Artan qiymətlərdir, yoxsa bəzilərinin iştahası?

Artan qiymətlərdir, yoxsa bəzilərinin iştahası?
19:34 15 Yanvar 2016
13 Sosial
Ölkə mətbuatı
A- A+

 

Qloballaşma belədir. Dünyanın hansısa nöqtəsində nəsə baş verdisə, bu, mütləq bütün dünyaya təsir edəcək. Hansısa ölkəyə az, hansınasa çox. Amma dünyada elə bir ölkə yoxdur ki, qlobal problemlərdən özünü təcrid edə bilsin. Düzdür, Şimali Koreya örnəyi var, amma o haqda heç danışmasaq, yaxşıdır.

 

Azərbaycan da qlobal problemlərdən biriylə üzləşib. Əsasən neft gəlirləri hesabına formalaşan dövlət büdcəmiz böyük qlobal oyunların qurbanları sırasındadır. Şərq və Qərbdə yerləşən 2 böyük güc arasında gedən dünyanı yenidən bölüşdürmə savaşının ağrısını Azərbaycan və onun kimi ölkələr çəkir.

 

Son günlər neftin qiymətinin kəskin şəkildə azalması və manatın dəyər itirməsi fonunda bu problem bir qədər də aktuallaşıb. Bəzi pozucu qüvvələr hər fürsətdə olduğu kimi bu dəfə də hərəkətə keçiblər. Dekabrın 21-də dolların yeni qiyməti elan edildikdən dərhal sonra bu qüvvələr sosial şəbəkələrdə “Dollar qalxdı, sən də qalx!” çağırışları etməyə, çox zaman kütlə şüuruyla hərəkət edən çoxluğu yanıltmağa çalışdı. Bu qüvvələr bir neçə il öncə hardasa keçirilmiş etiraz aksiyalarının videolarını bu günə aidmiş kimi qələmə verərək insanların ehtiraslarıyla oynamağa başladılar. Son günlər bəzi rayonlarda hətta vətəndaşları aldadaraq küçələrə çıxarmağa, dinc insanları dövlətə qarşı qoymağa da çalışdı bu qüvvələr. Məqsəd qələmə verildiyi kimi, çörəyin qiyməti deyil, ictimai narazılıq görüntüsü yaratmaq, hakimiyyəti laxlatmaq idi.

 

Amma bu adamlar bir şeyi unutmuşdular ki, Azərbaycan onların arzu etdiyi anarxiya dövlətlərindən biri deyil. Bu ölkədə istənilən problemin həllində son sözü Prezident İlham Əliyev deyir və hər zaman da məhz xalqın xeyrinə olanı edir. Necə ki, çörəklə bağlı məsələni dərhal həll etdi. Yəni un məhsullarının vergidən azad edilməsi, konkret qiymətlərin qoyulması artıq bulanıq suda balıq tutmaq istəyən işbazlara əl yeri qoymadı. Qiymət budur, buyurun, insanları çörəksiz qoymayın. Məsələ bir göstərişlə həll edildi. Bu isə o deməkdir ki, Azərbaycanda istənilən problemi beləcə həll edə bilərik. Yəni bunun üçün küçələrə çıxmaq, kimlərinsə istefasını tələb etməyə gərək yoxdur.

 

Haşiyə: Rayonlardan birindən yayımlanan “etiraz” kadrlarında diqqətimi bir məqam çəkmişdi. Əsasən qaçqınların yaşadığı yeni binaların sakinləri idi. Onlardan bəziləri evin damına çıxaraq intihar edəcəklərini deyirdi. Səbəb kimisə dövlətin onlara qayğı göstərməməsi göstərilirdi. Maraqlıdır, dövlət ev tikir, sənə hədiyyə edir, orda yaşayırsan və sonra da damına çıxıb iddia edirsən ki, həmin o dövlət sənə qayğı göstərmir?...

 

Bir də iddia edilir ki, Azərbaycan olanlara hazır deyilmiş. Yəni dövlət önləyici tədbirlər almayıbmış. Necə almayıbmış ki, düz bir ildir Azərbaycanın dövlət vəsaitləri hesabına əhalinin əlindəki manatın dəyərdən düşməsinin qarşısı alındı? Hələ bu gün üzən məzənnəyə keçdiyimiz halda belə dövlət valyuta bazarına müdaxilə edərək insanların manatla olan vəsaitlərinin az itkiylə qoruması üçün tədbirlər görməkdədir. Yəni yenə də dövlət, yenə də Prezident bütün prosesləri nəzarətdə saxlayır, sadə vətəndaşın mənafelərini mümkün qədər qorumağa çalışır. Şəxsən Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, vətəndaşların sosial problemlərinin artmasına yol vermək olmaz. Manatın dəyərdən düşməsi fonunda bunu etmək asan deyil, amma yalnız 2 örnəklə Azərbaycan dövlətinin, əslində, dünyanın heç bir yerində rast gəlinməyən bir addım atdığını görə bilərik. Beləliklə, müqayisə üçün dünyanın bir sıra paytaxtlarında metroda gediş qiymətinə baxaq:

 

Bakı – 0,13$

Moskva – 0,60$

Seul – 1,14$

Sinqapur – 1,18$

Tokio – 1,76$

Paris – 1,96$

Berlin – 2,45$

Nyu York – 2,50$

Sürix – 2,75$

London – 4,80$

 

Burda onu qeyd edim ki, bizdən fərqli olaraq bu şəhərlərdə qiymət sabit deyil, stansiyaların sayından asılı olaraq dəyişir. Azərbaycanda isə 20 qəpik (0,13$) ödəməklə bir dəfə metroya daxil olmaq və bütün günü stansiyalar arasında gedib-gəlmək olar.

 

 

Haşiyə: Ötən ilin noyabrında Ştutqart metrosunda 6 stansiyalıq yola 3,9 avro ödəmişdim. Yaxud da daha bir il öncə Parisdən Strasburqa gedən qatara tək tərəfə 75 avro ödəməli olmuşdum. Müqayisə üçün qeyd edək ki, dünyanın heç bir normal ölkəsində bizdəki kimi sözün yaxşı mənasında “anormal” qiymətlər yoxdur.

 

İndi də gələk çörək məsələsinə. Gündəlik tələbat ərzağıdır. Üstəlik, Azərbaycan insanı da ən çox çörək yeyənlərdən sayılır. Yəni bizim süfrəmizdə çörək hər zaman başda olub, çox yeyilib və yəqin ki, bu vərdişimiz hər zaman davam edəcək. Müqayisə üçün qiymətlərə nəzər salaq:

 

Azərbaycan – 0,25$

Belarus – 0,46$

Səudiyyə Ərəbistanı – 0,64$

Xorvatiya – 0,80$

İrlandiya – 0,95$

İndoneziya – 1,11$

Portuqaliya – 1,17$

Fransa – 1,28$

Avstraliya – 1,53$

İsveçrə - 2,50$

İtaliya – 2,50$

Norveç – 3,09$

 

Kimlərsə iddia edə bilər ki, bu ölkələrdə əmək haqqı yüksəkdir, ona görə bu qiymətlər qorxulu deyil. Doğrudur, yüksəkdir. Amma qiymətlər qorxuludur, yəni 26 sentin dərdini çəkməklə 3 dolların dərdini çəkməyin fərqli bir şey olduğu zatən insanın gözünə dürtülür.

Əslində Azərbaycanda son bir ildə nə baş verir? Qiymətlər bir çox gündəlik tələbat malları üçün kəskin şəkildə aşağı düşüb! Bəli, bunun fərqinə varmaq istəməyənlər var, amma gerçəklik başqa şeydir. İndi ki, bəzi şəxslər dollardan ötrü intihar yolu tutublar, izah edirik.

Ötən ilin fevralınadək, yəni 1$=0,78AZN olanda Azərbaycanda 92 oktanlı benzin 70 qəpiyə idi. Yəni 0,90$! Çörək isə 0,40AZN. Bu isə 0,51$ deməkdi! Metroda, avtobusda gedişsə 20 qəpik olmaqla 0,25$ idi.

 

İndiki qiymətlərsə necədir? Manatla yerində qalır. Yəni heç bir qiymət artımı yoxdur. Amma dolların bütün dünyada dəyər qazanması fonunda bunu qiymət azalması da hesab etmək olar. Rəsmi kursa uyğun olaraq hazırda bizdə 92 oktan benzinin qiyməti 0,44$, çörək 0,25$, nəqliyyat xərci isə 0,13$ edir. Dəyərini itirmiş manatla bu qiymətlər qalmağa davam edirsə, deməli, yenə də uduşlu çıxan vətəndaş olur. Bu isə o deməkdir ki, ölkə Prezidenti, bəzilərinin iddia etdiyi kimi, iqtisadi inkişafdan, Azərbaycanın bir sosial rifah dövləti olmasından danışarkən faktlara söykənir. Deyilən hər sözün arxasında şəxsən Prezident İlham Əliyevin iradəsi var və bu iradə heç bir təsadüfi məmura, işbaza imkan verməyəcək ki, ölkədə müvəqqəti sıxıntılardan istifadə edərək ictimai rəyi yanlış yola sürükləsin. Təbii ki, vətəndaş olaraq bizim də vəzifəmiz məhz bu iradənin arxasında dayanmaqdır.

 

P.S. Hər fürsətdə ölkəni qarışdırmağa çalışan bəzi anarxiya aşiqləri bu dəfə də istədiklərinə nail ola bilməyəcəklər. Özləri də bilirlər ki, artan qiymətlərin valyuta dəyəri deyil, onların öz iştahasıdır. Alınan deyil, cənablar, boşuna xalqın uşaqlarını qaza gətirməyin.

 

Azər Həsrət, azer@azerhasret.com

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228886

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR