Müdafiə Nazirliyindən maaşların azaldılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Müdafiə Nazirliyindən maaşların azaldılması ilə bağlı RƏSMİ AÇIQLAMA
12:12 16 Yanvar 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

"Silahlı Qüvvələrimizin maliyyələşməsi haqqında bəzi elektron kütləvi informasiya vasitələrində yalan və əsassız məlumatların yer alması yalnız təəssüf və təəccüb hissi doğurur".

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-ın orduda minlərlə hərbi qulluqçunun məvacibinin aşağı salındığı barədə yayılan xəbərlə bağlı sorğusuna cavab olaraq bildiriblər.

Sorğunun cavabında qeyd edilir ki, Müdafiə Nazirliyi səsləndirilən bu qeyri-ciddi iddiaları tamamilə rədd edir:

"Belə ki, 2016-cı ildə müdafiə sahəsi üçün nəzərdə tutulan xərclər ötən il ilə müqayisədə xeyli miqdarda artıb. Hərbi quluqçuların pul təminatı azalmayıb, Silahlı Qüvvələrin ümumi sayında heç bir dəyişiklik yoxdur. Tam əksinə, mərkəzi aparatda və qərargahlarda edilən ştat-struktur dəyişikliyi nəticəsində optimallaşmaya nail olunub, ön xətdə yerləşdirilən yeni döyüş təyinatlı hərbi hissələrdə ixtisaslı vəzifələrin sayı çoxalıb. Bunun hesabına hərbi quluqçuların maaşları faiz baxımından artıb, şəxsi heyətin və ailə üzvlərinin sosial təminat bazası gücləndirilib.

2016-cı il ərzində Ali Baş Komandanın tapşırığına əsasən, bu istiqamətlərdə görülən işlər yenə də davam etdiriləcəkdir.

İl ərzində 10-a yaxın yeni hərbi şəhərciyin, eləcə də xidməti və daimi mənzilərin istifadəyə verilməsi planlaşdırılır. Novruz bayramı günlərində açılacaq 3 yeni hərbi şəhərcik də görüləcək fəaliyətlərin bariz nümunəsi olacaq. Bu ərəfədə Silahlı Qüvvələrdə təşkil ediləcək "Açıq qapı günü"ndə valideynlər və ictimaiyyət nümayəndələri də deyilənlərin şahidi olacaqlar.

Eyni zamanda döyüş hazırlığının gücləndirilməsi istiqamətində planlaşdırılan ikitərəfli, çoxtərəfli beynəlxalq, o cümlədən birlik və birləşmə səviyyəsində, müxtəlif qoşun növlərinin cəlb olunması ilə xeyli sayda təlimlər də keçiriləcəkdir.

Bir daha bildiririk ki, Silahlı Qüvvələrimizlə bağlı hər hansı məlumat yayarkən şəxsi maraqları kənara qoyub, xalqın maraqlarından və dövlətin təhlükəsizliyi mənafeyindən çıxış etmək zəruridir.

Silahlı Qüvvələrdə il ərzində görülən işlər, fəaliyyətlər, həyata keçirilən bütün tədbirlər barədə Müdafiə Nazirliyi şəffaf şəkildə, vaxtında və faktlarla məlumatları ictimaiyyətə təqdim edəcəkdir".
 

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/398505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR