20 Yanvar faciəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu ilə bağlı tədbir keçirilib

20 Yanvar faciəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu ilə bağlı tədbir keçirilib
19:23 15 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, Həsrət Mahmudova, AZƏRTAC
Yanvarın 15-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş “20 Yanvar hadisələrinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov xalqımızın hər il yanvarın 20-ni böyük kədərlə qarşıladığını bildirib. Eyni zamanda, tariximizə qəhrəmanlıq salnaməsi kimi yazılan həmin tarixin Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanlara ümumxalq səviyyəsində böyük ehtiram günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı hərbi, siyasi və mənəvi təcavüz törədildi. O dövrdə narazı xalqın əsas tələbi ermənilərin Dağlıq Qarabağdakı separatçı və ekstremist hərəkətlərinə son qoyulması idi. Lakin geniş xalq kütləsinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi qanlıq qırğın və böyük faciə ilə nəticələndi. Məhz həmin faciə günlərində xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan qəhrəman Vətən övladları şəhidlik zirvəsinə ucaldılar.
A.Rəhimov bildirib ki, 1993-cü ildə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı yolundakı xidmətləri müstəqilliyimizin sarsılmaz və əbədi olmasına əsaslı zəmin yaratdı. Bu gün biz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla azərbaycançılıq ideologiyasına sadiq olduğumuzu, sülhsevərlik və humanist dəyərlərimizlə dünyaya töhfə verdiyimizi təsdiqləyirik. Bu istiqamətdə Prezident İlham Əliyevin prinsipial mövqeyi və çoxşaxəli fəaliyyəti hər birimiz üçün nümunə təşkil edir. Məhz onun həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan nəinki regionda, həm də dünyada mövqelərini möhkəmləndirərək inamla inkişaf edir.
Nazir gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində 20 Yanvar faciəsinin səbəbləri, mahiyyəti, nəticələri ilə bağlı geniş məlumatlandırma işinin aparılmasının vacibliyini diqqətə çatdırıb.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxışında bildirib ki, 20 Yanvar Azərbaycanda təkcə faciə kimi deyil, eyni zamanda, istiqlal yolumuzun başlanğıcı, milli məfkurəmizin dönüş nöqtəsi kimi qeyd edilməlidir. Hər il 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi ölkə miqyasında, eləcə də xarici ölkələrdə anılır. Bununla bağlı imzalanan Sərəncamda da əsas məqsəd bu faciə ilə bağlı gənclər arasında geniş təbliğat işinin aparılmasıdır.
20 Yanvar şəhidlərinin ailələrinə Azərbaycan dövləti tərəfindən daim yüksək diqqət göstərildiyini vurğulayan V.Quliyev deyib: “İstərdik ki, gənclərimiz 20 Yanvar hadisəsinə hüquqi qiymət verilməsi üçün dünya ictimaiyyəti qarşısında davamlı olaraq məsələlər qaldırsınlar. İştirak etdikləri tədbirlərdə bununla bağlı məsələləri diqqətə çatdırsınlar. Bu baxımdan inanıram ki, gənclərimiz fəallıq nümayiş etdirəcəklər. Əminəm ki, 20 Yanvar faciəsinə dünya ictimaiyyəti tərəfindən hüquqi qiymət veriləcək.
Milli Məclisin deputatı, parlamentin gənclər və idman komitəsinin sədri Fuad Muradov 1990-cı il yanvarın 20-də xalqımızın mübariz övladlarının Azərbaycanın müstəqilliyi uğrunda öz canlarını qurban verdiklərini qeyd edib. Bu, onu sübut etdi ki, Azərbaycan xalqının müstəqillik arzusu dönməzdir. Təəssüf ki, o vaxtkı hakimiyyət faciəyə siyasi-hüquqi qiymət verilməsi istiqamətində heç bir addım atmadı. Yalnız 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamentində 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verildi.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin deputatı Şahin İsmayılov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov və digərləri çıxışlarında 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində mühüm rolundan danışıblar. Natiqlər xalqımızın azadlıq mübarizəsi yolunda mühüm dönüş nöqtəsi olan 20 Yanvarın ictimai-siyasi əhəmiyyətinin gənclərə çatdırılması, eləcə də ona siyasi-hüquqi qiymət verilməsi üçün geniş təbliğat işlərinin aparılmasının zəruriliyini qeyd ediblər.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_faciesinin_genclerin_vetenperverlik_terbiyesinde_rolu_ile_bagli_tedbir_kechirilib-918922

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR