Azərbaycanda dənizçilik sahəsində tvinniq layihəsinin açılışı olub

Azərbaycanda dənizçilik sahəsində tvinniq layihəsinin açılışı olub
20:12 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı tvinninq layihəsinin açılışı baş tutub. 
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən "Report"a daxil olan məlumata görə, layihənin əsas məqsədi Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş məsuliyyət prosedurlarının Avropa İttifaqı qanunvericiliyi ilə əlaqəli şəkildə həyata keçirilməsində və tətbiqi məsələlərində Dövlət Dəniz Administrasiyasının potensialının gücləndirməkdən ibarətdir. Bundan başqa, dəniz nəqliyyatı sahəsi üzrə inzibati məsuliyyəti müəyyən edən normativ hüquqi aktlar, İnzibati Xətalar, Cinayət və Ticarət Gəmiçiliyi Məcəllələrinin müvafiq hissələrinin bir daha nəzərdən keçirilməsi, dəyişikliklərin edilməsi, inzibati prosedurların yenidən işlənib hazırlanması nəzərdə tutulur. 
Açılış mərasimində Dövlət Dəniz Administrasiyasının rəis müavini Şahlar Məmmədov, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməliyyatlar bölməsinin rəhbəri Yerun Villems, üzv dövlətin Layihə rəhbəri Benito Nunez Quintanilla, Rezident tvinninq müşaviri Fernando Juan Collado Simon, eləcə də Nazirlər Kabineti, İqtisadiyyat və Sənaye, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nümayəndələri iştirak ediblər. 
Çıxışı zamanı Dövlət Dəniz Administrasiyasının rəis müavini Şahlar Məmmədov bildirib ki, yeni Gəmiqayırma Zavodu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanın tikintisi, eləcə də Xəzər Dəniz Gəmiçiliyi ilə SOCAR-ın tərkibində olan Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılması da mühüm addımlardandır: "Ən əsası da dəniz nəqliyyatı sahəsi üzrə milli qanunvericliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kifayyət qədər iş görülüb”.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməliyyatlar bölməsinin rəhbəri Yerun Villems isə çıxışı zamanı təmsil etdiyi qurumla ölkəmiz arasındakı əlaqələrə toxunaraq dəniz üzgüçülüyünün təhlükəsizliyi və dəniz mühitinin mühafizəsinə böyük önəm verdiklərini vurğulayıb. O, həmçinin Avropa İttifaqının maliyyələşdirdiyi TRASEKA-nın SASEPOL və Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin (EMSA) “TRASEKA: dənizin mühafizəsi və təhlükəsizliyi II” layihələri barədə danışıb. Y. Villems 2014-cü ildə uğurla yekunlaşan Dövlət Dəniz Administrasiyasının benefisiarı olduğu “Azərbaycan Respublikasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təkmilləşdirilməsi haqqında tvinninq layihəsi”  barədə də ümumi məlumat verib. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/azerbaycanda-denizcilik-sahesinde-tvinniq-layihesinin-acilisi-olub1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR