Bakı Şəhər Prokurorluğunda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

Bakı Şəhər Prokurorluğunda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
17:38 15 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın 15-də Bakı Şəhər Prokurorluğunda ərazi rayon (şəhər) prokurorluqları işçilərinin iştirakı ilə 2015-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov bildirib ki, əvvəlki illərdə olduğu kimi, 2015-ci il də ölkəmiz üçün uğurlu olub, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilmiş müstəqil, düşünülmüş siyasi kurs sayəsində ölkəmiz uğurlu inkişafını davam etdirib, dünya birliyindəki mövqeyini daha da möhkəmləndirib. Bunu ötən il ölkəmizdə keçirilmiş mühüm beynəlxalq tədbirlər də təsdiqləyir. Bütün bunların əsasında sabit dövlət siyasəti durur ki, bu sabitlik bilavasitə ölkə rəhbərliyinin gərgin əməyinin məntiqi nəticəsidir.
AZƏRTAC xəbər verir ki, hesabat dövründə şəhər prokurorluğunun əməkdaşlarının cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində paytaxtın digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək bir çox nailiyyətlər əldə etdikləri diqqətə çatdırılıb. Qeyd olunub ki, şəhər prokurorluğu əməkdaşları tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərlik əsasən düzgün təşkil edilib, bu sahədə tələbkarlıq daha da artırılıb, istintaq və təhqiqatın tam, hərtərəfli və obyektiv aparılmasına nəzarət gücləndirilib. Görülmüş müsbət işlərin nəticəsidir ki, il ərzində prokurorluqda 578, daxili işlər orqanlarında isə 4644 cinayət işinin istintaqının tamamlanması təmin edilib.
Paytaxtın prokurorluq və digər hüquq mühafizə orqanlarının birgə həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə baş vermiş bir çox cinayətlərin, o cümlədən qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin, bağlı qalmış ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması və bir sıra digər qanun pozuntularının qarşısının alınması təmin edilib. Həmçinin həmin cinayətlərin sayında azalma müşahidə olunub ki, bu da respublikamızda ictimai-siyasi sabitliyin təmin edilməsi sahəsində görülmüş işlərin müsbət nəticəsi kimi qiymətləndirilib. Belə ki, Nizami rayonunda Fizuli İskəndərovun, Xəzər rayonunda Xatirə Rzayevanın və Əzizə Həsənovanın, Nərimanov rayonunda Bəxtiyar Əliyevin, Səbail rayonunda isə Tahir Talıbovun qeyri-aşkar şəraitdə qəsdən öldürülmələri cinayətlərinin açılması təmin edilərək təqsirkar şəxslər məsuliyyətə cəlb olunublar.
Şəhər prokuroru son illərin kriminogen durumunda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin narahatçılıq doğuran əsas problemlərdən biri olduğunu xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il dekabrın 26-da imzaladığı “Yol nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin layiqincə icrası daim nəzarətdə saxlanılıb. İl ərzində xüsusən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri Bakı Şəhər Prokurorluğunun diqqət mərkəzində olub. Bu sahədə həyata keçirilmiş qabaqlayıcı-profilaktik tədbirlərin nəticəsidir ki, paytaxtda həm ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin, həm də həmin hadisələr nəticəsində ölənlərin, eləcə də bağlı qalmış cinayətlərin sayı ildən-ilə azalıb. Həmçinin müşavirədə bu sahədə mövcud çatışmazlıqların və yol verilmiş qanun pozuntularının vaxtında aşkar edilib aradan qaldırılması üçün bütün zəruri tədbirlərin görülməsi hər bir əməkdaşdan tələb edilib.
Müşavirədə vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işinə xüsusi diqqət yetirilərək hər bir əməkdaşdan vətəndaşların qəbulu və onların müraciətlərinin araşdırılması işinə qayğı və həssaslıqla yanaşması tələb olunub. Bildirilib ki, hesabat dövründə Bakı Şəhər Prokurorluğunda ümumilikdə 1876 vətəndaşın qəbulu təşkil edilib. Onlardan 403 nəfəri şəxsən şəhər prokuroru tərəfindən qəbul olunub.
Qeyd edilib ki, hesabat dövründə şəhər prokurorluq orqanları üzrə müasir informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən istifadə edilməklə Baş Prokurorluq tərəfindən hazırlanmış “Elektron sənəd dövriyyəsi” və “Elektron cinayət” proqramlarının uğurla tətbiqinə başlanılıb. Həmin proqramların səmərəli istifadəsi məqsədilə hazırlıq kursları təşkil edilib.
Bundan başqa, Azərbaycan Prezidentinin “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” 2002-ci il 28 sentyabr tarixli Fərmanı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli Qanun və bu sahədə qəbul edilmiş digər normativ hüquqi aktlar, habelə həmin qanunların və normativ aktların tələblərinə uyğun olaraq qəbul edilmiş Baş Prokurorun müvafiq əmrləri bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırılaraq bu sahədə prokuror nəzarətinin gücləndirilməsi və qüvvədə olan qanunvericiliyin tələblərinə əməl edilməsi tələb olunub.
Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı, nöqsanlar da diqqətə çatdırılıb. Ötən il ərzində qəsdən adam öldürmə cinayətlərinin və ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının azalmasına baxmayaraq, Qaradağ və Yasamal rayonlarının hər birində 1 qəsdən adam öldürmə, Nəsimi rayonunda 1 qəsdən adam öldürməyə cəhd, Sabunçu rayonunda 2 və Xətai rayonunda 1 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin açılmaması narahatçılıq hissi ilə qeyd edilib. Həmin işlərin tezliklə açılması və təqsirkar şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi üçün intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının zəruriliyi vurğulanıb. Şəhər prokuroru tərəfindən bu istiqamətdə müvafiq göstərişlər verilib, prokurorluq, daxili işlər orqanlarının istintaq və təhqiqat fəaliyyətində aşkarlanmış nöqsanlar, qanun pozuntuları və süründürməçilik halları konkret misallarla göstərilərək, onların təhlil olunub aradan qaldırılması tələb edilib.
Əməliyyat müşavirəsində şəhər prokurorluğunun əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb olunub. Vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluğunun bir sıra əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. İki əməkdaş prokurorluq orqanlarından xaric edilib, 2 nəfər vəzifədən azad olunun, bir nəfər isə vəzifədən kənarlaşdırılıb.
Müşavirədə şəhər prokurorluğunun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Mircavan Kazımov çıxış edərək 2015-ci il ərzində daxili işlər orqanlarında cinayətkarlığa qarşı mübarizənin, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrdən danışıb. Müraciətlərə baxılması şöbəsinin rəisi Ceyhun Qurbanov isə şəhər prokurorluq orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkili, bu istiqamətdə görülmüş işlər haqqında ətraflı məlumat verib.
Yekunda şəhər prokuroru Əziz Seyidov hər bir prokurorluq əməkdaşının dövlət səviyyəsində göstərilən böyük etimadı doğruldacağına, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində öz qulluq və vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Seher_Prokurorlugunda_oten_ilin_yekunlari_ve_qarsida_duran_vezifeler_muzakire_edilib-918852

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR