Gömrükçülər ölkəyə gətirilən xeyli həcmdə taxta məmulatının realizə edilməsinin qarşısını alıblar

Gömrükçülər ölkəyə gətirilən xeyli həcmdə taxta məmulatının realizə edilməsinin qarşısını alıblar
18:33 15 Yanvar 2016
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Gömrükçülər tranzit gömrük proseduru altında ölkə ərazisinə gətirilən xeyli həcmdə taxta məmulatının realizə edilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Astara Gömrük İdarəsinin gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Astara şəhər sakini Əhədulla Hümmətlinin idarə etdiyi “KAMAZ-5410” markalı, 07BD314/44ZA346 nömrə nişanlı yük maşınından həmin şəhərin sakini Nurulla Nurəliyevin idarə etdiyi “MAZ-54323” markalı, 07BA677/07ZA147 nömrə nişanlı yük maşınına taxta məmulatı yüklənərkən hər iki şəxs saxlanılıb, yükləmə-boşaltma əməliyyatı dayandırılaraq yükə və nəqliyyat vasitəsinə dair sənədlər tələb olunub.
Sürücü Əhədulla Hümmətlinin təqdim etdiyi yükə və nəqliyyat vasitəsinə dair sənədlərə əsasən, maşında olan taxta yükü Rusiya Federasiyasından İran İslam Respublikasına göndərilməsindən ötrü bəyannaməçi - Bakı şəhərində yerləşən “MARS-SM“ MMC tərəfindən bəyan olunmaqla, bu ilin yanvarın 6-da Bakı Baş Gömrük İdarəsində tranzit çıxış təyinatı üzrə rəsmiləşdirilib və tranzit gömrük proseduru altında İrana göndərilməsindən ötrü Astara Gömrük İdarəsinə təyinat verilib.
Hər iki yüklü nəqliyyat vasitəsi müvafiq araşdırma aparılması üçün Astara Gömrük İdarəsinə gətirilib və gömrük nəzarəti altında saxlanılıb. Daha sonra həmin yük maşınlarında olan taxta məmulatının çəkisi müəyyən edilib.
Nəticədə, təqdim olunan sənədlərdə yükün çəkisi 31 min 500 kiloqram, ölçüsü 50,8395 kubmetr göstərildiyi halda, faktiki olaraq yükləmə-boşaltma əməliyyatı zamanı saxlanılan iki maşındakı yükün ümumi çəkisi 11 min 700 kiloqram, ölçüsünün isə 17,308 kubmetr olduğu məlum olub.
Astara Gömrük İdarəsinin əməkdaşları Azərbaycan Respublikasının ərazisindən keçməklə Rusiya Federasiyasından İran İslam Respublikasına tranzit gömrük proseduru altında taxta yükü aparan digər nəqliyyat vasitələrində də oxşar faktları qeydə alıblar. Həmin nəqliyyat vasitələrinə gömrük nəzarəti zamanı təqdim olunan yük müşayiət sənədlərində göstərilənlərlə faktiki yük arasında uyğunsuzluq müşahidə edilib.
Azərbaycan Respublikasının vətəndaşları - Mahir Abbasovun idarə etdiyi “MAZ-54323” markalı, 42BO539 nömrə nişanlı maşında yükün çəkisi 33 min 100 kiloqram, ölçüsü 50,179 kubmetr göstərildiyi halda, faktiki olaraq ümumi çəkisinin 13 min kiloqram, ölçüsünün isə 31 kubmetr olduğu, Zaur Əkbərovun idarə etdiyi “KAMAZ-5410” markalı, 10NV690 nömrə nişanlı maşında yükün çəkisi 32 min 900 kiloqram, ölçüsü 55 kubmetr göstərildiyi halda, faktiki olaraq ümumi çəkisinin 14 min 200 kiloqram, ölçüsünün isə 38 kubmetr olduğu, Raqib Babayevin idarə etdiyi “KAMAZ-5410” markalı, 42BH674 nömrə nişanlı maşında yükün çəkisi 33 min 100 kiloqram, ölçüsü 50,179 kubmetr göstərildiyi halda, faktiki olaraq ümumi çəkisinin 13 min 600 kiloqram, ölçüsünün isə 35 kubmetr olduğu, Mahir Abbasovun idarə etdiyi “KAMAZ-5410” markalı, 10XH981nömrə nişanlı maşında yükün çəkisi 33 min 825 kiloqram, ölçüsü 50,179 kubmetr göstərildiyi halda, faktiki olaraq ümumi çəkisinin 15 min kiloqram, ölçüsünün isə 38 kubmetr olduğu aşkara çıxarılıb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gomrukchuler_olkeye_getirilen_xeyli_hecmde_taxta_memulatinin_realize_edilmesinin_qarsisini_aliblar-918884

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR