Böhrandan xilasın Azərbaycan modeli

Böhrandan xilasın Azərbaycan modeli
18:17 15 Yanvar 2016
9 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın leqal güc mərkəzləri sırasında Çin təqribən 3-4-cü yerləri bölüşür. Soyuq savaş dönəmindən, daha sonra ABŞ, Rusiya, Qərb qarşıdurmalarından faydalanan bu ölkə, ağıllı manevrləri ilə iqtisadi-siyasi qüdrətini artırmağı, dünya oyunçuları sırasında ön cərgəyə çıxmağı bacarıb. Siyasi təhlilçilər proseslərin bu axarla davam edəcəyi təqdirdə, Çinin yeni uğurlar qazanacağını, müqayisəsiz gücə çevriləcəyini proqnozlaşdırırdılar.

Amma elmi-ideoloji əsaslara bağlanan strategiyasına, ağıllı manevrlərinə, min illərə söykənən dövlətçilik ənənələrinə, heyrət doğuran iqtisadi artımına baxmayaraq, Çin də ABŞ strateqlərinin qurduğu "dollar tələsinə" düşdü. Çin Xalq Bankının rəsmən elan edilmiş statistikasına görə, "dollar oyununun" nəticəsində 2015-ci ildə ölkənin qızıl-valyuta ehtiyatları 13,3%, yuxud 512,7 milyard dollar azalıb. Məlumata görə, 2015-ci ilin təkcə dekabr ayında azalma 108 milyard dollar təşkil edib. Hökumət ölkənin milli valyutası olan yuanın dollar qarşısında məzənnəsini dəstəkləməyə qərar verərək, dollar ehtiyatlarını valyuta bazarına buraxsa da, iqtisadi tempin geri hərəkətini durdurmaq mümkün olmayıb (http://www.azadliq.info/112848.html). Geriləmə tempi 2016-cı ilin ilk günlərində də davam edib.

Dünya Bankının açıqlamasında isə qeyd edilir ki, 2015-ci il ümumilkdə dünya ölkələrinin iqtisadi inkişafı, milli valyuta ehtiyatları üçün problemli il olub. İnkişaf etmiş ölkələrin 2015-ci il üzrə iqtisadi göstəricilərinin təsvirini verən DB təmsilçisi Kauşuk Basu bu ili "dünya iqtisadiyyatı üçün məyusedici il" adlandırıb (http://musavat.com/news/iqtisadiyyat/dunya-banki-2016-ci-ilde-azerbaycanda-08-faiz-iqtisadi-artim-proqnozlashdirir_316822.html). Basu 2016-cı ili "riskli il" kimi təsvir edərək, onun bütün ölkələr üçün problemlərlə müşaiyət ediləcəyinə işarə verib.

Bunu, ABŞ-ın diktəsinə boyun əyməyən bütün ölkələr üçün "həyəcan siqnalı" kimi də qəbul etmək mümkündür. Nəticə çıxır ki, siyasi qərarlar üzərində qurulmuş böhran faktoru hələ uzun müddət davam edəcək, yeni dövrün şərtlərinə uyğun davranmayanlar sıradan çıxarılacaq.

"İşbazların" media uzantıları

Yerli onlayn media resurslarını izləyəndə isə elə təəssürat yaranır ki, bütün dünyanı təşvişə salmış, problemlə üz-üzə qoymuş "valyuta oyunu"nun müəllifi Azərbaycan hökumətidir, yaxud, milli valyutanın zərbə alması yalnız Azərbaycan üçün xarakterikdir. Səbəb aydındır. Bəd proqnoz verənlərdən bir qisminin siyasi problemləri var, hər nə olursa- olsun, hakimiyyətin tənqid edilməsində fayda görürlər. Belələri mövcud hakimiyyəti təkcə olanlara görə deyil, hətta olması ehtimal edilənlərə görə də ittiham edirlər. Bəziləri "Dolların məzənnəsinin artmasına görə 2016-cı ildə 100 minədək iş yeri bağlanacağ"ını ehtimal yox, 100 faizlik fakt kimi təqdim etməklə çaşqınlıq yaradır, baş verənlərin günahını "yaşlı kadrların" işində axtarır, hökuməti adekvat addımlar atmamaqda qınayırlar (http://musavat.com/news/iqtisadiyyat/qubad-ibadoglu-2016-ci-ilde-100-minedek-ish-yeri-baglanacaq-video-musahibe_316953.html). Digər bir qism isə yaranmış duruma təbliğat üçün fürsət kimi baxır. İllərlə üstünü toz basmış "ekspertlər" künc-bucaqdan çıxaraq vahimə yaradan "təhlillər" verməklə, guya indi baş verən "iqtisadi fəlakəti" illər öncə proqnozlaşdırdığını deməklə (http://istiqlal.az/news/4352.html) özünə imic formalaşdırır. Təəccüb doğuran məqam isə səhv olduğu bilinən, sadə vətəndaşda vahimə yaratmağa köklənən açıqlamaları həvəslə tirajlayan media qurumlarındadır. Təəssüf ki, son vaxtlar bəzi KİV-lər, xüsusən onlayn resurslar yaranmış durum barədə əhalidə fikir aydınlığı yaranmasına yox, vəziyyətin daha da mürəkkəbləşməsinə xidmət edən məlumatlar yayırlar.

Dolların məzənnəsinin artımı, milli valyutaların dəyərdən düşməsi təkcə Azərbaycanda yox, bütün dünyada baş verən prosesdir. Ölkə vətəndaşına düzgün məlumat çatdırmaqla onun toparlanıb vəziyyətdən çıxmasına yardım etmək mümkündür. Elmi disputlara yer verməklə, sınanmış ekspertlərin fikirlərini tirajlamaqla KİV adamlarda gələcək fəaliyyətlərini necə qurmaq barədə təsəvvür formalaşdıra, bu yolla prosesə fayda vermiş olar (http://musavat.com/mobile/deputat-azerbaycan-hokumetine-chixish-yolunu-gosterdi_316029.html?welcome=1).

Ssensasya axtaranlar üçün də mövzu var. Kriminal, şou, insident, ajiotaj həvəskarı olan oxucu auditoriyasını cəlb etmək üçün qondarma mövzular quraşdırmağa, 20 adamın toplantısını ssesnsasiya xatirinə hansısa bir "rayonda üsyan olması" kimi təqdim etməyə lüzum yox (http://demokratiya.info/logo-sag/13419-ucarda-devalvasiya-usyani.html).
Zatən manatın məzənnəsi ilə bağlı durumdan istifadə edib süni sabotaj yaradan, narahatlıq formalaşdırıb əhalini dövlətdən narazı salan, yaxud, qarışıqlıq yaradıb varlanmaq istəyən kifayət qədər şəxslər mövcuddur. Sayları kifayət qədər çox, əməlləri, metodları, düşüncələri ssensasiya doğuracaq qədər heyrətlidir. İctimai-siyasi sektorda, biznes sahəsində otruşmuş, hətta bəzi hakimiyyət strukturlarına qədər irəliləməyi bacarmış belələrini ifşa etməklə həm ssensasiya axtaran oxucunu cəlb etmək, həm də təmizləmə əməliyyatına yardım edib xalqa fayda vermək mümkündür. Ssensasiyalı olsa da, bu şəxsləri ifşa etmək medianın həm qanunla ifadə olunan vəzifəsi, həm beynəlxalq təcrübəyə əsaslanan statusu, həm də milli təəssübkeşlikdən irəli gələn missiyasıdır.
Ölkə Prezidenti də KİV-in bu yöndə hərəkətinə dəstək verməyə hazır olduğunu açıqladı. Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bu məsələyə də toxundu: "Son günlər baş verən devalvasiyadan bir sıra işbazlar istifadə edirlər. Onlar süni bahalaşma yaradaraq əhalidən artıq pul qazanmağa çalışırlar. Buna qarşı mübarizədə prokurorluq və digər aidiyyəti qurumlarla yanaşı, mətbuat da fəal olmalıdır" (http://news.milli.az/society/396771.html ).

Əgər bu qədər mövzu bolluğunda hansısa KİV real faktları, qanun pozucularını bir yana qoyub qondarma insidentlərə, "ekspertlərə" yer verirsə, bu yolla cəmiyyətdə çaşqınlıq yaradırsa, deməli, marağı var. Belələrini, barəsində danışılan "İşbazların" media uzantıları kimi tanımaq mümkündür.

Böhrandan xilasın Azərbaycan modeli

Dünya böhranını durdurmağın, vəziyyəti sabitləşdirməyin vahid modeli yoxdur. Çünki yaranmış vəziyyət təbii gedişatın, iqtisadi proseslərin göstəricisi yox, dünya güclərinin siyasi qərarlarının nəticəsi olaraq qəfil peyda olub. Bir ilin ərzində neftin dəyərinin süni vasitələrlə su qiymətinə endirilməsini, dolların məzənnəsinin əl jesti ilə qaldırılmasını, siyasi çaxnaşmalar yaradılacağını min illik tarixi olan dövlətlər hesablaya bilməyibsə, deməli, vəziyyət ciddidir. Amma "sudan quru çıxmaq" mümkün deyilsə də, itkiləri minimuma endirməyin yolları var. Bu yolu dünyaya Azərbaycan təqdim edir. Dolların məzənnəsinin qalxmasının uzun müddət inzibati vasitələrlə qarşısının alınmasını bəzən hökumətə irad kimi qeyd edirlər. Amma işin əks tərəfi də mövcuddur. Bunu Azərbaycan xalqının böhranlı durumu çox qısa zaman kəsiyində yaşaması üçün atılmış addım kimi dəyərləndirmək olar. Əhali bəhs olunan "qısa zaman kəsiyi"ndə də yardımsız buraxılmayıb, keçid üçün proqram hazırlanıb. Ölkə Prezidenti "ümumilli səfərbərlik" elan edib. Gündəlik ərzaq məhsullarının qiymətinin sabit saxlanılması üçün göstəriş və xüsusi sərəncam verilib (http://strateq.az/aktual/17370-unun-v%C9%99-%C3%A7%C3%B6r%C9%99yin-qiym%C9%99tinin-endirilm%C9%99si-bar%C9%99d%C9%99-q%C9%99rar-verildi-color-red-r%C9%99smi.html). Dərman vasitələrinin əhali üçün əlçatımlı olmasına yönəlik tədbirlər görülüb. Ölkəyə zəruri malların gətirilməsi, ixracı nəzərdə tutulan malların isə aparılması üçün kömrük orqanlarında ciddi islahatlar keçirilib.
Proses bununla yekunlaşmayıb. Nəzərlər milli valyutanın məzənnəsinin sabitləşdirilməsinə, dolların kursunun süni şəkildə artırılmasının qarşısının alınmasına yönəlib. Artıq əldə edilmiş nəticələr ümid verir ki, valyuta məzənnəsinin sabitləşməsi prosesi də tezliklə yekunlaşacaq.
Böhrandan çıxış təkcə qanunların təkmilləşdirilməsi, hakimiyyətin cəhd göstərməsi ilə yox, həm də hər bir vətəndaşın milli təəssübkeşliyi ilə bağlıdır. Lazım olan anda bu təəssübkeşliyimizi əsirgəməyək.

Müşfiq Ələsgərli
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/398320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR