İstanbul, 16 yanvar, AZƏRTAC
Azərbaycanlı professor Babək Qurbanov Türkiyənin “Valeh Hacılar” Beynəlxalq Elm və Mədəniyyət Araşdırmaları Fondu tərəfindən “Türk dünyasına xidmət” mükafatı ilə təltif edilib.
Fondun rəhbəri, professor Cengiz Alyılmaz AZƏRTAC-ın xüsusi müxbirinə bildirib ki, B.Qurbanov türk dünyası qarşısında böyük elmi xidmətlərinə görə bu mükafata layiq görülüb. O, B.Qurbanovun Azərbaycanın elm və mədəniyyət xadimlərinin Türkiyədə, türk mədəniyyətini təmsil edən şəxslərin isə Azərbaycanda tanınması istiqamətində fəaliyyətini qeyd edib. Azərbaycanlı alim uzun illərdir ki, Türkiyə universitetlərində fəlsəfə, sənət fəlsəfəsi, estetika, etika, kulturologiya, musiqi estetikası, musiqi nəzəriyyəsi, müasir türk düşüncə tarixi və s. kimi fənlərdən mühazirələr oxuyur. O, bir çox jurnal və qəzetlərin redaksiya heyətlərinin üzvüdür.
Azərbaycanın xalq şairi Osman Sarıvəllinin oğlu Babək Qurbanov 40 kitabın, 600-dən artıq elmi məqalənin müəllifdir və 35 elmi işə rəhbərlik edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul