Avstriyada növbəti prezident seçkilərinə əsas namizədlər müəyyənləşib

Avstriyada növbəti prezident seçkilərinə əsas namizədlər müəyyənləşib
21:03 15 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Vyana, 15 yanvar, AZƏRTAC
Avstriyanın əsas partiyaları bu ilin yazında ölkədə keçiriləcək növbəti prezident seçkiləri üçün namizədlərini müəyyənləşdiriblər.
Koalisiyalı hökuməti təşkil edən Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) və Avstriya Xalq Partiyası (ÖVP) ayrı-ayrılıqda keçirilən mətbuat konfranslarında öz namizədlərini ictimaiyyətə təqdim ediblər.
SPÖ öz seçicilərini hazırkı sosial məsələlər naziri Rudolf Hundstorferi dəstəkləməyə çağırıb. ÖVP isə parlament üzvü, partiyanın yaşlı nəsil təşkilatının rəhbəri Andreas Kohlu Hofburqu ən layiqli namizədi elan edib.
Avstriya Yaşıllar Partiyasının keçmiş rəhbəri, iqtisadiyyat professoru Aleksandr Van der Bellen seçkilərdə müstəqil namizəd kimi iştirak edəcək. Bununla belə, Yaşıllar Partiyası üzvlərinin və heç bir siyasi partiyanı dəstəkləməyənlərin V. der Bellenə rəğbət göstərəcəyi gözlənilir.
Ölkənin sağ radikal Avstriya Azadlıq Partiyası isə hələlik seçkilərdə öz namizədi ilə iştirak edəcəyi və ya hansısa bir namizədi dəstəkləyəcəyini elan etməyib.
Seçkilərdə əsas rəqabətin sol mərkəzçi SPÖ və sağ mərkəzçi ÖVP arasında gedəcəyi gözlənilir. Namizədliyini irəli sürmüş digər şəxslərin uğur qazanma ehtimalı olduqca aşağı qiymətləndirilir.
Avstriyanın hazırkı Federal Prezidenti Haynts Fişerin səlahiyyət müddəti bu il iyulun 8-də başa çatır. Federal Prezident ümumxalq səsverməsində altı il müddətinə seçilir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avstriyada_novbeti_prezident_sechkilerine_esas_namizedler_mueyyenlesib-918965

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR