Dövlət xidmətlərinin Elektron Reyestr portalının təqdimatı keçirilib

19:03 15 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə yanaşı, bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə vətəndaşlara dövlət xidmətləri haqqında informasiyanı təqdim edən dövlət xidmətlərinin Elektron Reyestr portalı www.dxr.az yaradılıb.
AZƏRTAC xəbər verir ki, yanvarın 15-də portalın təqdimat mərasimi keçirilib. Tədbirdə agentliyin informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov bildirib ki, portalın yaradılmasında əsas məqsəd vətəndaşların xidmətlər haqqında ətraflı məlumat əldə etmək imkanlarının, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsidir. O qeyd edib ki, bunun üçün dövlət xidmətləri barədə vətəndaşları maraqlandıran informasiyalar araşdırılıb, təhlil edilib və reyestrin strukturu müəyyənləşdirilib. Həmçinin Elektron Reyestrin proqram təminatı hazırlanıb, xidmətlər sistemə daxil edilib, paralel olaraq müxtəlif istiqamətdə sınaqlar həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin elektron xidmətlərin inkişafı, sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərov portalın yaradılmasında əsas məqsədin şəffaflığın təmin edilməsi odluğunu söyləyib. O, Elektron Reyestr portalında 116 dövlət orqanının qeydiyyatdan keçdiyini qeyd edib.
Bildirilib ki, təqdim olunan portal məlumatların vətəndaşlar tərəfindən effektiv istifadəsi məqsədilə hazırlandığı üçün növbəti illərdə də vətəndaşlardan gələn təkliflər istiqamətində daha da təkmilləşdiriləcək.
Vurğulanıb ki, dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestri Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanı ilə yaradılıb. Həmin fərmanın 4.2-ci bəndinin icrası məqsədilə Nazirlər Kabineti tərəfindən 2015-ci il 9 fevral tarixli qərarla “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin aparılması” Qaydaları təsdiq edilib. Fərmana əsasən, dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin aparılması Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_xidmetlerinin_Elektron_Reyestr_portalinin_teqdimati_kechirilib-918907

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR