"Bunu ölənə kimi unutmayacam"

"Bunu ölənə kimi unutmayacam"
08:52 16 Yanvar 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

"Bayern Munchen"in aparıcı hücumçusu Robert Levandovski ikinci dövrə öncəsi Bundesliqanın rəsmi saytına müsahibə verib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, 27 yaşlı polyak forvard 2015-ci ildəki uğurları, milli və klub komandasının hədəfləri haqqında sualları cavablandırıb.

- Bu yaxınlarda Polşada "İlin idmançısı" seçildin. Bu, sənin üçün hansı əhəmiyyət daşıyır?
- Bu mükafat böyük şərəfdir. Polşada 33 il ərzində bu ada layiq görülən ilk futbolçu oldum. Ötən il mənim üçün unudulmazdır. Milli komandam və "Bavariya" gözəl oynayırdı. Hər zaman mükafat qazanmaq istəmişəm. Bu, futbolçunu xoşbəxt edir. "Bavariya" da buna can atır. Polşa milli komandasının isə AVRO-2016-da qarşıya qoyduğu hədəflər var.
- Ətrafındakı insanlar bu cür xüsusi təqdimata necə rekasiya verdi?
- Bu barədə ailəm, həyat yoldaşımla danışmışam. Futbol Polşada çox sevildiyindən onlar mənə görə sevinir. Ölkənin əhalisi təqribən 40 milyondur. Adıçəkilən mükafatı futbolçu kimi qazanmağım mən də məmnun etdi.
- 2015-ci ilə damğanı "Wolfsburg"un qapısına 9 dəqiqə ərzində 5 dəfə yol tapmaqla vurdun. Həmin möhtəşəm gecəni necə xatırlayırsan?
- Onu bilirəm ki, bu tarixçəni ölənə kimi unutmayacam. Xüsusi gecə idi. Oyundan sonra bir neçə gün nə etdiyim yadıma gəlmir. Uşaqlıqda ağlıma gəlməzdi ki, 9 dəqiqəyə 5 qol vuracam. Bəzən "Wolfsburg"la görüş xatirimə gələndə nəyin baş verdiyini dərk edə bilmirəm. Komanda hesabda 0:1 geridə olanda meydana çıxdım. Hesab bərabərləşəndən sonra qollar özü gəldi. Bu futboldur. Nəyin baş verəcəyini proqnozlaşdırmaq olmur.
- 2012-ci ildə "Borussia"nın futbolçusu kimi "Real"ın qapısından 4 top keçirmişdin. Bu tipli oyunlardan sonra özünü necə hiss edirsən?
- "Wolfsburg" və "Real"a qarşı oyunlardan sonra çox xoşbəxt və rahat olursan. Davranışı nəzarətdə saxlamaq da vacibdir. Arxayınlıq olmaz. Mediada nə qədər danışılsa da, növbəti oyuna diqqət yetirməlisən. Futbol bir nömrəli prioritetdir. Soyuqqanlı olmaq lazımdır. Hər şeyin öz vaxtı var.
- 2016-cı ildə Bundesliqa çempionluğunu qorumaq "Bavariya" üçün nə dərəcədə mühümdür?
- Toplanan xallardan asılı olmayaraq titulu qorumaq üçün əlimizdən gələni etməliyik. Hazırda ən yaxın izləyici ilə xal fərqimiz 8-dir. Mövsümün son oyununa kimi konsentrasiyanı saxlamaq yaxşıdır. Rəqibin kimliyi fərq etmir. Çempionlar Liqası, Almaniya kubokunda komandanın bacarığını nümayiş etdirməsi zəruridir.
- Ötən ilin əvvəlində "Bayern" hər üç cəbhədə mübarizəni davam etdirirdi. Sonda yalnız ölkə çempionluğu ilə kifayətləndiniz...
- 2015-ci ildəki səhvləri bilirik. Bu il onları təkrarlamaq olmaz. Ən yaxın rəqiblə xal fərqimizin 5-8 xal olması üstünlük deyil. Hər şey dəyişə bilər. Bundesliqanın ikinci yarısında titulu qazanmaq üçün çox səhvlərə imkan verməmək lazımdır.
- Ötən mövsümdən fərqli olaraq titul mübarizəsidə ən yaxın rəqib "Borussia Dortmund"dur..
- Onlar məni heyətləndirdi. Bu mövsüm çox yaxşı təsir bağışlayırlar. Ötən mövsüm "Borussia" üçün katastrofik alındı. Bilmirəm niyə. Komanda səviyyəli futbolçulardan təşkil olunub. Bu mövsüm bir qədər fərqli tərzdə oynayırlar. Dortmund klubu öz potensialını tam göstərməyib. Komandanın hücum və müdafiə potensialı çox güclüdür. "Borussia" ilə çempionluq mübarizəsi sona qədər davam edəcək. Bu, bizim üçün də yaxşıdır.
- Bəzi zədəli futbolçular Dohada keçirilən məşq toplantısında heyətə qayıtdı. "Bavariya"nın heyətini necə qiymətləndirirsən?
- Tam heyətlə oynamamışıq deyə müəyyən problemlər nəzərə çarpır. Amma hər kəs formada olanda inanılmaz potensialımız görünür. Hamımız eyni istiqamətdə komandanı dartmaq istəyirik. Rəqib və start heyətindən asılı olmayaraq, hədəfimiz hər oyunda qollar vurub qalib gəlməkdir.
- Müdafiənin dərinliyinə çəkilmiş komandalara qarşı oynamaq nə qədər çətindir?
- Əvvəla, biz daha müdafiəyə meyilli oynayırıq. Dörd-beş müdafiəçi və iki dayaq yarımmüdafiəçisi ilə meydana çıxırıq. Amma müdafiə futbolu göstərən rəqiblərə qarşı effektiv oynamağın yolunu tapmışıq. Bir hücumçu kimi mənə, boş sahə tapmaq üçün mübarizə aparmaq çətindir. Bəzən top buraxsaq belə soyuqqanlı olub işimizi yerinə yetirməliyik.
- Pep Qvardiola mövsümün sonunda klubdan gedəcək. Qarşıdakı dəyişikliklər barədə fikrin nədir?
- Mən yalnız indki zamanı düşünən insanam. Dediyim kimi, birlikdə hərəkət edib mövsümü uğurla başa vurmaq istəyirəm. bundan sonra nəyin baş verəcəyi başqa mövzudur. Bu il Qvardiolanın sayəsində ÇL və Bundesliqada qalib gəlmək istəyirik. Bizim üçün əsas hədəflərdir. Məşqçilər, futbolçular gəlir və gedir. Futbol üçün adi haldır. Buna görə, hələ ki cari mövsümü düşünməliyik.
- Kimləri Bundesliqanın ən yaxşı 5 oyunçusu hesab edirsən?
- Beş oyunçu seçmək, həqiqətən, çətindir. elə "Bavariya"nın özündə onların sayı həddən çoxdur. Hücum xəttində Tomas Müller çox güclüdür. Duqlas Koşta, Aryen Robben, Frank Riberi də. Kinqsli Koman da əla futbolçudur. Digər komandalardan Obameyanq, Marko Roysu top futbolçu hesab edirəm. Hər ikisi ilə məşq etmişəm. Buna görə nəyə qadir olduqlarını bilirəm.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/398396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR