Çörək və un bazarında vəziyyət necədir? - REPORTAJ

Çörək və un bazarında vəziyyət necədir? - REPORTAJ
15:49 16 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad olunub.

 

ƏDV-nin ləğv olunması ölkədəki topdansatış mərkəzlərində unun qiymətlərinin enməsinə səbəb olub. Satıcılar unun ucuzlaşmasını buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad olunması ilə izah edirlər.

 

Satıcı Malik Mirzəliyev: "Unun qiyməti əvvəl 26 manat idi, prezidentin tapşırığından sonra düşüb 22 manata. Biz də onu satırıq 23 manat 50 qəpiyə. Firmalar hər biri 22 manata verir unu. Hər cür əla növ unlar alışı 22 manat, satışı 23-23.50-dir. Qiymətlərin düşməsindən sonra alıcılıq qabiliyyəti yüksək səviyyədədir. Əvvəl günə 7-10 kisə civarında un satırdıqsa, indi 12-15 kisə satırıq".

 

Satıcı Əjdər Məmmədov: "Əvvəl qiymətlər qalxdı. Hətta 26 manata qədər qalxmışdı. Vergiləri ləğv etdikdən sonra unun qiyməti düşdü. Hal-hazırda bizdə un 23 manatdır. Hamısı eyni qiymətlə satılır. Alıcılar əvvəl bir az narazı idi, indi yaxşıdır. 23 manat 50 qəpik də deyəndə deyirdilər bahadır, indi 23 manat elədik, rahat alıb aparırlar. 50 kq 23 manatdır. 11 manat 50 qəpiyə 25 kq-dır. 10 kq 4 manat 50 qəpikdir".

 

Satıcı Azər Haqverdiyev: "Əvvəllər 27 manat idi. İndi düşüb, 23 manat 50 qəpikdir. Dəyirmandan 26 manata alırdıq, indi 22 manata alırıq, 23 manat 50 qəpiyə satırıq. 50 kq 23 manat 50 qəpik, 10 kq 4 manat 20 qəpiyədir".

 

Unun yeni qiymətinə uyğun olaraq 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılacaq. Unu və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görüləcək.

 

Bölgələrə gəldikdə, Ucarda əvvəllər 26 manata təklif olunan 50 kiloqramlıq 1 kisə un hazırda 24 manata satılır. Bununla yanaşı, çörəyin qiymətində enmə, çəkisində isə artım müşahidə olunur. Belə ki, dünən çəkisi 400-430 qram olan əla növdən hazırlanmış çörək 40 qəpiyə satılırdısa, bu gün eyni növdən hazırlanmış çörəyin çəkisi 520-540 qrama qədər artırılıb, qiyməti isə 10 qəpik enib.

 

Bundan başqa, hazırda Lənkəranda 500 qramlıq çörək 30 qəpiyə satılır, 50 kiloqramlıq 1 kisə unun dəyəri 24 manatdır.

 

Şirvanda, Göyçayda, Xaçmazda da 500 qramlıq çörək 30 qəpiyə, 1 kisə un isə 24 manata satılır.

 

Gəncədə çörəyin çəkisi və qiyməti yuxarıda sadalanan ərazilərdəki qiymət və çəkidən fərqlənməsə də, 1 kisə un 22,6 manatadır.

 

Ağdamda isə 1 kisə un 22-23 manata, 700 qramlıq çörək isə 40 qəpiyədir. Bütün bunlar göstərir ki, un və çörəyin qiyməti ilə bağlı bir neçə gün davam edən qeyri-müəyyənliyə son qoyulub.

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228971

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR