Dövlətimizin başçısının ətrafında sıx birləşmək hər bir Azərbaycan gəncinin vətəndaşlıq borcudur

07:33 16 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC 
Nərimanov Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin, rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə ordu sıralarından tərxis olunmuş və hərbi xidmətə yola salınan gənclərlə görüş keçirilib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərxis olunmuş gəncləri hərbi xidmətlərini şərəflə başa vuraraq öz doğmalarının yanına sağ-salamat qayıtması münasibətilə təbrik edib. O, hərbi xidmətə yeni çağırılmış gənclərə isə sağ-salamat evlərinə dönmələrini arzulayıb, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolundan danışıb.
A.Fərzəliyev əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini bildirib. İcra başçısı bildirib ki, ölkəmizin sabitliyinin və inkişafının qarantı olan dövlətimizin başçısının ətrafında sıx birləşmək hər bir Azərbaycan gəncinin vətəndaşlıq borcudur.
Sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin rəisi Qəşəm Mahmudov və Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov dövlətimizin ordudan tərxis olunmuş və hərbi xidmətə çağırılmış gənclərə diqqət və qayğısından söhbət açıblar. Diqqətə çatdırılıb ki, regionda ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Valideynlər adından Mərdan Muradov ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışıb, həmçinin Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu vurğulayıb.
Görüşdə iştirak edən hərbi xidmətə çağırılmış gənclər ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hər zaman hazır olduqlarını bildiriblər.
Sonra “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq vətəndaşlıq borcunu layiqincə yerinə yetirdiyinə, hərbi xidmətdə göstərdiyi bacarıq, nümunəvi intizam və davranışına, verilən tapşırıqları vaxtında və yüksək səviyyədə həyata keçirdiyinə və xidmət zamanı fərqləndiyinə görə ordu sıralarından tərxis olunmuş və hərbi xidmətə yola salınan gənclərə hədiyyələr təqdim edilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovletimizin_baschisinin_etrafinda_six_birlesmek_her_bir_Azerbaycan_gencinin_vetendasliq_borcudur-918997

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR