Almaniya şəhərlərində qeyri-adi tədbirlər

Almaniya şəhərlərində qeyri-adi tədbirlər
22:12 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Şimali Reyn-Vestfaliya əyalətindəki iki şəhərin hakimiyyət orqanları Yeni il gecəsində Kölndə baş vermiş iğtişaşların təkrarlanmasından ehtiyat edərək qeyri-adi tədbirlər görülməsi qərarına gəlib. Məsələn, fevral ayında Raynberq şəhərinin Orsoy rayonunda nəzərdə tutulan fevral karnavalının təşkilat komitəsi cari ildə yürüş keçirilməsi sifarişini geri çağırıb. "Rheinische Post" qəzetinin bugünkü nömrəsində verilən məlumata görə, həmin qərarın qəbul edilməsi onunla bağlıdır ki, təşkilatçılar hakimiyyət orqanlarının karnavalda təhlükəsizliyin təmin edilməsinə dair yeni tapşırıqlarını yerinə yetirə bilməyəcəklər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Raynberqin hakimiyyət orqanları tədbirin ləğv edilməsinin səbəblərindən biri kimi onu göstərirlər ki, builki karnavala əvvəlki illərlə müqayisədə ikiqat çox iştirakçı gələ bilər, nəticədə nəqliyyatda ciddi gərginlik yaranar. Bundan əlavə, Orsoy rayonunda qaçqınlar üçün ayrılmış yataqxanada indi təxminən 200 nəfər yaşayır. Gözlənildiyinə görə, fevralın əvvəlinə qədər oraya daha 300 miqrant köçürüləcək. Şəhər hakimiyyət orqanlarının nümayəndəsi "Rheinische Post" qəzetinə verdiyi müsahibədə bildirib ki, karnavalın ləğv edilməsini qərara almaq "heç də asan olmayıb". Həmin nümayəndənin sözlərinə görə, qaçqınlar karnavallara adət etməyiblər və istisna olunmur ki, onların alkoqollu içkilərdən sui-istifadə etməsi yürüşdə Köln hadisələrinin təkrarlanmasına səbəb ola bilər.

Bornhaym şəhərinin hakimiyyət orqanları isə qaçqın kişilərin şəhər hovuzuna getməsini müvəqqəti qadağan ediblər. Buna səbəb - qaçqınların hovuza gələn qadınlara və qadın əməkdaşlara sataşmaları barədə şikayətlər olub. Şəhərin sosial siyasətə görə cavabdeh nümayəndəsi Markus Şnapka bu qərarın qəbul edilməsi barədə yanvarın 15-də məlumat verib. Bununla bərabər, M.Şnapka əminliyini bildirib ki, söhbət cinayət kimi cəzalandırılmalı əməllərdən deyil, verbal hücumlardan gedir. Onun sözlərinə görə, hakimiyyət orqanları bu yolla miqrantlara belə hərəkətlərin yolverilməz olmasını izah etmək istəyirlər. M.Şnapka vəd edib ki, qaçqınlar bunu başa düşən kimi belə tədbirlərə son qoyulacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/398363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR