Ölkə ərazisində Amerika ağ kəpənəyinin yayılma arealı 37 faiz azalıb

Ölkə ərazisində Amerika ağ kəpənəyinin yayılma arealı 37 faiz azalıb
16:03 15 Yanvar 2016
16 Digər
Ölkə mətbuatı
A- A+


Xaçmaz, 15 yanvar, Elxan Yusifli, AZƏRTAC
“Respublika ərazisində Amerika ağ kəpənəyinin (Hyphantria cunea Drury.) yayılmasının qarşısının alınması və yayılma mənbələrının məhv edilməsi üzrə təcrid və ləğvedici tədbirlər planı”nın həyata keçirilməsi nəticəsində ölkə ərazisində Amerika ağ kəpənəyinin yayılma arealı 37 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev yanvarın 15-də Xaçmazda “Quba-Xaçmaz bölgəsində fitosanitar vəziyyət və antirezistent mübarizə sxemlərinin qurulması hesabına zərərli orqanizmlərdə pestisidlərə qarşı davamlılıq probleminin aradan qaldırılması” mövzusunda regional müşavirədə məlumat verib.
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin konfrans zalında təşkil olunan tədbirdə şimal bölgəsi rayonlarının bitki mühafizəsi mərkəzləri və bitkilərin karantini məntəqələrinin əməkdaşları, bələdiyyə, icra nümayəndələri, torpaq mülkiyyətçiləri və fermerlər iştirak edib.
Xaçmaz rayon Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Azər Haqverdiyev bildirib ki, ötən il kənd təsərrüfatında mühüm islahatlar həyata keçirilib, bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün hər cür şərait yaradılıb. Bunun sayəsində “Kənd təsərrüfatı ili”ndə respublika üzrə məhsul istehsalı 6,6 faiz artıb. Bildirilib ki, keçirilən tədbir bölgədə kənd təsərrüfatı sahəsinin inkişafına, məhsuldarlığın yüksəldilməsinə və ixrac potensialının artırılmasına öz töhfəsini verəcək.
Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi nəticəsində əldə olunmuş uğurların bu il də artacağını və vətəndaşların gündəlik həyatında özünü göstərəcəyini vurğulayıb. Xidmətin rəisi kənd təsərrüfatının inkişafı sahəsində atılmış addımların 2016-cı ildə, həmçinin növbəti illərdə də iqtisadi sahədə prioritet olaraq qalacağını qeyd edib.
C.Quliyev daha sonra bölgədə mövcud fitosanitar vəziyyəti ətraflı təhlil edərək, aqrobiosenoza pestisid təzyiqinin azaldılması istiqamətində mövcud problemlərin həlli yollarını göstərib.
Xidmət rəisi “Respublika ərazisində Amerika ağ kəpənəyinin (Hyphantria cunea Drury.) yayılmasının qarşısının alınması və yayılma mənbələrının məhv edilməsi üzrə təcrid və ləğvedici tədbirlər planı”nın icra vəziyyəti barədə ətraflı məlumat verib.
Müşavirədə “Antirezistent mübarizə sxemlərinin qurulması hesabına zərərli orqanizmlərdə pestisidlərə qarşı davamlılıq probleminin aradan qaldırılması və pestisidlərin səmərəli tətbiqi yolları”, “Kimyəvi mübarizə tədbirlərinin tətbiqi zamanı qarşıya çıxan problemlər və onların həlli yolları” mövzularında məruzələr dinlənilib və müzakirələr aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Olke_erazisinde_Amerika_ag_kepeneyinin_yayilma_areali_37_faiz_azalib-918793

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR