayqırtı spontan deyildi və Azərbaycanın çağdaş siyasətində artıq neçənci dəfə idi ki, Azərbaycan rəhbərliyinin yürütdüyü xarici siyasətdən narazı qalan, daxili siyasətdə marionetkalara yerlərinin göstərilməsini həzm edə bilməyən, Bakını əlaltı və üzüyola paytaxtlar sırasına qatmaq istəyən dövlətlərlə təşkilatların sifarişi, təlimatı, göstərişi bu idi. Həmin əmrlər ölkə müxalifətinin Əshabi-Kəhfinə çevrilmiş kahasında mürgüləyən, amma həris, tamahkar və fürsətkar fiqurların arzuları ilə tam uyğun idi.
Müxalifətçilər situasiyadan yararlanmaq istədilər. Daha doğrusu, onlar "inqilabi situasiya" yaratmaq istədilər. 
İki il əvvəl İsmayıllıda, ondan əvvəl Şəkidə, Salyanda, Sabirabadda, Nardaranda, Cəlilabadda məruz qaldıqları uğursuzluqların öcünü almaq istəyən müxalifət liderləri bu dəfə daha ustalıqla, öz təbirlərincə yazsam, ağıllı davranmağa səy göstərdilər.
İlk əvvəl Saatlıda etiraz aksiyası oldu. Yanvarın 6-da başlanan bu aksiyaya yığışanlar bahalaşma və işsizliyə etiraz etdiklərini dedilər. 4 gün sonra, yanvarın 10-da Ucarda eyni aksiya keçirildi. Yanvarın 12-də Lənkəranın Liman şəhərində toplaşanlar Astara-Bakı yolunu bağladılar, həmin gün Ağcabədidə təxminən 120 nəfər aksiya keçirdi. Yanvarın 12-də Füzuli rayonundakı Böyük Bəhmənli, sonra da Bala Bəhmənli kəndlərində "narazı"lar yığışdılar. Yanvarın 13-də Siyəzən və Ağsu rayonlarında aksiyalar oldu.
Həmin aksiyaları təşkil edənlərdə, sanki, qəfil amneziya, huşsuzluq yaranmışdı: bu insanlar 2002-ci ildə daha çoxsaylı kütləni küçələrə çıxarmalarına rəğmən, hakimiyyətin zərrə qədər geri çəkilmədiyini, 2013-cü ildə İsmayıllı rayonunda hətta dövlət qurumlarının binalarına hücumların təşkil edilməsinə rəğmən, yerli sakinlərin provokatorların felinə uymadıqlarını və absurd vədlərə inanmadıqlarını unutmuşdular.
Onlar Nardaranda radikallıq baxımından "Cəhbət əl Nüsrə"yə bab gələcək ekstremist qrupların çağırışlarına rəğmən, kənd camaatının təxribatlardan üz döndərməsini nəzərə almamışdılar.
Məhz bu səbəbdən də "yeni, kütləvi etiraz dalğası" tragikomediyaya çevrildi, başlayandan az sonra bitdi, bir neçə yüz insanın küçələrə çıxması ilə yadda qalacaq olaya çevrildi.
Çünki müxalifət liderləri həmişə olduğu kimi, potensiallarını olduğundan artıq saydılar və bu efemer istəklərin arasında "inqilabi situasiya formalaşdırmaq" niyyəti vardı.
Başabəla "lider"lər hələ də anlamırlar ki, inqilabi situasiyanın formalaşması üçün hakimiyyət idarəetmə rıçaqlarını tamamən əldən verməli, vətəndaşlar əvvəlki təki yaşamaq istəməməli və ən başlıcası, yaranmış şəraitlə yanaşı, "yuxarılar"ın fəaliyyətsizliyi nəticəsində kütlənin aktivliyi ifrat dərəcədə artmalıdır.
Bu da bir yana.

Azərbaycanda cəmi iki gündə - yanvarın 12-dən 14-dək 6 bölgədə bir dəstə adamın identik tələblərlə, eyni şüarlarla çıxış etmələri və jurnalistlərə açıqlamalarında az qala eyni sözləri demələrini təsadüf sayacaq qədər sadəlövh deyilik, müxalifətçi bəylər.
Siyəzəndəki aksiya iştirakçılarından birininin dedikləri bütün prosesi səciyyələndirən idioma idi: "Qoy villalarını satsınlar, pulumuzu versinlər. Niyə onların villaları var, mənim villam yoxdu?! Qoy mənim də villam olsun".
Müxalifətçilərin "geniş xalq etirazları" kimi absurd təmrinlə gündəmə gətirəmyə çalışdıqları belə "situasiya"nın fiqurantı əsl istəyini, gerçək niyyətini açıqlayır. O, ölkədə iqtisadi situasiyanın normallaşmasını, effektiv menecment prinsiplərinin tətbiqini, vətəndaşların maddi rifah səviyyəsinin daha da artırılmasını, ən nəhayət, yaşadığı rayonda yeni müəssisələrin tikilməsini və iş yerlərinin açılmasını istəmir.

O, villaları yandırmaq, yandıra bilmədiyini də ələ keçirmək, qamarlamaq istəyir.
Eynən anarxo-sindikalistlərin "məndə yoxdursa, heç kimdə olmasın" tələbi təki, bolşeviklərin "heç kim olan hər şey olacaq" şüarına inanan lümpen kimi.
Dərhal, təxirəsalınmaz şəkildə problemlərinin həllini arzulayan adam çalışmaq, böhrandan çıxmaq üçün daha çox səy göstərmək istəmirlər, yox - o, olanın əlindən alıb paylaşdırmaq və yiyələnmək istəyir.
Belədirsə, müxalifət hansı "inqilabi situasiya"dan danışır, narazılıqlardan bəhs edir?!
Elə sadaladığım rayonların əhalisinin tam əksəriyyəti bu vodevildən kənar durdular, çünki baş verənləri görür və siyasi məqsədlərini reallaşdırmağa çalışanların əllərində alətə çevrilmək istəmirdilər.

Gerçək var, özü də danılmaz

Materiyanın diskret quruluşu anlayışını siyasətə tətbiq etsək, son prosesləri yaradan mexanizmlərin batinini, hadisələrin məcrasını daha aydın görə bilərik.

Dünya bazarlarında xam neft və təbii qazın qiymətləri sürətlə ucuzlaşıb, ən dayanıqlı birjalarda belə, ağır maliyyə böhranı yaşanır. Çin, Almaniya, Fransa, İtaliya, Britaniyada maliyyə və sənaye indeksləri üzüaşağı yuvarlanır, məşhur birjalar uçuruma düşməmək üçün məcburi fasilələrlə işləyir, hətta pulun sel kimi axmasına adət etmiş Səudiyyə Ərəbistanı və Küveyt kimi ölkələrdə ağır devalvasiya, bahalaşma yaşanır, onlarla ölkə qənaət rejiminə keçir.
Ötən ilin sonlarından bəri Rusiya, Ukrayna, Belarus, Moldova, Ermənistan, Gürcüstan, Qazaxıstanda milli valyuta dəfələrlə ucazlaşıb. Türkmənistanda isə ümumiyyətlə, ABŞ dollarının satışı dayandırılıb.
Belə şəraitdə qlobal böhranının Azərbaycandan yan keçdiyini, devalvasiyanın hər birimizə ağır təsir etmədiyini söyləmək və yazmaq absurddur. Amma sadaladığım dövlətlərdə kimsə "İş, aş istəyirik!" deyib küçələrə çıxmır, çünki problemi yalnız işləməklə həll edə biləcəyini anlayır.
Və sadalanan ölkələrdən fərqli olaraq Azərbaycanda xalq prezidentinə inanır.

İlham Əliyev həmkarlarından fərqli olaraq, inqilabi situasiyanı özünün yaratmasına, böhrana, depressiv meyllərə, yenilənən və ağırlaşan çağırışlara rəğmən köhnə sistemlə işləyib konstruksiyalarını, şüur tərzlərini, təfəkkürlərini dəyişmək istəməyənlərin zərərli dünyagörüşlərində inqilab etdiyi üçün gerçək liderdir.
İndiki qlobal böhran şəraitində konkret fəaliyyət proqramı olan hakimiyyət süni bahalaşmaya qarşı mübarizə aparır, yerli istehsalı dəstəkləyir və inkişaf etdirir, ölkə iqtisadiyyatının qeyri-neft sektorunu daha da gücləndirir.
Xalq seçiminə və seçdiyinə inanır. Bunu son hadisələr bir daha göstərdi.
İnqilabçıya qarşı inqilab movetondur, absurddur və vətəndaşlarımız bunu gözəl bildiklərindən xaosla destruksiyanı birləşdirib ölkəni dibi görünməyə uçuruma sürükləyənlərin qarşısını alanı dəstəkləyirlər.
Bizi qarşıda asan olmayan dövrlər gözləyir.
Amma bu maneələri də dəf edəcəyik. Çünki ölkənin başında bütün ağırlıqlara, çağırışlara, problemlərə qətiyyətlə sinə gərən, emosiyalara qapılmayıb böhrandan çıxış yolunu soyuqqanlı şəkildə göstərən prezident və onun komandası var.

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/398227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR