Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Unun və çörəyin qiymətinin endirilməsi ilə bağlı KİV nümayəndələrinin iştirakı ilə monitorinq aparılıb

Date: 15 January 2016 18:03


Bakı, 15 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə hallarının qarşısının alınması məqsədilə təsdiq edilmiş birgə Tədbirlər Planına müvafiq olaraq bu kimi hallara qarşı təxirəsalınmaz qabaqlayıcı və inzibati, habelə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı yanvarın 15-dən etibarən əlavə dəyər vergisindən azad olunub.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti kütləvi informasiya vasitələri nümayəndələrinin, eləcə də AZƏRTAC-ın müxbirlərinin iştirakı ilə “28 May” metro stansiyası yaxınlığında yerləşən "Neptin" supermarketində monitorinq aparıb.
Supermarketin mağaza müdiri Vüsalə Qurbanova diqqətə çatdırıb ki, ötən ilin dekabrında manatın məzənnəsinin aşağı düşməsi unun, çörəyin qiymətinin bahalaşmasına səbəb olmuşdu. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, artıq bu gündən buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı əlavə dəyər vergisindən azad olunub. Bu da, öz növbəsində, unun, buğdanın qiymətinin enməsinə səbəb olub. Belə ki, yanvarın 15-dən etibarən mağazamızda 50 qəpiyə satılan 700 qramlıq çörəklər bu gündən 40 qəpiyə, 40 qəpiyə satılan 580 qramlıq çörəklər isə 30 qəpiyə satılır. Əminliklə deyə bilərik ki, biz qarşımıza qoyulan tapşırıqlara tam məsuliyyətlə əməl edəcəyik, əsassız qiymət artımına yol verməyəcəyik. Mövcud problemlərin aradan qaldırılmasında bütün imkanlarımızdan istifadə edəcəyik.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azad olunması birbaşa çörəyin maya dəyərində öz əksini tapır və satış qiymətlərinin müvafiq surətdə aşağı düşməsinə səbəb olacaq. 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat civarındadır. Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılır. Unu və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görüləcək. Hesab edirəm ki, bundan sonra sahibkarlar həm çəkinin, həm qiymətin saxlanmasında qanun pozuntularına yol verməməlidirlər.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən monitorinqlər davam etdiriləcək.


Tags:  Unun çörəyin qiymətinin endirilməsi bağlı KİV nümayəndələrinin iştirakı monitorinq aparılıb


RƏYLƏR


Top news