Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Evi həbsxanaya çevrilən azərbaycanlı nazir

Evi həbsxanaya çevrilən azərbaycanlı nazir

Date: 15 January 2016 17:05

Yaşı 40-ı keçmiş əksər sovet adamlarının əfsanəvi Maksim İsayevə bənzəmək istəyi indiki gəncliyimizi qətiyyən təəccübləndirməməlidir. Bəli, Hitler Almaniyasına qalib gəlmiş bir ölkənin Qızıl Ordusu ilə eyni rəşadəti göstərən "gizli cəbhə"nin görkəmli simaları döyüş meydanlarında hərbçilərimizlə birgə ölüm risqili missyanı həyata keçirirdilər. Onların əksəriyyəti xəyanətdən uzaq duraraq ən çətin şəraitdə Vətənə xidmətlərilə müharibənin teleyini dəyişmiş simalardır.

Yulian Semyonovun "Baharın 17 anı" filmini milyonların sevimlisinə çevirən qəhrəman Ştirlits obrazının nə qədər mifik xarakter daşıması heç kimi maraqlandırmırdı, əsas məsələ Fürerin dünya ağalığını durdurmağa çalışanların nə qədər böyük təhlükələrə sinə gərdiyini görmək, qiymətləndirməkdən ibarətiydi.

Maksim İsayevə - əslində isə Vsevolod Vladimirova "xalqlar atası"nın verdiyi tapşırıqlar jukovların, rokossovskilərin hərbi öhdəliklərindən heç də geri qalmırdı. Nasional-sosializmin hakimiyyətə gəlməsi sovet çekistlərinin müxtəlif örtüklər altında düşmən sıralarına yeridilməsi zərurətini ortaya çıxarmışdı və sonralar bəlli olacaqdı ki, həmin agentura mənbələrinin verdikləri qiymətsiz məlumatlar, eyni zamanda, həyata keçirdikləri pozuculuq tədbirləri faşizmin sarsıdılmasında həlledici xarakter daşıyıb.1943-45 ci illərdə isə Ştirlits Himmlerin, Müllerin, Şelenberqin, Bormanın, Kaltenbrunerin və daha neçə-neçə SS generalının əhatəsində faşizmin son silahının - atom nüvə bombasının hazırlanmasına bir tərəfdən mane olmalı, o biri yandan da dəhşətli işgəncələr altında çalışan sovet fiziklərini zəruri informasiyalar, mürəkkəb elmi-texniki proqramlarla təchiz etməliydilər. İndi hər kəs Fürerin nüvə silahına, həm də öz alimlərinin günahı üzündən necə çata bilmədiyindən yaxşı məlumatlıdır, lakin o zaman Reyxstaqın siyasi və hərbi hücrələri içərisindəki dolaşıq salınmış nüvə işinə daha kimlərin əlinin bulaşdığı da indi mübahisəsiz qəbul olunur.

Stalin Ştirlitsi müharibənin sonunda Qərb koalisiyası ilə Himmler arasında gedən danışıqları pozmaq üçün görəvləndirmişdi. Axı Almaniyanın bölüşdürülməsi və qənimət kimi yağmalanması planı anti-Hitlerçilərin çoxdankı arzusuydu və məhz o zamanlar Amerika məxfi xidmət ordusunun yeni parlayan ulduzu-Allen Dalleslə yolları kəsişən Maksim İsayev kəşfiyyat qüvvələrinin mənsub olduqları dövlətlərinin həyatında nə qədər önəmli rol oynadıqlarını təsdiqləmişdilər.

Düzdür, uzun illər ailəsindən uzaq düşən Ştirlitsi tale postmüharibə dövründə həbsxanaya qədər gətirib çıxaracaq, sonra bəraət alanda isə doğmalarına çatdıra bilməyəcəkdi, lakin elə o vaxtdan soyuq müharəbənin əsasını qoymuş Çörçill də, faşizm üzərindəki qələbədə böyük əməyi olsa da xəstəlikdən həyatını itirən Ruzvelt də, sonralar qalib gövdəsi ilə dünyaya yayılan Varşava paktı da "gözəgörünməz cəbhə"nin necə böyük sürət götürdüyünü yaxşı görürdülər. Ona görə də əslində Sovet-Amerika savaşı siyasi rəqabətdən, diversiyalardan və ideoloji toqquşmalardan daha çox, yenidən qurulmuş Mərkəzi Kəşfiyyat İdarəsi və Dövlət Təhlükəsizlik Komitəsi arasında gedən ölüm-dirim mübarizəsindən başqa bir şey deyildi.

Bəs, nəhəng və əzəmətli kölgəsi ilə imperializmin qarşısında duran sovet kəşfiyyat ierarxiyasında əyalətlər hansı yeri tuturdular? İş elə gətirmişdi ki, SSRİ-də partiya elitası ilə çekistlər arasında bərabərlik işarəsini də, süngülü mübarizə xəttini də bolşevizm hakimiyyətə gələndən Dzerjinskinin "xaç atası" Leninin özü qoymuşdu və yalnız 50-ci illərdə Beriyanın həbsindən sonra mərkəzi orqanların səlahiyyətlərini nisbətən periferiyalara doğru dağıtmaq barədə qərarlar meydana çıxdı.

Azərbaycan DTK-sına Mircəfər Bağırovdan sonra milli şəxsin birinci adam sifətilə başçılığı qeyri-rəsmi yasaq edildiyindən, digər müttəfiq respublikalarda yaşanan praktikanı təkcə Heydər Əliyev şəxsiyyəti özündə təcəssüm etdirdiyindən Azərbaycan yalnız 1969-cu ildə yemelyanov, quskov və sviqunlardan xilas oldu. Bəli,düz 37 illik fasilədən sonra.

Nəhayət, Moksva qarşısında yalnız İran və Türkiyə ilə münasibətlər üçün deyil, daha geniş məkanda siyasətə və neft iqtisadiyyatına görə əhəmiyyət daşıyan bir cənub şəhərinin rolu və statusu dəyişdi,onun inkişafı və kadr potensialının formalaşdırılması üçün yeni bir dövr başlandı.

Dəmir iradəsi, yüksək intizamı, genişmiqyaslı baxışları və misilsiz təhlil qabiliyyəti ilə Əliyev o zamankı ideoloji mərkəzin ehkamlarını ötüb keçir, onların standartlarından irəli çıxırdı və bu mənada adamlar "general Əliyev"in obrazını əsl Maksim İsayevlə bir tutmağa çalışırdılar. Axı onun müstəqil olmayan bir respublikada önə çıxması mənsub olduğu xalqın məğlubiyyəti və ona qarşı qəsdlərlə deyil, tamam ayrı fenomenlə izah oluna bilərdi. Əliyev hər bir sistemdə insanlara xidmətin mümkünlüyü aksiomunu yaratmaqda əvəzsiz idi.

O, xalqının potensialını hərəkətə gətirməyi, təşəbbüskarlıqda bulunarkən ətrafını inandırmağı bacarır, ən başlıcası, millətin önündə gedən ziyalıları qoruyub saxlayırdı. Əbülfəz Elçibəyi, yaxud ədəbi dissident ola biləcək Bəxtiyar Vahabzadəni mərkəzin cəza aparatından xilas edən də o olmuşdu. Hər halda millətin kütləvi şüurunda Əliyevin Mərkəzi Komitənin birinciliyinə gedən yolu və sovet elitasına daxil olarkən karyera pilləkələrində yüksəlməsi bir millətin gücünü,qüdrətini artıran hadisə kimi qalıb.

Amma əksinə olanlar da vardı. SSRİ dağılandan sonra yeni almanlar "Ştazi"nin başçısından uzun müddət əl çəkməmişdilər. Berlin divarlarının bu tərəfində yaşanan şiddət, izləmə, satqınçılıq və qərbli qardaşlarına qarşı yürüdülən təxribatlar siyasətində Markus Volfun rolunu aşkara çıxaran minlərlə sənəd məxfi qrif altından işıq üzünə çıxmışdı.

Azərbaycanda Əliyevdən sonra hakimiyyətə onun siyasi inkarçıları gəlsələr də, indi Ukraynanı "lüstrasiya qanunu" altında desovetləşməyə məruz qoyanların bizdəki sələfləri siyasi rəqiblərinin yolunu kəsmək üçün böyük rəhbərin və sistem adamının əleyhinə cinayət faktları tapa bilməmişdilər. İndi daha aydın görünür ki, Əliyev də hakimiyyətə yenidən qayıdandan sonra bəlkə də yeni Azərbaycanın dövlət sütununu qisas və inkarçılıq üzərində deyil,humanizm ənənələrində qurmaqda maraqlı olduğunu göstərmək naminə keçmiş təhlükəsizlik təmsiliçilərinə və xəfiyyə qüvvələrinə qarşı dava açmamışdı. Halbuki Vaqif Hüseynovun da, sonralar Nəriman İmranovun da günahlarını təsdiq edən onlarca antidövlət əməllərini inkar etmək mümkün deyildi. Lakin əgər onlar həbsə atılsaydılar, həmin qurumun çox təhlükəli bir dövrdə xalq içərisində müsbət obrazını formalaşdırmaq mümkün olmayacaqdı.

Qəzet redaktorluğundan gizli xidmət orqanlarına daxil olmuş Namiq Abbasov da uzun illər birgə çalışdığı Əliyevdən yalnız silahlı düşmən qruplarını, separatizmə yoluxmuş dəstələri və ilk neft müqavilələrinə qarşı vuruşan xarici dairələri ifşa etmək tapşırığını alırdı.

Bir sözlə, Azərbaycanda heç vaxt bir dövlət orqanının adı və abbreviaturası indiki qədər ləkələnmədi, onun mifik gücü və mundiri üzərinə belə total hücumlar baş vermədi. İndi xalqın qiyabi mühakiməsi qarşısında olan bir struktur, hətta sovet NKVD-sinin yeni dövrə transformasiyası zamanı məruz qaldığı linç etmə əməliyyatından daha çox ictimai nifrət və qınağa tuş gəlib. Halbuki müstəqilliyini əldə edəndən sonra xarici agenturaların çənginə düşməmək üçün O BİNA VƏTƏNDAŞIN VƏ DÖLƏTİN GÜVƏNCİNƏ GÖRƏ MÜQƏDDƏS BİR YERƏ ÇEVRİLMƏLİYİDİ.

Eldar Mahmudovun tərcümeyi-halından danışanların tez-tez onu aşağılamaq üçün işlətdikləri OBXSS-in əslində sovetlərin hakimiyyət nərdivanında layiqli yer tutduğunu unutmaq olmaz. Bolşeviklər əvvəlki çarizm irsini dağıdıb yenisini quranda ağıllarına gəlməzdi ki, onların quruluşuna qarşı qəsdi elə həmin entuziazmla leninçi balaların özləri edəcəklər.

Saxta pul istehsalına, xalq təsərrüfatının bütün sahələrində baş verən yeyintilərə və rüşvət əməliyyatlarına, konkret desək, gizli iqtisadiyyatın yaranmasına qarşı mübarizə tədbirlərinin nəyi pis idi ki? Bəzən onların işini məxfi xidmət qurumlarından ayıra bilmirdilər. Hətta belə bir lətifə də qoşulmuşdu ki, OBXSS işçisi "kaqebeşnik"dən soruşur ki,onlar nəylə məşğuldular? Cavab: "Biz SSRİ-dən narazı olanlarla vuruşuruq"."Bəs siz", - deyə sovet iqtisadi millisindən sual edəndə isə, o , "biz də razı olanlarla məşğuluq" deyirdilər. Doğrudan da tarixin ironiyasına görə həqiqət əslində beləydi.

Mahmudov işə başlayanda keçmişdə vahid bir struktur halında olan həmin iki təşkilatın üzvi birləşməsindən doğulduğunun fərqindəydi. İndi çoxlarını belə bir sual düşündürür - o, fəaliyyətə başladığı ilk gündənmi sadəcə nağıllardakı kimi yenilməz qüvvəyə çevrilmək, durduğu pilləkənin verdiyi yükəsklikləri və hamı üzərindəki hakimiyyəti nümayiş etdirmək fikrinə düşmüşdü, yoxsa bu çox sonralarmı baş verdi?

Cavab vermək çətindir. Çünki cəza aparatını minlərlə insan üzərində sınamazdan əvvəl, kəşfiyyat diliyə desək, o xeyli əfsanələr yarada bilmişdi.

MTN-nin təhlükəsizlik funksiyasını uğurla yerinə yetirdiyini imitasiya etmək üçün bir sıra örtük tədbirləri həyata keçirilirdi. Ulu Öndərə sədaqətlərini hər addımda gözə soxur, gözəgərüməz səngərlərdə təkbaşına deyil, proessionallarla məsləhətləşdiklərini qabartmaq naminə Ziya Yusifzadəni - şəxsiyyəti hörmət və ehtiram doğuran insanı zirehə çevirərək ekranların məhdud obkeytivinə gətirirdilər, əsl peşəkarlar kimi susmağı bacarır, istər böhranlı, istərsə də uğur anlarında bir dəfə də olsun ictimai nəzərə çıxaraq boy göstərmirdilər. Xüsusilə də nazir vahiməyə və ilğıma çevrilən hansısa obrazı təkrarlayırmış kimi guşənişinlikdə qalmağı sevirdi. Digər tərəfdən, gah İranda, gah Rusiyada Azərbaycan əleyhinə təfriqə düyünlərini açmaqla geniş diapazonda əməliyyat şəbəkəsi qura bildiyini göstərən "ugur hekayəsi" qurulurdu.

Üstəlik, ölkəmizə qarşı həyata keçirilən "ağ ölüm" kampaniyasının demək olar, hər gün ifşası bizim 1-ci çekistimizin millətin həqiqi təhlükəsizliyi qayğsına qaldığı mənzərəsini yaradırdı. Lakin bunlar uzun sürmədi və bir müddət sonra o mistik binanın yanından keçən adamlar oraya sovet NKVD-sinə nifrətlərindən daha betər hislərlə yanaşmağa başladılar.

2008-ci ildə Özbəkistanda olarkən Namiq Abbasovla görüşümüz zamanı ondan çalışdığı ölkənin daxili vəziyyəti hqqında fikirlər sormağa çalışmışdım. Bəlkə də başqa dövləti işlərində səhvə yol vermiş Abbasov pıçıltı ilə cavab verərək söyləmişdi ki, orada qonşular danışarkən bir-birlərindən xoflanırlar. Onda anlamışdım ki, kəşfiyyat, casusluq, cəmiyyətə total nəzarət dünyanın hər yerində qibtə və sitayiş ünvanına elə-belə çevrilmir, lakin həmin sahəyə başçılıq edənlərin bir millət sevgisinə dayanan böyük ürəyi,sürətlə inkişaf edən kommunikasiya qurğularından baş çıxarmaq qabiliyyəti, deşifrə makinası və dərin zəkası olmasa, istənilən halda əldə etdiyi məhdud daxili məlumat bankından şəxsiyyəti ikiləşəcək və təmsil etdiyi təşkilatı cəza alətinə döndərəcəkdir. Çünki Allah olmaq iddiasında deyilsənsə belə, əlində olan resurslar minlələrlə şəxsin yaşayışı, durumu, əlaqələri, gizli servisləri, müqavilələri, qanunsuz əməlləri və digər hərəkətlərinə nəzarət imkanı verdiyindən sən bunlardan dövlət və millət naminə istifadə etməsən onda monstra, gerçək əzrayıla çevriləcəksən.

İndi dünya Fransa xalqı ilə birgə yasa batıb, lakin hər kəs xəfiyyə qurumlarının nədən ayıqlığı itirdiklərini soruşur. Hər gün izləndiyi, bütün yazışmalarına və danışıqlarına əl qoyulduğuna xəyalən əmin olan bütün fransızlar niyə terrorçuların birgə hərəkətinin, əməliyyat planlarının,şifrəli dillərinin vaxtında açılmadığını və parollarının qırılmadığını sual edirlər. Bəs bizim çekistlər minlərlə insanın ah-naləli dindirmələrini təşkil edərkən ölkənin təhlükəsizlyi əleyhinə bölgədə və dünyada qurulan planlardan necə xəbərdar olublar?

Eldarovşinanın sadəcə dövlət mundiri geyinən inkivizitor sifətini sübuta yetirən əməllərin siyahısı o qədər çoxdur ki, Konstutusiyanın onlarla maddəsini ona qarşı yönəltmək mümkündür. Bəlkə də Beriyanın xofundan qurtula bilməyən insanların yaşadığı sindromu ruhlarında daşıyanların çoxu hələ indinin özündə də həmin repressiya qurbanları kimi haqları uğrunda mübarizə üçün dövlətin ən ali orqanlarına müraciətdən çəkinirlər.

İnsanlara qənimət kimi baxan və cazasızlıq eyforiyasına qapılan bu saxta generallar dəstəsinin üzvləri hər parıltılı ulduzu yeni bir cinayət növünə görə qazanıblar.

İndi MTN-lə sinonim sözlərin sırasına baxın - ilişmək, hesaba oturmaq, mal varlığına əl qoyulmaq, ada keçirmək, yağmalamaq, susdurulmaq, mülkünü verməklə canını qurtarmaq, şəxsi həbsxanaya salınmaq kimi orta əsr davranışlarını təyin edən ifadələr... Bunları dövlət adından edənlərin təkcə insanlara yox, müstəqilliyimizə necə qənim kəsildiklırini sübuta yetirməyə ehtiyac qalırmı? Halbuki bu ölkənin düşmənlərini heç bir məmur bu qədər sevindirməmişdi. Saxta generalların hansı hünər hesabına belə mükafatlandırıldığını isə indi sıravi vətəndaşlar da əzbər bilir. Hər halda onlar Ermənistanla Gercüsatın arasında diplomatik, siyasi qalmaqal yaratmağa nail olmayıblar, Şimali Qafqazın əhalisi içərisində Azərbaycana yer etmək və maraqlarımızı irəlilətmək üçün gecələrini gündüzə qatmayıblar, ruslarla ermənilərin arasında nifaq toxumu əkməyiblər, nəhayət, ərazilərimzi işğal edən tərəfin prezident aparatından məxfi qovluqları siyasi elitamıza daşımayıblar, hərbi sirləri ələ keçirərək qoşunlarımıza taktiki üstünlük qazandırmayıblar, yaxud diversiya qruplarının ifşasında ad çıxarmayıblar. Axı gizli cəbhənin adamlarının hər rayonda başçı təyin olunan nümayəndələrinin adicə diş poliklinikasının üstünə qoyduğu haqqın müqabilində onlar hansı xarici təhlükəyə diş qıcaya bilərdi ki?!

Hitler yəhudiləri bütün müharibələrdən qazanmaqda qınayır. Eyni şəraitdə bizim mundirli işbazlarımızın Qarabağ savaşından da bəhrələnmədiyinə şübhə yeri qalmır.

Qarşımda "N" saylı hərbi hissənin bölük komandirinin məktubu dayanıb. O, hazırki şəraitdən öz xeyrinə yararlanaraq revanş götürmək istəyənlərə bənzəmir. Cəbhə xəttinə yaxın olan hissədə xidmət keçən zaman Ə.B. və daha 5 nəfər əskəri düşmənlə hansısa şübhəli əlaqədə suçlandırıblar. Bunu müxtəlif maddələrlə həyata keçirdiklərini və onların günahlarını necə boyunlarına qoyduqlarını məktubda açıq göstərən keçmiş komandir özü "birtəhər azadlıqda qala bilib". İndi vicdanının səsi ilə həmin saxta işə yenidən baxılmasını xahiş edir.

Baş prokurorluğa göndərəcəyimiz məktubun üzərindən,o cümlədən, gedib ermənilərlə əməkdaşlıq edərək buraya-öz qardaşlarına zəng vuran qatillərin haqqında eşitdiklərimizdən belə qənaətə gəlmək olur ki, adamları şantaj etməyin ən yaxşı yarlığı ermənilərə işləmək, yaxud onlarla əməkdaşlıq olub.

Həbs olunmamaq üçün üzərlərinə quyulmuş fantastik rəqəmlərdən təkcə insan taleləri qırılmayıb, yaxud ailələri dağılmayıb, həmçinin sümürgənlərin qanunsuz varlanması iqtisadi təhlükəsizliyimiz əleyhinə qəsd planı kimi müəyyən xarici xidmət orqanlarının bizim müvafiq şəxsləri öz təsir dairələrinə saldıqları qənaətini daha da möhkəmləndirir. Çünki belə cəbr aparatını bir adamın başı ilə qurmaq mümkün deyildi.

Azərbaycanda qlobal iqtisadi böhranın xarici təsirlər hesabına baş vermədiyini indi daha rahatlıqla söyləmək mümkündür. Əgər "Sədərək"dən "Karvansaray"a,"Bayraq meydanı"ndan Azərbaycanın "kiçik Küveyti" adlanan Şəmkir rayonuna qədər yüzlərlə iş adamı üzərinə külli miqdarda bac-xərac və töycü qoyulubsa, ölkəmizin xarici ticarət dövriyyəsində kiçik və orta sahibkarlığın tutduğu yerə və ÜDM-dəki payına rəğmən, bağlanan iş yerlərinin və azalan büdcə ödəmələrinin başlıca səbəbinin məhz MTN adından həyata keçirilən banditimiz fəaliyyəti olduğuna heç bir şübhə yeri qalmır. İnsanlara dəymiş milyardlarla manat ziyan həm də xalqın kisəsindən gedir. Çünki kapitalını kənara çıxarmaq məhkumluğuna düçar olan hər kəs buradakı yüksək inkişaf içərisində yer alan qurdların yeminə çevriliblər.

Axı hər kəs təsdiq edir ki, ötən illər ərzində bu ölkə müharibə keçmişini bir kənara qoyaraq böyük bir yol qət eləyib, humanitar fəlakəti və işğal gerçəkliyini prezdent İlham Əliyevin ağlı, gücü, çevikliyi ilə aradan qaldırıb. Hətta verdiyi son qəraralarından öncə keçirdiyi müşavirədə bir daha ona edilən xəyanətlərə nə qədər dözümlə tab gətirdiyini və şəxsi edam hissindən uzaqda durduğunu nümayiş etdirən dövlət başçısının səbrini daşıranlar, dövlətin nəhəng orqanizmində özünə yer tutmuş parazitlər isə hakimiyyəti süfrəyə çıxarmağa hazır görünürdülər.

Eldarovşina dövləti, nazirləri və vətəndaşları eyni entuziazmla şantaj edib, onları komrpomat seli əhatəsində vahimədə saxlamağa çalışıb. Bu zaman artıq saray dəhlizlərində onun ziyanına cərəyan edən istənilən xətti bloklamaq bəlli səbəbdən çətin olmayıb.

Üstəlik, dövlətin əsas maliyyə - kredit siyasətini həyata keçirdiyi Beynəlxalq Bankın resursları da onun sərəncamına verilibsə, deməli,"Sprut" mənzərəsi tam qarşımıza çıxır. Bütün provayderlər üzərindən internet resurslarına total nəzarəti həyata keçirərək təhlükə qüvvələrini axtarmaqdansa, kimin varı-dövləti 1 milyona qədərdir, yaxud ondan yuxarıdır, belə bir kvota əsasında gündəlik canavar əqidəsi ilə axtarışa çıxan orqan başçısı indi MTN-i ümumxalq təpkisinin ortasına atıb və evində dustağa çevrilib. Belə qiyabi müttəhimlik vəziyyəti ilə qazanılmış gizli milyardları büdcəyə qaytamaq mümkün olacaqmı, onu zaman göstərəcək.

Lakin adamların hər gün işdən kənarlaşdırılan daha bir çekistə dair vəcdə gəlməsi fonunda bu millətin təhlükəsizliyi üçün düşünən hər kəs içəridən ağrıyır. Ekranlarda suçlanan o binanın günahını yuyub,oradakı yeni insanları ayağa qaldırmaq, düşmənlə savaşda xalqın yanına gətirmək, böyük ürəklə o müqəddəs işə can atanların yeni ordusunu formalaşdırmaq və ən nəhayət, o binanın bir addımlığında uyuyan böyük Heydər Əliyevin ruhunu sevindirməyə bizim gücümüz çatacaqmı? Axı kəşfiyyatçılarımızın keçmiş qara səhifələri qapadaraq, tamam yeni simada səngərə çıxmaları xeyli zaman aparacaq və onu təkcə sistem adamları deyil, toplumun hər bir üzvü təmin etməli olacaqdır.

Bu gün müsəlman aləmində bəlkə də yeganə sabitlik məkanına çevrilmiş Azərbaycanın güclü Liderinin imzaladığı qərarı canı-dildən müdafiə etmək üçün adamlar mandat qorxusu yaşamadan səslərini çıxarıb danışmırsa, guya deputat olmadan təhlükəsizlik qayğısını yaşamırsa, onların hansı kresloları qoruduğuna heyrət edirsən. Halbuki, Birinci Şəxsin imzasını və qərarlarını mülklərini itirmək qorxusu yaşamayan sadə vətəndaş məmur və deputatlardan daha yaxşı edir. Gördüyünüz kimi, bir vaxtlar qənimət kimi yığılmış ləl-cəvahiratlar keçmiş naziri xilas etmir, onu millətin məhkəməsindən kənarda qoymur.

Bir vaxtlar gizli dünyanın kralı kimi yaşayan və dövləti içindən udacağını düşünən, şaxələnib digər qurumları da öz ağuşuna alan bir adam indi bir neçə kvadratmetrlik hücrəyə sığışa bilir. Bax, ən böyük cəza budur - evinin həbsxanaya çevrilməsi, bütün təzimetəmlərdən və gündəlik daxiolmalardan məhrum olması, doğmalarından yadlıq görməsi, ən başlıcası, səndən qorxanların gözlərindəki intiqamı hiss etməkdən dəhşətli heç nə yoxdur. Ona görə də bizi yeni həbslər dalgası sevindirməməlidir. Bütün dəyən ziyanlar, nə qədər qeyri-peşəkar olsalar da, bir qurumun adına - deməli, dövlətin bel sütununa dəyir.

Bəli, bu ölkədə təhükəsizlik də, birgəyaşayış da bir Liderin xarizmasına, adına, böyük əməllərinə dayanaraq duruş gətirib! Ona görə də generalları elə onların metodu ilə yağmalamağa çalışmayın, onların daşıdıqları gizli kasetlərdən yeni elşadların yaramasına yol verməyin,həmin şəxslərin informasiya daşıyıcıları olduqlarını nəzərə alaraq bütün cəmiyyətdə qarşılıqlı nifaq törətmək üçün hər sefydə - hər kitab rəfində patronlarının olduğuna rəğmən dindar kütlələrinin ayağa qaldırılmasına da, qiymətlər üzərindəki manipulyasiyalara da soyuqqanlı yanaşın. Axı bizlər kiminsə gilyotinaya göndərilməsindən həzz alan sadistlər deyilik.Yeni bir milli "Vikiliks"in yaranmasına yol vermək olmaz. Ona görə oktapodların sonunu görmək heç də maraqlı tamaşa deyil. Hər halda, Səhiyyə Nazirliyinin ağ xalatlıları mühakimə olunmur. Məhkəmə qarşısına çıxan bizim təhlükəsizliyimizdir. Biz o mundiri və rütbələri həqiqi qazanmış adamları lenincəsinə çirkli suya qatılıb atılan uşağa çevirməli deyilik!

Bilirsiz, Çovdarovu ilk dəfə qəzetdə görəndə onun ağır çəkili obrazını kiminlə müqayisə edim, deyə düşünmüşdüm. Lakin belə çekist forması hər halda xəyalımda qalmamışdı. Onun adı üzərindən hər kəs Selincerin "çovdarlıqda uçurumdan qoruyan" əsərini xatırladı.

Gerçəkdən də bu cür dənlərin birinin belə torpağa düşməsi bizi yenidən zəhərləyə bilər. Həmin romanda deyildiyi kimi,Amerika öz cəmiyytindəki eybəcərlikləri danışaraq, yazaraq, mühakimə edərək irəliyə gedə bildi. Ona görə Selincer qədim misirlilərin sifətləri mumulyalanmış adamalrını müasir dünyamıza gətirərkən iki fərqli formasiyanın adamlarını müqayisə etməyə çalışmışdı.

Cənablar, sizi mumiyalayıb tarix dərslərində xalqa pislik nümunəsi kimi təqdim etmək belə bizim havamızı, suyumuzu çirkləndirir.

Ulu öndər bir dəfə prokururluq orqanlarındakı ab-havanı göstərərək,"o pəncərələri açın, yeni hava gəlsin"demişdi. İndi bizim maksim isayevlər bəlkə də yeni binada Heydər Əliyevin tunc heykəli qarşısında təzədən and içməyə borcludular!

Dzerjinskinin dediyi kimi, çekistin təmiz əlləri, soyuq ağlı, qaynar ürəyi olmalıdır, cənablar!

Zahid Oruc - millət vəkili

Milli.Az


Tags:  Evi həbsxanaya çevrilən azərbaycanlı nazir


RƏYLƏR


Top news