Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazpəri illərlə demədiklərini dilə gətirdi: "Qaynanam oğlumu məndən almaq istəyirdi..."

Nazpəri illərlə demədiklərini dilə gətirdi: "Qaynanam oğlumu məndən almaq istəyirdi..."

Date: 16 January 2016 12:44

"Keçmiş həyat yoldaşım övladlarıma atalıq etmədi"

Müğənni Nazpəri Dostəliyeva Lent.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Yaradıcılığınızda nə yenilik var?

-  Bir neçə işim var ki, onları yaxın günlərdə təqdim etmək niyyətindəyəm.

- Televiziyaların qoyduğu qadağa ilə bağlı keçirdiyiniz mətbuat konfransının sizə xeyri oldumu?

- Sonuncu mətbuat konfransım məni güldürdü. Həm də sevindirdi. Sevindirən o oldu ki, mənə qadağa qoyan, qapılarını üzümə bağlayan telekanallar etiraf etdilər ki, rəsmi qadağa yoxdur. Bu açıqlama məni sevindirməklə yanaşı, güldürdü. Aydın məsələdir ki, bu, nə deməkdir. Özləri etiraf edirlər ki, Nazpəri xanıma qadağa yoxdur. Amma arxada qadağa olduğunu deyirlər, efirlərə çağırmırlar, yeni kliplərimi efirlərində yayımlamırlar. Konsertlərimi çəkib vermirlər.

- Cəmiyyətdə şou-biznes barəsində mənfi fikir formalaşmasının səbəbi nədir?

- Əvvəllər deyirdim ki, cəmiyyətimiz şou-biznesə alışmayıb, bu aləmi pis qəbul edirlər. Amma düşünürəm ki, artıq şou-biznesi cəmiyyətimiz də qəbul edib. Sualınıza gəlincə isə bu gün sənət adamları özlərini çox hörmətsiz ediblər. Danışıqları, dava-dalaşları, davranışları ilə. Əlbəttə ki, bu sözlərim hər kəsə şamil olunmur. Bu gün sənətkarlar efirlərdə az görülürlər. Çünki sənətkarlara pul təklif olunur. Həmin verilişlərdən də utanırlar. Şəxsiyyətlərinə sığışdırmayıb, efirə çıxmırlar. Şou aləmində elələri var ki, sənətkarları gözdən salırlar.

- Sənət və ailə. Nə kimi çətinlikləriniz olub?

- Sənətimi, ailəmi zəhmətimlə qurmuşam. Övladlarımı da tək böyütmüşəm. İstər sənətimdə, istərsə də ailədə qazandığım bütün uğurları öz ağlımla, zəkamla əldə etmişəm. İnsanları bəzən tamah məhv edir. Amma mən çoxlu pul əldə etmək üçün əyri yollara getməmişəm. Pul özü gəlib məni tapıb. Övladlarım balaca olanda gecə toylardan gəlirdim, gələn kimi də onları başıma yığıb, öyüd-nəsihət verirdim. Onların beyninə yeridirdim ki, siz nə prokuror, nə nazir övladısınız. Başa salırdım ki, məktəbdə deməsinlər ki, xalq artistinin övladısınız. Deyirdim ki, hər zaman biləsiniz ki, siz fəhlə övladısınız.

- Həyat yoldaşınızla boşanandan sonra əlaqənizi kəsdiniz?

- Onunla münasibətim hər zaman yaxşı olub. Hətta dünyasını dəyişməmişdən qabaq onu övladlarımın toyuna dəvət elədim. O da gəldi. Allah ona da rəhmət eləsin, qəbri nurla dolsun. Biz boşansaq da övladlarımla münasibəti hər zaman yaxşı olub. Həyat yoldaşım indi haqq dünyadadır. Heç nə gizlətmək istəmirəm, mən ondan nə aliment aldım, nə də 1 qəpik maddi yardım istədim.

- Övladlarınıza ata ola bildimi?

- Yox, o heç övladlarıma atalıq da edə bilmədi. Çox uzaqlarda oldu. Biz boşanan kimi ailə qurdu. Bir sözlə, onun ayrı ailəsi, uşaqları oldu. Ailəmin dağılmasına səbəblər var idi. Ayrılmağı da haqlı olaraq mən istədim. Amma ayrılanda nə olar ki? Ata övladdan uzaq olmamalıdır. Böyük oğlumu qaynanam 7 il rayonda saxladı, övladımı mənə qaytarmaq istəmirdi. Oğlumu məndən almağa cəhd etdi. Onun bu istəyini bilib, dərhal yollandım rayona. Qaynanama dedim ki, sən də anasan, məni öldür, amma övladımı ver. Övladlarımın hərəsinin ayrı-ayrı yerlərdə tərbiyə almasını istəmirəm. Uşaqlarımı özüm böyütmək istəyirəm. Mənim bu sözlərimə və göz yaşlarıma qaynanam acıdı və övladımı özümə qaytardı. Oğlanlarımı özüm böyütdüm. Orta məktəbi əla qiymətlərlə bitirdilər. Daha sonra ali məktəbə daxil oldular. Biri Dövlət İqtisad Universitetini, o birisi isə hüququ bitirdi. Bir sözlə, övladlarıma həm ata, həm ana olmuşam. Ən böyük fəxrim övladlarımın diplomları, qabiliyyətləridir. Onları kimlə tanış edirəm, sonra mənə zəng edib deyirlər ki, Nazpəri xanım, xoşbəxtsiniz ki, Əli, Əkbər kimi övladınız var. Əlidən və Əkbərdən çox razıyam. Hər şeyi mənimlə məsləhətli edirlər.

- Bəs ailə qurmaq istəyəndə məsləhət aldılarmı?

- Ailə qurmaq qərarlarına gələn zaman isə seçimləri onların öz üzərinə buraxdım. Həm də hər ikisindən arxayın idim. Ailə qurduqları xanımları özləri tapıblar. Seçimləri ilə mən də razılaşıb, onlara möhtəşəm toy etdim. Allah mənə qismət elədi ki, onlara ürəyim istəyən kimi toy təşkil etdik. Bu gün də hər ikisinin həyatından məmnunam. Üç nəvəm var, ikisi oğlandır, biri isə qızdır.

- Gəlinlərinizlə münasibətiniz necədir?

- Çox yaxşıdır, mənə "mama" deyirlər. Hətta nəvələrim də mənə "mama" deyirlər.

- Nənə olan bir çox tanınmışlar nəvələrinin onlara "Nənə" deməsini istəmirlər. Sizdə belə komplekslər yoxdur ki?

- Yox, qətiyyən. Mənim elə kaprizlərim yoxdur. Sadəcə, nəvələrim gəlinlərimin, övladlarımın dilindən "mama" eşitdiklərinə görə, mənə "mama" deyirlər. Bu məni heç zaman qıcıqlandırmayıb. Əksinə, xoşdur. Sadəcə bəzi sənət adamlarının "nənə" adından qorxmasının səbəbi odur ki, gözü görənlər yaxşı qəbul edir, görməyənlər isə "nənə" adından öz mənafeləri üçün istifadə edirlər.

- Sizinlə bərabər bacınız Zeynəb Dostəliyeva da bu sənətdədir. Amma illər öncə bacınızla aranızda yaşadığınız inciklik mətbuatda çox müzakirə olundu və hələ də həmin qalmaqal yaddaşlarda qalıb. Olmazdımı ki, iki bacı bu incikliyi səhnə arxasında həll edəsiniz?

- Bacımla mənim aramda olan incikliyin mətbuatda müzakirə olunması mənə çox təsir etdi. Mətbuatda, televiziyada olan və öz mənafeyini güdən aparıcılar bu qalmaqalı məndən ala bilməzdilər. Ala da bilmədilər. Amma bacım Zeynəb onları tanımadı, inandı. Həmin adamlar bacımdan balaca bir məlumat alırdılar, daha sonra həmin xəbərin ardına isə böhtan, şər qoşurdular. İstəyirdilər ki, Nazpərini vursunlar. Buna görə də Nazpəri-Zeynəb münaqişəsi zamanı heç bir jurnalistə cavab verməmişəm. Bilirsiniz, bacım çox inanan, açıq adamıdır. Hər kəsi özü kimi qəbul edəndir. Mən də ona deyirdim ki, axı sən niyə bu qədər hamıya inanırsan? Bu qalmaqala görə bacımla aramız bir müddət soyudu. Amma Allahın bu gününə çox şükür olsun ki, artıq aramız yaxşıdır. Belə bir deyim var ki, ətlə dırnaq ayrılmaz. Ətlə dırnağın arasına girən iylənib çıxar. Bu gün mənə elə sözlər deyir ki, kövrəlirəm. Mənə ehtiyacı olduğunu deyir. Övladlarına, özünə görə. Qardaşlarım da mənə ehtiyaclarının olduğunu deyirlər. Bacım və qardaşım mənə deyəndə ki, Allah bizim ömrümüzdən kəsib, sənin ömrünə calasın, bu sözləri göz yaşı ilə qarşılayıram. Allah eləməsin. Mən onlara, onlar mənə lazımdır. 

Milli.Az


Tags:  mugenni nazperi dosteliyeva nazperi dosteliyeva musahibe

RƏYLƏR


Top news