Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin yaradılmasının 90 illiyi qeyd olunub

Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin yaradılmasının 90 illiyi qeyd olunub
11:33 16 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 16 yanvar, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 90 illiyi qeyd olunub. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində davam etdirilən tədbirdə muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 15 yanvar 1926-cı il tarixli qərarı ilə Mərkəzi İcraiyyə Komitəsi yanında Bədən Tərbiyəsi və İdman Şurası yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1994-cü il dekabrın 30-da imzaladığı Fərmanla 1946-cı il martın 30-da yaradılan Naxçıvan Muxtar Respublikası Bədən Tərbiyəsi və İdman Komitəsi ləğv edilib və onun bazasında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il iyunun 23-də imzaladığı Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Naxçıvan Muxtar Respublikası Gənclər, İdman və Turizm Nazirliyinə çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il fevralın 28-də imzaladığı fərmana əsasən isə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi yaradılıb.
Azad Cabbarov qeyd edib ki, ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı kimi sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib, dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakının təmin olunmasını vacib məsələlərdən biri kimi hər zaman diqqətdə saxlayıb. Muxtar respublikada da gənclərlə iş və idman sahəsində mühüm işlər görülüb. Belə ki, son 20 il ərzində muxtar respublikada idman infrastrukturunun yenidən qurulması, yeni idman obyektlərinin, olimpiya-idman komplekslərinin inşası bu sahənin inkişafı ilə bağlı möhkəm təməl yaradıb.
Qeyd olunub ki, muxtar respublikada idmanın təşkilati-hüquqi bazasının yaradılması və inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılıb, 2002-ci ildə Boks, Güləş, Karate-do, Şərq Döyüşü Sənəti, Şahmat, Futbol, Yüngül Atletika, Voleybol, Basketbol, 2006-cı ildə Paralimpiya, 2013-cü ildə isə Hava və Ekstremal İdman Növləri, Atıcılıq federasiyaları, həmin federasiyaların perspektivli idmançılarının məlumat bankı yaradılıb. Həmçinin federasiyaların internet saytları istifadəyə verilib. Keçirilən idman tədbirləri saytlarda daim işıqlandırılmaqdadır. “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun 2013-cü il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə Ali Məclis Sədrinin tövsiyələri nəzərə alınaraq fəaliyyəti bərpa edilib, Azərbaycan I divizionu oyunlarında iştirakı təmin olunub. Komanda 2013-2014-cü il mövsümündə I divizionun qalibi olub. Komanda hazırda muxtar respublika birinciliyində iştirakını davam etdirir.
Vurğulanıb ki, muxtar respublikamızda qadınların idmana cəlbi istiqamətində də mühüm işlər görülür. Ötən il Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində “Xatun” Bədii Gimnastika İdman Klubu fəaliyyətə başlayıb. Hazırda muxtar respublikada 3-11 yaşlı 100-dən çox qız bədii gimnastika ilə məşğul olur. Həmçinin cari ilin əvvəlində nazirliyin tərkibində stolüstü tennis bölməsi də açılıb. Bölməyə müraciət edənlərin əksəriyyətinin gənc qızlar olması isə sevindirici haldır.
“Muxtar respublikamızda yaradılan müasir idman infrastrukturu, öz növbəsində, Naxçıvanın müxtəlif beynəlxalq yarışlara ev sahibliyi etməsi üçün geniş imkanlar açmışdır”, – deyən gənclər və idman naziri qeyd edib ki, 2003-cü ildə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatı, 2011-ci ildə karate üzrə “Naxçıvan Open” beynəlxalq turniri, 2011-ci ildən etibarən hər il mütəmadi olaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə “Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnirlər, “Naxçıvan Open” beynəlxalq şahmat festivalları keçirilib. 2012-ci ildə üzgüçülük üzrə Azərbaycan çempionatı, 2014-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş qol-bol paralimpiya idman növü üzrə beynəlxalq turnir, 2014-cü ildə veteranlar arasında ağırlıqqaldırma üzrə dünya kuboku uğrunda yarış, o cümlədən 2015-ci ildə kikboksinq üzrə “Azərbaycan kəməri” uğrunda yarış muxtar respublikanın idman həyatını daha da canlandırıb. Bütün bunlar yaradılan müasir idman infrastrukturu nəticəsində mümkün olub.
Bildirilib ki, bu gün muxtar respublikada, ümumilikdə, 40 min nəfərə yaxın yeniyetmə və gənc aktiv şəkildə idmanla məşğul olur. Muxtar respublika idmançılarının respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilir. Ötən il Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının 1 idmançısı “Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edib və bürünc medala layiq görülüb.
Gənclər və idman naziri muxtar respublika gəncliyini və qürur mənbəyimiz olan idmançılarımızı yubiley münasibətilə təbrik edib, onlara gənclər və idman sahəsində gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev çıxış edərək, ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasında mühüm işlər görüldüyünü, bu sahənin maddi-texniki bazasının möhkəmləndirildiyini bildirib. Vurğulanıb ki, bu gün gənclərin asudə vaxtlarının səmərəli təşkili, idmanın kütləviliyinə nail olunması, idman federasiyalarının işinin düzgün qurulması istiqamətində muxtar respublikada ardıcıl tədbirlər görülür.
Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi Heyrat Qulamov dövlətimizin idmana və idmanın inkişafında əməyi olan insanlara göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, idmanda müasir cəmiyyət üçün son dərəcə vacib olan dəyərlər – mübarizədə imkanların bərabərliyi, uğurun bərabər mübarizədə qazanılması, birinci olmağa can atmaq, yalnız rəqibə deyil, özünün mənfi duyğularına da qalib gəlmək bacarığını formalaşdırmaq kimi dəyərlər özünü büruzə verir.
Sonra Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 90 illiyi münasibətilə gənclər, bədən tərbiyəsi və idman sahəsində səmərəli fəaliyyət göstərən nazirliyin əməkdaşlarına qiymətli hədiyyələr təqdim olunub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Muxtar_respublikanin_Gencler_ve_Idman_Nazirliyinin_yaradilmasinin_90_illiyi_qeyd_olunub-919026

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR