Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Daxili işlər naziri: "Yol polisi daha məsuliyyətlə xidmət aparmalıdır"

Date: 16 January 2016 17:17

"Report" xəbər verir ki, bunu 2015-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib.
Müşavirəni giriş sözü ilə açan nazir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan quruculuq proseslərində yaxından iştirak edən daxili işlər orqanlarının əməkdaşları, o cümlədən Baş Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti ölkənin qanunlarından, dövlət başçısının fərman və sərəncamlarından, Nazirlər Kabinetinin qərarlarından, Daxili İşlər Nazirliyinin əmr və göstərişlərindən irəli gələn tələbləri layiqincə yerinə yetiriməyə çalışıblar.
Baş idarənin rəisi, polis general-mayoru Ramiz Zeynalov görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.
Məruzəçi qeyd edib ki, həyata keçirilən tədbirlər, o cümlədən yol hərəkəti əleyhinə olan inzabati xətaların qarşısının alınması işinin gücləndirilməsi, bu sahədə, bir tərəfdən vətəndaşların maarifləndirilməsi nəticəsində onlarda qanuna hörmət hissinin daha da artması, digər tərəfdən, inzibati məsuliyyət tədbirlərinin təkmilləşdirilməsi öz müsbət nəticələrini verib.
Müşavirəyə yekun vuran daxili işlər naziri Ramil Usubov DYP xidmətinin ötənilki fəaliyyətinin nəticələrini ümumən müsbət qiymətləndirib, qarşıda çox mühüm vəzifələrin durduğunu bildirib, onların həlli üçün konkret tapşırıq və tövsiyələrini verib, hər bir əməkdaşın vəzifə borcunun öz xidməti funksiyalarını layiqincə yerinə yetirmək, fəaliyyətin bütün sahələrində işlərin uğurlu getməsi üçün peşəkarlığın ən vacib amil olduğunu xatırladıb, eyni zamanda, əldə edilmiş müsbət nəticələrdən arxayınlaşmamağı, daha məsuliyyətlə xidmət aparılmasını tələb edib.
Ramil Usubov müasir dövrdə qanunvericilik aktlarının çox dinamik olduğunu, yeni ictimai münasibətlərin tənzimlənməsi baxımından vaxtaşırı dəyişikliyə məruz qaldığını xatırladaraq, onların dərindən öyrənilməsinin, praktikada düzgün tətbiq etməyin vacibliyini və zəruri hallarda vətəndaşlara izah etmək bacarığının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Nazir qəzaların baş verməsinə birbaşa təsir göstərən sürət həddinin aşılması, ötmə qaydalarının pozulması, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması və digər inzibati xətaların aşkarlanmasının daha da gücləndirilməsinin, həmin məsələlərlə bağlı aidiyyəti ərazi polis orqanlarına əməli köməklik göstərilməsinin, yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində əhalinin maarifləndirilməsi məsələsinə xüsusi diqqət yetirilməsinin, təhsil müəssisələrində təbliğat işlərinin, habelə, hadisələrin və onların hüquqi nəticələrinin kütləvi informasiya vasitələrində, xüsusən, televiziya kanallarında davamlı olaraq işıqlandırılmasının, yol polisi əməkdaşlarının qanunla müəyyən edilmiş səlahiyyətlərini qanunvericiliyə tam uyğun həyata keçirmələrinin əhəmiyyətini vurğulayıb.
Tədbirin sonunda nazir R.Usubov tərəfindən ötən il xidməti vəzifələrin icrasında fərqlənmiş bir qrup əməkdaşa mükafatlar təqdim olunub.

Tags:  Daxili işlər naziri Yol polisi məsuliyyətlə xidmət aparmalıdır

RƏYLƏR


Top news