Lənkəranın icra başçısı rayon sakinlərinə çağırış edib

Lənkəranın icra başçısı rayon sakinlərinə çağırış edib
10:37 16 Yanvar 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov rayonun Sütəmurdov kəndində olub, sakinlərlə görüşüb və onların problemləri ilə maraqlanıb. 
"Report" xəbər verir ki, görüşdə ŞİH-nin, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri ilə yanaşı 300 nəfərdən artıq ictimaiyyət nümayəndəsi iştirak edib.
Rayon İcra Hakimiyyətinin Sütəmurdov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ədalət Babayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dinamik inkişaf kursu hesabına ölkənin hər yerində olduğu kimi Lənkəran rayonunda da genişmiqyaslı quruculuq-abadlıq işlərinin görülüb. O, mühüm əhəmiyyətli sosial layihələrin icrasının davam etdirildiyini, infrastrukturun yaxşılaşdığını qeyd edərək yaşadıqları Sütəmurdov kəndinin də bu inkişafdan bəhrələndiyini, kənddə bir sıra zəruri abadlıq işlərinin görüldüyünü deyib. Ə.Babayev vurğulayıb ki, məhsulların qiymətlərinin qalxmasını əsas gətirən bəzi şəxslərin törətdiyi qanunsuz hərəkətlərə Sütəmurdov kəndinin sakinləri də qəti etirazlarını bildiriblər. Bu hərəkətlərin heç bir əsası olmadığını deyən icra nümayəndəsi Sütəmurdov kəndinin sakinlərinin bu hərəkətləri qətiyyətlə pislədiyini və bunların qarşısının alınması istiqamətində görülən tədbirləri tamamilə müdafiə etdiklərini söyləyib. 
Daha sonra Sütəmurdov kənd ağsaqqalı Ağabala Hüseynov, kənd məscidinin axundu Fəzail Sadıqov, kənd məktəbinin müəllimi Gülşən İbrahimova, kənd ambulatoriyasının baş həkimi İlqar Ağayev çıxış edərək ölkə başçısının həyata keçirdiyi islahatlar kursunu tamamilə dəstəklədiklərini və müdafiə etdiklərini bildiriblər. Onlar Azərbaycanın inkişafını gözügötürməyən qüvvələrin təhriki ilə qeyri-sabitliyi pozmağa göstərilən cəhdləri pisləyiblər.
Çıxış edənlər kənddə mövcud olan bəzi problemlərin həlli ilə bağlı təkliflər də irəli sürüblər.
Verilən təklifləri və fərdi müraciətləri dinləyərək onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlarını verən icra başçısı T.Qaraşov bildirib ki, 2015-ci il dünyada böhran ili kimi tarixə düşsə də, Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olub: "Bütün sahələrdə dinamik inkişaf davam edib. Dünyada baş verən iqtisadi böhrana baxmayaraq əhalinin həyat şəraitinin yaxşılaşmasında mühüm əhəmiyyəti olan heç bir sosial layihənin icrası dayanmayıb, əksinə daha da sürətlənib. Neftin qiymətinin dünya bazarında bir neçə dəfə ucuzlaşmasına baxmayaraq Azərbaycan iqtisadiyyatında yenə də artım əldə olunub".
T.Qaraşov əlavə edib ki, ölkə iqtisadiyyatında əldə olunan artımın regionlarda, o cümlədən Lənkəran şəhərinin və bütövlükdə rayonun sosial-iqtisadi inkişafının uğurla davam etməsində mühüm rolu olub: "Prezident İlham Əliyevin davamlı diqqəti və qayğısı ilə ötən il rayonda bir sıra investisiya layihələri həyata keçirilib. Belə ki, Mədəniyyət Mərkəzi, Xan sarayı əsaslı təmirdən sonra yenidən istifadəyə verilib, məktəb və uşaq bağçası tikilib, magistral yollar asfaltlanıb, sitrus meyvə bağları salınıb və yeni iş yerləri açılıb".
Prezident İlham Əliyevin Lənkərana səfərini ötən ilin ən əlamətdar hadisəsi kimi qiymətləndirən T.Qaraşov ümummilli lider Heydər Əliyevin siyasi kursunun daha uğurlu gələcəyə aparan yeganə düzgün yol olduğunu, Prezident İlham Əliyevin fəaliyyət istiqamətinin Azərbaycan xalqının nicat yolu olduğunu bildirərək bütün vətəndaşları bu siyasi kurs ətrafında sıx birləşərək Vətənə xidmət etməyə çağırıb.


Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/lenkeranin-icra-bascisi-rayon-sakinlerine-cagiris-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR