Əsgərə məktub: Sən varsansa, Vətən var; Vətən varsa, sən varsan!

Əsgərə məktub: Sən varsansa, Vətən var; Vətən varsa, sən varsan!
16:03 15 Yanvar 2016
30 Sosial
Ölkə mətbuatı
A- A+

Bəxtiyar Hacıyev – Trend:

"Salam, əsgər! Necə olduğunu soruşmuram. Əminəm ki, əlasan! Vətənin keşiyində dayanan şəxsin əhvali-ruhiyyəsi başqa cür ola da bilməz!

İllərlə yaşadığın evdən, ailəndən, yaxınlarından uzaqlaşıb Vətənin hər hansı bölgəsində xidmət etmək bəzən çətin gələ bilər insana. Bu da təbii haldır. Vətənə xidmət asan olsa, qədri bilinməz torpağın... Çətin və məsuliyyətlidir, çətin və məsuliyyətli olmaqla yanaşı, şərəflidir Vətənə xidmət.

Sən varsansa, Vətən var; Vətən varsa, sən varsan! Heç kim, heç nə, heç bir hadisə səni bu müqəddəs yolda həvəsdən salmasın. Bil ki, görməli olduğun birinci iş elə budur.

Heç ilyarımlıq müddəti də düşünmə. Vətənə xidmət üçün ilyarım nədir ki? Bu torpaq uğrunda saysız-hesabsız şəhidləri, canını-qanını fəda edən igidləri, sağlamlığını itirən əlilləri, ömrünün yarısını, yarısından çoxunu hərbi xidmətdə keçirən, gəncliyini bu Vətənə həsr edən zabit, gizirləri yada sal. Hə, artıq sənə də olduqca az göründü bu ilyarım. Amma bu ilyarımlıq müddətlə iş bitməyəcək. Hərbi xidmətdən sonra çalışdığın hər hansı sahədə fəaliyyətinlə, nümunəvi davranışınla, Azərbaycanı uğurla təmsil etməyinlə də, yəni bir ömür boyu Vətənə xidmət edəcəksən.

Yağış, qar, isti, soyuq səni qətiyyən yormasın. Sən Vətəni qoruduğun kimi, Vətən də səni qoruyur – səndən də çox. İstisində kölgələnməyə, sərinlənməyə, soyuğunda daldalanmağa, isinməyə o qədər yer verir, qucaq açır ki sənə. Sən məhz xidmət vaxtı Vətənin, torpağın bir parçası olduğunu hiss edəcəksən.

Vətənə hərtərəfli, şərəflə xidmət edən şəxs daim alnıaçıq, üzüağ yaşayır.

Unutma ki, bu Vətəni səndən başqa heç kəs qorumayacaq və əgər sən qorumasan, bu torpaq yadelli tapdağında inləyərək daim sənə lənət oxuyacaq...

Bəzən zarafatla belə bir söz deyirlər: “Hamı ilyarım hərbi xidmətdə olur, amma bir ömür əsgərlikdən danışır”. Əslində, bu ifadədə ciddi bir məqam da var. Hərbi xidmət illəri o qədər dolğun, o qədər mənalı, o qədər maraqlı keçir ki, danışmağa bir ömürlük sözün olur. Özü də həvəslə, fəxrlə, gülərək, darıxaraq danışırsan. Hətta etiraf da edirsən: “Yenə də xidmət edərdim”.

Hə, bir də əbəs yerə demirlər ki, hərbi xidmət kişilik məktəbidir. Təbii ki, Vətənə xidmət etmək kişi işidir! Və sən də Vətənə şərəflə xidmət etməklə kişi olduğunu sübut edəcəksən! Hərbi xidmətin sənə bir çox müsbət təsirlərini, bu xidmət sayəsində böyüdüyünü, daha ciddi olduğunu hələ bir müddət sonra, mülki həyatında hiss edəcəksən, görəcəksən.

Üç gün əvvəl evimizə “Təşəkkürnamə” gəlmişdi. Yazılırdı ki, nümunəvi xidmət edirsən və komandirin belə bir övlad böyütdüyümüzə görə bizə minnətdarlığını bildirirdi. İlahi, bir parça kağıza baxıb bu qədər qürur hissi keçirtmək də olarmış... Anan evin başına, ən hündürə qoyub “Təşəkkürnamə”ni. Hər an, hər dəqiqə, hər saat baxır – fəxr edir səninlə!

Oğul, bu gün üstündə gəzdiyin torpağı qoru ki, sabah bu torpağın altında rahat uyuyasan – sabah sənə yorğan olacaq bu torpağın üstündə yadellilər at oynatmasınlar. Bu gün bu torpağı qoru ki, sabah onu gələcək nəsillərə müqəddəs əmanət kimi ötürə biləsən.

Bizdən qətiyyən nigaran qalma. Sən ki, Vətəni, o cümlədən bizi qoruyursan. Və unutma ki, Vətənini qoruya bilməyən ailəsini də qoruya bilməz!

İmza: Atan və anan, bacın, qardaşın. Səninlə fəxr edirik!"

“Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Əsgərə məktublar” adlı müsabiqəsinə təqdim olunur”

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2480985.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR