Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İnsan qidası üçün yararsız olan xammal və heyvan cəmdəkləri zərərsizləşdirilib

İnsan qidası üçün yararsız olan xammal və heyvan cəmdəkləri zərərsizləşdirilib

Date: 16 January 2016 11:23


Bakı, 16 yanvar, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) daxil olan məlumat əsasında, yanvarın 12-də Suraxanı rayonun Qaraçuxur qəsəbəsi, “Şərq massivi”ndə yerləşən “Zirvə” kolbasa məmulatları sexində reyd keçirilib. Reyd nəticəsində mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlığı şübhə doğuran, haradan alınması və sağlamlığı barədə baytarlıq arayışı olmayan 675 kiloqram toyuq farşı, 200 kiloqram heyvan mənşəli farş, 450 kiloqram toyuq filesi, 120 kiloqram toyuq budu, 780 kiloqram sümüksüz toyuq əti, 450 kiloqram qarışıq toyuq əti, 49 kiloqram toyuq qanadı aşkar olunub.
DBNX-nin mətbuat katibi Yolçu Həsənov AZƏRTAC-a bildirib ki, baytarlıq qanunvericiliyinə uyğun olaraq bu məhsullardan götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilib. Müayinə zamanı 1100 kiloqramdan artıq xammalın bakterioloji çirklənməyə məruz qalması, salmonella və eşerixa koli (escherichia coli) xəstəliklərinin törədicisinin olması müəyyən edilib.
Həmçinin yanvarın 15-də Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının birgə keçirdiyi reyd zamanı Bakı şəhəri, S.Vurğun küçəsində Ağcabədi rayonunun Aşağı Avşar kənd sakini Nəbiyev Şamxal Kərim oğlunun idarə etdiyi “Daevo sentral” 10 PV 475 dövlət nömrə nişanlı minik avtomobilində aşkarlanan, Bakı şəhərinə satış üçün gətirilən, sağlamlığı, mənşəyi barədə heç bir sənədi olmayan və qida üçün orqanoleptik göstəriciləri şübhə doğuran 4 baş heyvan cəmdəyi aşkarlanıb. Cəmdəklərin mənşəyinin hansı növ heyvana aid olduğunu, məcburi kəsildiyini, yaxud ölmüş heyvan cəmdəklərinin olmasını aydınlaşdırmaq, onların xəstəlik törədiciləri daşımasının yoxlanılması üçün həmin cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Cəmdəklərdən götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinə olunub. Müayinə zamanı cəmdəklərin bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz, eləcə də ölmüş və aqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvan cəmdəkləri olması müəyyən edilib.
Aparılan müayinələrin nəticəsinə əsasən, həm xammalın, həm də heyvan cəmdəklərinin heyvan və insan qidası üçün yararsız olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq onların zərərsizləşdirilməsinə qərar verilib.
Yanvarın 15-də həm “Zirvə” kolbasa məmulatları sexindən götürülən xammal, həm də Bakı şəhəri S.Vurğun küçəsində aşkarlanan heyvan cəmdəkləri Balaxanı Məişət Tullantıları Poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.

Tags:  İnsan qidası yararsız olan xammal heyvan cəmdəkləri zərərsizləşdirilib


RƏYLƏR


Top news