İstanbul terrorunun açılmayan müəmmaları - mütəxəssis rəyi

İstanbul terrorunun açılmayan müəmmaları - mütəxəssis rəyi
21:22 15 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

İstanbulda törədilən terror aktı özündə çoxlu müəmmaları gizlədir.

Bunu Milli.Az-a açıqlamasında təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov yanvarın 12-də İstanbulda törədilmiş terror aktı və bundan sonra Türkiyənin İŞİD-dən intiqam alması əməliyyatını şərh edərkən deyib.

Ekspert qeyd edib ki, İstanbulda Sultanahmed meydanında törədilən terror aktına görə İŞİD terror təşkilatı təqsirkar hesab edildi və bu hadisə göstərir ki, İŞİD Türkiyədə terror aktlarının coğrafiyasını getdikcə genişləndirir:

"Xatırlayırsızsa, ilk terror aktları Türkiyə-Suriya sərhədində olurdu. Daha sonra Ankarada baş verdi. İndi isə terror artıq İstanbula, onun turistik mərkəzi olan Sultanəhməd meydanına daşınıb. Türkiyədə 2,5 milyon nəfərə yaxın suriyalı qaçqın məskunlaşıb. Onların arasında böyük ehtimalla İŞİD-in də tərəfdarları və terrorçuları da var. Lakin bu hadisədə bir məsələ müəmma olaraq qalır. Adətən terror aktlarından sonra hansısa təşkilat bəyanat verərək hadisəni öz üzərinə götürür, məqsədini və kimə qarşı törədildiyini açıqlayır. Amma İstanbul aktından sonra bu aktı heç kim açıq şəkildə öz üzərinə götürmədi və bunun özü çoxlu cavabsız suallar doğurur. Çünki açıq şəkildə bu hadisəni heç kim boynuna götürməyib. Terroru 1988-ci il doğumlu, Səudiyyə Ərəbistanı əsilli, bəzi mənbələrdə anasının da erməni olduğu bildirilən Suriya vətəndaşı törədib.


Türkiyə mənbələrinə görə, bu şəxs xüsusi xidmət orqanlarının nəzarəti altında olub, hətta terror aktından bir neçə gün əvvəl hüquq-mühafizə orqanları onun barmaq izlərini götürmüşdülər. Bu, müəmmaları daha da artırır. Amma başqa terror aktlarından fərqli olaraq, "canlı bomba"ların bir xüsusiyyəti var ki, şahid sirri də özü ilə aparır və sifarişi kimin verdiyi bilinmir. İndiki halda sifarişçi məlum deyil, heç bir təşkilat aktı öz üzərinə götürməyib, lakin onun İŞİD tərəfindən törədildiyi qeyd edilir. Hadisə ilə bağlı 60-a yaxın şəxs, onlardan isə konkret olaraq 5 nəfəri təqsirkar kimi saxlanılıb.

Lakin sual olunur: bu aktı kim, hansı qrup sifariş edib? Çünki İŞİD-in özünün tərkibində də çoxlu qruplar var. Hamısına İŞİD tərəfdarları deyilsə də, qruplar fərqlidir və fərqli dövlətlər tərəfindən də dəstək alırlar".


Politoloqun sözlərinə görə, əlbəttə ki, bu, Türkiyə üçün fövqəladə hadisədir və ona ünvanlanmış bir ismarıcdır: "Fikrimcə, bu ismarıc Türkiyə ilə Avropanın arasının vurulmasına yönəlib. Belə ki, son zamanlar Avropa Birliyinin Türkiyəni üzvlüyə qəbul etməsinə, hətta Şengen vizasının ləğvinə dair qərar qəbul olunacağına dair söhbətlər gəzir. Almaniya ilə də Türkiyə arasında münasibətlər çox yaxşı səviyyədədir. Almaniya miqrantlar məsələsində Türkiyəni dəstəklədiyini bildirdi, hətta bu ölkəyə maliyyə yardımı ayırdı. İndiki halda da bu terrorun məqsədi AB ilə Türkiyənin arasındakı yaranmış isti münasibətləri korlamaqdır. Avropaya yönəlmiş ismarıc isə təxminən belədir: "Türkiyəni üzvlüyə qəbul etməyin. Türkiyədə terror var. Əgər qəbul etsəniz, sabah AB zonasında da terror aktları artacaq".

E.Ələsgərov hesab edir ki, əgər bu aktı İŞİD törədibsə, yenə də məntiqlə burada uyğunsuzluq yaranır: "Terror aktından sonra Türkiyə bunu cavabsız qoya bilməzdi, ona görə də adekvat addım atdı və İŞİD mövqelərinə zərbələr endirdi. Türkiyə tərəfinin açıqlamasına görə, 200-ə yaxın terrorçu məhv edilib. Amma bəzi məsələlər yenə də müəmma olaraq qalır. Çünki əgər Türkiyə ordusu İŞİD-i cəmi 1-2 günə dağıda bilirsə, o zaman bu terror aktının İŞİD üçün nə mənası var? İŞİD İraq, Suriya, PKK ilə əhatələnmiş halda özünə qarşı 4-cü cəbhənin açılmasını niyə istəməlidir? Amma bunu İŞİD-in daxilindəki ayrıca qruplar istəyə bilər. Çünki həmin ərazidə çoxlu terror təşkilatları var və onlar Türkiyədə də fəaliyyət göstərirlər".

Ekspert həmçinin terrorçularla bağlı bəzi məqamların məlum olduğunu da açıqlayıb: "Son zamanlar terror aktlarını həyata keçirmək çox asan olub. Beyinləri yuyulmuş insanlar "canlı bomba"ya çevrilirlər. Məlum olub ki, İŞİD-in "döyüşçü"lərinə xüsusi dərman həbləri verilir. Onlar dərmanı qəbul edəndən sonra özünə nəzarəti itirir və "zombi"ləşirlər. Belə insanlar həmin ərazidə çoxdur və partlayıcı maddə əldə edərək onları terror aktlarına yönəldirlər".

Qrup rəhbərinin fikrincə, Türkiyə hüquq-mühafizə və xüsusi xidmət orqanları tezliklə bu hadisənin arxasında kimlərin dayandığını dəqiqləşdirə biləcəklər: "Çünki Türkiyə suriyalılara yalnız yaxşılıq edib, onlara humanitar yardım göstərib, qaçqınlara sığınacaq verib, Suriyadakı aclara ərzaq göndərir, milyardlarla pul xərcləyir. Heç bir dövlət bu qədər suriyalılara bu qədər yardım etmir. Ona görə də Türkiyəyə qarşı belə haqsızlıq edilməsi düzgün deyil".

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com/ saytında da əldə etmək mümkündür.

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398204.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR