Azərbaycanda çörək və unun son qiymətləri - CƏDVƏL - FOTO

Azərbaycanda çörək və unun son qiymətləri - CƏDVƏL - FOTO
19:12 15 Yanvar 2016
85 Digər
Ölkə mətbuatı
A- A+

Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı bu gündən etibarən əlavə dəyər vergisindən (ƏDV) azad olunub.

İqtisadiyyat və Sənaye Nazirliyindən APA-ya verilən məlumata görə, bunun nəticəsində unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə azalıb, daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb.

Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılacaq.

Unu və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görüləcək.

QƏRAR DƏYİRMANLAR ÜÇÜN DƏRMAN OLDU

Ölkənin ən iri un istehsalçıları bu qərarı olduqca müsbət qarşılayıb. Məsələn, "Karat Holding"in baş direktoru Taleh Qasımov APA-ya bildirib ki, bu gündən etibarən holdinqin tərkibinə daxil olan dəyirmanlarda 50 kiloqramlıq 1 kisə unun qiyməti 22 manata enib: "İlk öncə onu qeyd etmək istəyirəm ki, bu, ölkə başçısının atdığı humanist bir addım idi. Bunun nəticəsi olaraq, əhalinin aztəminatlı hissəsi ucuz un məmulatlarından yararlana biləcək. Qeyd edim ki, bu qərardan sonra regionda ən ucuz un Azərbaycanda olacaq. Bu, Azərbaycana nə verəcək? Birincisi, sözsüz ki, əhalinin aztəminatlı hissəsi mühüm sosial məhsul olan çörəyin qiyməti aşağı düşəcək. İkincisi, taxıl tədarükündə problemlər aradan qalxacaq. Taxıl bol olacaq ki, dolayısı ilə bu məhsul daha da ucuzlaşacaq. Üçüncüsü, undan hazırlanan digər məhsullar, məsələn, makaron, vermişel, şirniyyat və sairlərinin maya dəyəri aşağı düşdüyü üçün qiymətləri də düşəcək".

Bununla yanaşı, baş direktor hesab edir ki, bu qərar ölkə daxilində un məmulatlarının istehsalına ciddi təkan verəcək: "Mağazaların vitrinlərində yerli məhsullarla yanaşı, kifayət qədər idxal olunan məhsul da var. Bu qərar imkan verir ki, biz daxili istehsalımızın həcmini artıraq".

"NEON" firmasının rəhbəri Arif Həsənov isə bildirib ki, ƏDV-dən azad olunduqdan sonra firmada istehsal olunan 50 kiloqramlıq 1 kisə əla növ unun qiyməti 22,5 manatdır.

"Hökumət tərəfindən bizə çox böyük dəstək verildi. İstehsalçılarla yanaşı, bu, Azərbaycan əhalisinə böyük dəstəkdir. Çörək - strateji məhsuldur. Təbii ki, ölkə başçısının tapşırığı ilə atılan addım istehsalçılar üçün böyük dəstəkdir və bunun nəticəsi olaraq, ƏDV-dən azad olunduqdan sonra biz qiymətləri endirdik", - deyə A. Həsənov qeyd edib.

"ÜSTÜ UNLU, ÖZÜ DƏYİRMANÇI OLMAYANLAR"

ƏDV-nin ləğv olunması ölkədəki topdansatış mərkəzlərində unun qiymətlərinin enməsinə səbəb olub.

APA Bakının Mirəli Qaşqay küçəsində yerləşən bir neçə topdansatış mərkəzində qiymətlərlə maraqlanıb. Məlum olub ki, iki gün əvvəl ilə müqayisədə unun bir kisəsinin qiyməti 4,50 manat və ya orta hesabla 16% ucuzlaşıb. Belə ki, yanvarın 13-də topdansatış mərkəzlərində "Karmen" ticarət nişanlı unun bir kisəsi 28 manata satılırdısa, bu gün qiymət 23,50 manata düşüb.

Satıcılar unun ucuzlaşmasını buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad olunması ilə izah edir.

Bölgələrə gəldikdə, Ucarda əvvəllər 26 manata təklif olunan 50 kiloqramlıq 1 kisə un hazırda 24 manata satılır. Bununla yanaşı, çörəyin qiymətində enmə, çəkisində isə artım müşahidə olunur. Belə ki, dünən çəkisi 400-430 qram olan əla növdən hazırlanmış çörək 40 qəpiyə satılırdısa, bu gün eyni növdən hazırlanmış çörəyin çəkisi 520-540 qrama qədər artırılıb, qiyməti isə 10 qəpik enib.

Bundan başqa, hazırda Lənkəranda 500 qramlıq çörək 30 qəpiyə satılır, 50 kiloqramlıq 1 kisə unun dəyəri 24 manatdır. Üstəlik, Lənkəranda unun və çörəyin satışına nəzarət etmək məqsədilə Şəhər İcra Hakimiyyəti yanında monitorinq komissiyası yaradılıb. Komissiyanın sədri, ŞİH başçısının sosial-iqtisadi məsələlər üzrə müavini İlkin Rəhimovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, yanvarın 15-dən etibarən rayonun ticarət şəbəkələrində 50 kiloqramlıq əla növ unun bir kisəsi 23-24 manata satılır. Qiymətlərin sabit saxlanması, süni qiymət artımına yol verilməməsi üçün monitorinq komissiyası yoxlamalara başlayıb: "Biz vətəndaşlarımıza da müraciət edərək, onlardan sünü qiymət artımına rast gəldikləri təqdirdə dərhal bizə məlumat vermələrini xahiş etmişik".

Şirvanda, Göyçayda, Xaçmazda da 500 qramlıq çörək 30 qəpik, 1 kisə un isə 24 manata satılır.

Gəncədə çörəyin çəkisi və qiyməti yuxarıda sadalanan ərazilərdəki qiymət və çəkidən fərqlənməsə də, 1 kisə un 22,6 manatadır.

Ağdamda isə 1 kisə un 22-23 manata, 700 qramlıq çörək isə 40 qəpiyədir.

ÇÖRƏYİ ÇÖRƏKDƏN ÇIXANLAR NƏ DEYİR?

Bakı və Bakıətrafı ərazilərdə yerləşən iri çörək istehsalçıları deyir ki, bu gündən etibarən unun qiymətində müşahidə olunan eniş çörəyin qiymətinə də təsir edib. Onların sözlərinə görə, unun bahalaşdığı vaxtdan fərqli olaraq artıq mağazalarda 50 qəpiyə çörək tapmaq mümkün deyil. Hazırda ən bahalı çörəyin qiyməti 40 qəpik, çəkisi isə minimum 700 qramdır.

Beləliklə, un ucuzlaşanadək və bu gündən etibarən istehlakçılara təqdim olunan unun qiymət və çəkilərini təqdim edirik:

Müəssisə adı

Əvvəlki çəki(qr)

Əvvəlki qiymət (AZN)

Hazırkı

çəki (qr)

Hazırkı

qiymət (AZN)

№1 çörək zavodu

500

0,40

500

0,30

700

0,50

700

0,40

"Muğan çörək zavodu" ASC

620

0,40

500

0,30

700

0,50

700

0,40

Bakıxanov çörək zavodu

580-610

0,40

500

0,30

700

0,50

700

0,40

"Xəzər" çörək zavodu

600

0,40

500

0,30

700

0,50

700

0,40

"Nur" çörək zavodu

580-600

0,40

500

0,30

700-730

0,50

700

0,40

"Ucal" çörək zavodu

400-430

0,30

500

0,30

700

0,50

700

0,40

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/398335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR