20 Yanvar faciəsinin ildönümü Bişkekdə qeyd edilib

20 Yanvar faciəsinin ildönümü Bişkekdə qeyd edilib
20:08 16 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+


Bişkek, 16 yanvar, AZƏRTAC 
Azərbaycanın Qırğızıstandakı səfirliyində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Mərasimdə Qırğızistan parlamenti-Jokorku Keneşin deputatları, hökumətinin təmsilçiləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.
Əvvəlcə 20 Yanvar faciəsi ilə bağlı fotosərgiyə baxış keçirilib, iştirakçılara bununla əlaqədar məlumatlar toplusu təqdim olunub.
Tədbirdə 20 Yanvar faciəsi haqqında “Qanlı Yanvara aparan yol” sənədli filmi nümayiş etdirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların ruhuna dualar oxunub.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov 20 Yanvar faciəsinin yaranma səbəbləri haqqında məlumat verib. O deyib ki, yanvarın 19-dan 20-nə keçən gecə sovet ordunun hissələri, daxili qoşunlar və xüsusi təyinatlı dəstələrin iri kontingenti Bakıya yeridilib, bir gecənin içində qəddarlıq və görünməmiş vəhşiliklər törədilib, 147 insan qətlə yetirilib, 744 nəfər yaralanıb, 5 nəfər itkin düşüb və 841 nəfər əsassız olaraq həbs edilib. Bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsindən dərhal sonra Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gedib və bu qanlı qırğını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmalarını tələb edib.
H.Orucov bildirib ki, 20 Yanvar Azərbaycanın tarixinə həm də qəhrəmanlıq salnaməsi kimi daxil olub.
İyirmi Yanvardan sonra Azərbaycan xalqı hərbi, siyasi və mənəvi təzyiqlərə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu sübut etdi.
Qırğızıstan parlamentinin deputatı, Qırğızıstan- Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri xanım Aşera Xalikova tədbirdə göstərilən filmdən çox təsirləndiyini, faciənin təkcə qardaş Azərbaycan xalqının deyil, həm də qırğız xalqının müsibəti olduğunu diqqətə çatdırıb. O, Azərbaycan ilə Qırğızıstan arasında əlaqələrinin yüksək səviyyədə olduğunu, Qırğızıstanın Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini vurğulayıb.
Ukraynanın Qırğızıstandakı səfiri Nikolay Doroşenko Azərbaycanın keçmiş SSRİ respublikaları arasında müstəqillik üçün mübarizə aparan ilk dövlətlərdən biri olduğunu qeyd edib.
Qırğızıstan Xalqları Assambleyasının sədri, akademik Bektemir Murzubraimov qardaş Azərbaycan xalqının öz tarixini heç vaxt unutmayacağını qeyd edib. O, ötən il Azərbaycanda olduğunu və Şəhidlər xiyabanını ziyarət etdiyini bildirib. Azərbaycan xalqının öz tarixinə necə hörmət etdiyinin bir daha şahidi olduğunu vurğulayıb. Assambleya sədri 20 Yanvar faciəsi və Xocalı soyqırımının qırğız xalqı tərəfindən hüznlə anıldığını, bu qanlı hadisələri törədənlərin gec-tez öz layiqli cəzalarına çatacaqlarına ümid etdiyini bildirib.
Sonra “Sebat” Tədris Mərkəzinin baş direktoru Nurlan Kudayberdiyev, Rusiyanın bu ölkədəki səfirliyinin müşaviri Vadim Çekmazov, “Azəri” İctimai Birliyinin sədri Əziz Əliyev, Qırğızıstanın əməkdar həkimi Akif Rəfibəyov, müəllim Alla Kurbanova, Bişkekdəki Milli Strateji Araşdırmalar İnstitutunun müəllimi Anar Qasımov, Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının prorektoru Kayrat Osmanaliyev, Qırğız-Türk “Manas” Universitetinin prorektoru Asılbek Kulmırzayev, Türkiyənin Qırğızıstandakı müvəqqəti işlər vəkili Çağatay Yıldırım və başqaları sovet ordusu tərəfindən Bakıda və Azərbaycanın bir sıra digər ərazilərində törədilmiş vəhşilikləri pisləyiblər. Bildiriblər ki, faciəyə görə başda Mixail Qorbaçov olmaqla keçmiş SSRİ-nin şovinist rəhbərləri məsuliyyət daşıyırlar.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_faciesinin_ildonumu_Biskekde_qeyd_edilib-919170

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR