Amerikanın yeni prezidentinin adı artıq indidən məlumdur?

Amerikanın yeni prezidentinin adı artıq indidən məlumdur?
11:22 16 Yanvar 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

Belə təsəvvür yaranır ki, respublikaçı elektorat tikinti maqnatını məhz müsəlmanlar haqqında ziddiyyətli bəyanatına görə daha çox dəstəkləməyə başlayıb

Milli.Az azadlıq-a istinadən bildirir ki, ötən cümə axşamı ABŞ prezidentliyinə respublikaçı namizədlərin Cənubi Karolinada keçirilən 6-cı debatından Donald Trampın qalib çıxdığı deyilir.

Görüşün sonunda cənab Tramp həyat yoldaşı Melania, qızı İvanka, oğulları Erik və Donaldla birlikdə fotoreportyorların qarşısında durmuşdu.

"The NewYorker" məcmuəsi yazır ki, "deyəsən, bundan sonra belə səhnələri tez-tez görəcəyik".

Jurnalın bu hadisəyə həsr etdiyi məqalənin başlığı da birmənalı səslənir: "İndi Trampı yalnız respublikaçı seçicilər dayandıra bilər".

Amma belə görünür ki, respublikaçı seçicilər onu dayandırmaq barədə heç düşünmürlər də...

Əksinə, ABŞ mətbuatı yazır ki, teledebata tamaşa edənlər qarşılarında tamam başqa bir Tramp görürdülər. Daha səbatlı, daha təmkinli, hər sözünü ölçüb-biçdikdən sonra sərrast atan döyüşçü kimi.

Halbuki hələ bir neçə həftə əvvəl bir çox təhlilçilər Trampın ziddiyyətli bəyanatlarla özü-özünü yıxacağını proqnozlaşdırırdılar.

Rəy sorğuları Trampın xeyrinədir

Lakin son rəy sorğuları göstərir ki, Donald Trampın qələbəsini təmin edən elə həmin ziddiyyətli bəyanatlar olub. Qadınlar haqqında, müsəlmanlar haqqında və sair.

Trampın "bütün müsəlmanların ABŞ-a daxil olmasına qadağan qoyulmalıdır" bəyanatı siyasi dairələrdə kəskin tənqid olunsa da, bəlli olur ki, respublikaçı elektorat tikinti maqnatını məhz müsəlmanlar haqqında ziddiyyətli bəyanatına görə daha çox dəstəkləməyə başlayıb.

Rəy sorğularının nəticələri sosial mediada geniş müzakirə olunur.

Mətbuat bunu da qeyd edir ki, Tramp müsəlmanlar barədə dediklərini nəinki geri götürməyib, o hətta yerdə qalan və çox geridə qoyduğu başqa respublikaçı namizədləri də təsiri altına salaraq arxasınca darta bilib.

Son debatda Trampla rəy sorğularına görə ikinci yerdə gələn partiyadaşı Ted Kruz arasında centlmen sazişi də başa çatıb.

Əvvəlki teledebatlarda bir-birini tənqid etməməyə çalışan Kruz və Tramp sonuncu debatda "atışıblar" və bu atışmadan Tramp qalib çıxıb.

Ötən ay "The Washington Post" və ABC News şəbəkəsinin birlikdə keçirdiyi sorğu göstərmişdi ki, Trampın müsəlmanlara dair "ideyasını" nəinki respublikaçı elektorat, hətta bütün amerikalıların dörddə biri dəstəkləyir.

Daha 11 faiz müsəlmanlara qoyulacaq qadağanı müəyyən mənada dəstəklədiyini bildirib. Bundan başqa, dekabr ayında Qvinnipek Universitetinin keçirdiyi rəy sorğusunda amerikalıların 51 faizi Suriya qaçqınlarının ABŞ-a gətirilməsinin əleyhinə olduğunu bildirmişdi. Respublikaçıların 82 faizi bunun əleyhinədir.

Odur ki, başqa respublikaçı namizədlər də bu ictimai rəyi nəzərə almaya bilməzdilər.

Hamı Tramp deyəni deyir

Trampın özü isə demişdi: "Mənim çoxlu yaxşı müsəlman dostlarım var. Onların hamısı yox, amma bəziləri mənə zəng edib deyirdilər ki, "belə ciddi məsələni qaldırdığına görə çox sağ ol".

"Biz daha maymaq ölkə ola bilmərik", - deyirdi Tramp. Başqa namizədlər isə bunları deyiblər:

Con Kasiç

Əvvəlki debatlarda Trampa hücum çəkən Ohayo qubernatoru Con Kasiç müsəlman məsələsində daha tədbirli səslənməyə çalışırdı: "Mən də Suriya qaçqınları barəsində bir az səbr etməyi dəstəkləyirəm. Amma hamını eyni arşınla ölçmək olmaz".

"Bizim İraq və Suriyada "İslam dövləti"nə qarşı mübarizəmizdə səudlara, misirlilərə, iordaniyalılara ehtiyacımız var".

Lakin o əlavə edib ki, qaçqınların yoxlanması üçün indiki sistem səmərəli deyil.

Kris Kristi

Nyu-Cersi qubernatoru Kris Kristi də deyib ki, "Suriya qaçqlınlarından kimi gəldi ölkəyə buraxmaq olmaz".

O, Trampa müraciətlə deyib: "Sən bütün müsəlmanlara qadağan qoya bilməzsən. Biz radikal islam cihadçılarına qadağan qoymayılıq".

Marko Rubio

Florida senatoru Marko Rubio "müsəlman" məsələsindən qaçmağa çalışsa da belə bir bəyanat verib: "Əgər biz səni tanımırıqsa, bu ölkəyə niyə gəldiyini bilmiriksə, mən prezident olsam, sən Amerika Birləşmiş Ştatlarına gələ bilməyəksən".

Ted Kruz

Namizədlər yarışında ikinci yerdə olan Texas senatoru Ted Kruz da Trampla debat aparmaqdansa, onun müsəlmanlar barədə dediklərini izah etməyə çalışıb.

"Əgər amerikalı gedib Amerikaya qarşı cihada qoşularsa, onda o, vətəndaşlığını itirməlidir", - deyib Kruz.

Amma hər halda İŞİD-ə qarşı döyüşkənlik ruhunu nümayiş etdimək üçün Kruz reqlamenti pozmalı olub: "Biz onları zəiflətməyəcəyik, biz onları tamamilə darmadağın edəcəyik".

Ben Karson

İxtisasca uşaq neyrocərrahı olan namizəd Trampı tənqid etməyib, lakin deyib ki, "vizalarlın verilməsi üçün yeni qaydaların tətbiqi barədə ekspertlərin fikirlərini öyrənmək olardı".

Ceb Buş

Keçmiş prezidemtin qardaşı və Florida qubernatoru Ceb Buş da Trampla sonadək barışmazlıq nümayiş etdirə bilməyib:

"Kürdlər bizim ən güclü müttəfiqimizdir. Onlar müsəlmandır. Biz onların bu ölkəyə gəlməsini qadağan etməliyik?"

"Biz Hindistan və ya İndoneziyadan olan müsəlmanların bu ölkəyə gəlməsini qadağan etməliyik?" - deyə Buş sual edib və... əlavə edib ki, viza rejimi sərtləşdirilməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR