Azərbaycan yaranmış müvəqqəti iqtisadi çətinliklərdən alnıaçıq və qələbə ilə çıxacaq

21:13 16 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
Məlumdur ki, bu gün dünyada ziddiyyətli siyasi, sosial–iqtisadi proseslər cərəyan edir, Azərbaycanın yerləşdiyi mürəkkəb coğrafiyaya yaxın ərazilərdə illərdir münaqişələr hökm sürür. Ayrı-ayrı böyük dövlətlərin geosiyasi və geoiqtisadi müstəvidə apardıqları rəqabət, artan qütbləşmə meyilləri həm region dövlətlərinə, həm də dünyanın əksər dövlətlərinin iqtisadiyyatlarına mənfi təsir göstərir. Bu təhdidlər müstəqil siyasət həyata keçirən dövlətlərin iqtisadi potensiallarına mənfi təsir edir. Bu mənada Azərbaycan da istisna deyil. Ölkə Prezidenti İlham Əliyev bununla əlaqədar vəziyyəti çox düzgün qiymətləndirib: “Müstəqil siyasət aparmağımız bizə bəzi problemlər də yaradır. Çünki bu gün dünyada qütbləşmə göz qabağındadır, bu proses gedir. Böyük ölkələr öz təsir dairələrini genişləndirmək istəyirlər və görəndə ki dünyada müstəqil, öz sözünü deyən, heç kimdən çəkinməyən, prinsipial ölkə var, əlbəttə, bu, onları qıcıqlandırır. Ancaq bu, bizi narahat etməməlidir. Bu məsələlərə, ümumiyyətlə, mən fikir vermirəm. Çünki mənim üçün əsas məsələ ölkəmizin təhlükəsizliyi, inkişafı və sabitliyidir. Ona görə Azərbaycan bundan sonra da müstəqillik yolu ilə gedəcək”.
Ümumiyyətlə yer üzündə heç bir dövlət iqtisadi çətinliklərdən və böhranlardan sığortalanmayıb. Çünki bu proses təbiidir, cəmiyyətlərin inkişaf tendensiyasında qəbul olunan haldır. Bunun əksini fikirləşmək yalnız naşılıq və qeyri-peşəkarlıqdır. İqtisadi böhranlar tarixinə nəzər salsaq görərik ki, heç inkişaf etmiş Amerika və Avropanın sənayeləşmiş ölkələri iqtisadi böhranlardan yan qaça bilməyiblər. Dünyada ilk iqtisadi böhran 1857 –ci ildə sürətlə sənayeləşən Qərb dövlətlərində baş verib. Böhran dövründə Amerikada çuqun istehsalı 20 faiz, Fransada 13 faiz, Britaniyada gəmiqayırma sənayesi 26 faiz geriləmişdi. 1920-1922–ci illərdə I Dünya müharibəsinin başa çatmasından sonra başlanan iqtisadi böhran isə deflyasiya və resessiya ilə bağlı idi. Bu dövrdə Danimarka, İtaliya, Finlandiya, Hollandiya, Norveç, ABŞ və Britaniyanın bank və valyuta bazarı çətinliyə düşmüşdü. 1929–1933–cü illərdə baş vermiş böhran “Böyük depressiya” adı ilə tanınır. Əsas qiymətli kağızlar 60-70 faiz dəyər itirmiş, dünya valyutaları üçün qızıl standartları ləğv olunmuşdu. Amerikalı səhmdarlar 2 həftəyə 15 milyard, bir il ərzində isə o dövr üçün böyük vəsait olan 40 milyard dollardan artıq vəsait itirmişlər. Fabriklər, zavodlar bağlanır, milyonlarla insan işsiz vəziyyətə düşürdü. 1957–ci ildə dünya iqtisadi böhranı, 1973–cü ildə tarixin ən əsaslı iqtisadi böhranı, 1987–ci ildə ABŞ-da “Qara bazar ertəsi” adlanan iqtisadi böhran, 1994-1995-ci illərdə Meksikada, 1997–ci ildə Cənub–Şərqi Asiyada maliyyə böhranı,1998–ci ildə Rusiyada defoltla nəticələnən iqtisadi böhran və sonuncu dəfə 2008-2011–ci illərdə dünya iqtisadi böhranı tarixin və insanların yaddaşından silinməyib və hələ də xatırlanır. Onlar üçün əsas xarakterik xüsusiyyət dünyada baş verən geosiyasi və geoiqtisadi mübarizələr və siyasi qütbləşmə meylləri və bloklar arasında ziddiyyətlərdir. Yaşadığımız günlərdə də dünyada və Azərbaycanda baş verən iqtisadi çətinliklərin səbəbi də məhz bu ziddiyyətlərdə axtarılmalıdır. Yəni, bu proseslər Azərbaycan və ona oxşar müstəqil siyasət həyata keçirən dövlətlərin iradəsinin xaricindədir. Yeri gəlmişkən, 2008-2011–ci illərdə dünya iqtisadi böhranı zamanı dünyanın bir çox inkişaf etmiş iqtisadiyyatları, o cümlədən ABŞ iqtisadiyyatı çox zərər gördü. O dövrdə Azərbaycan iqtisadiyyatı dünyada sabitlik nümayiş etdirən tək–tək iqtisadiyyatlardan idi. Bunun da səbəbi həyata keçirilən və bəhrəsini verən iqtisadi islahatlar idi. Amma hər şeyin də bir zamanı var. Dünyada baş verən siyasi, sosial- iqtisadi çətinliklər bizim də qapımızı döydü. Çünki biz dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsiyik.
Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev nitqində dünyada və ölkədə baş verən böhran prosesinə belə şərh verib: “2015-ci ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. Bu da çox müsbət haldır. Əlbəttə ki, əvvəlki illərdə olan inkişaf əldə edilməmişdir. Bu da mümkün deyildi. Çünki neftin qiyməti 3-4 dəfə aşağı düşmüşdür. Manatın məzənnəsi devalvasiyaya uğramışdır. Bu da qaçılmaz idi. Çünki neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi imkan vermirdi ki, manatın məzənnəsi əvvəlki səviyyədə qalsın. Eyni zamanda, bizim qonşu ölkələrdə də milli valyutalar 100 faiz, bəzi hallarda ondan da çox dərəcədə devalvasiyaya uğramışdır. Belə olan halda Azərbaycanda istehsal olunan məhsullar öz rəqabət qabiliyyətliliyini itirirdi, bizim istehsalçılara çox böyük təzyiq göstərilirdi. Sadəcə olaraq, manatı əvvəlki səviyyədə saxlamaq qeyri-mümkün idi. Yəni, bu, qaçılmaz bir addım idi. Bunun səbəbi Azərbaycandan kənarda yaranmışdır. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini mən şəxsən iqtisadi amillərlə, sırf iqtisadi amillərlə bağlaya bilmərəm. Çünki dünya iqtisadiyyatı o qədər tənəzzülə uğramayıb ki, neftin qiyməti 3-4 dəfə aşağı düşsün. Mənim fikrimcə, burada ilk növbədə siyasi amillər öz rolunu oynayıbdır”.
Son illərin iqtisadi çətinliklərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı yenə də inkişaf tempi nümayiş etdirir. Gəlin rəqəmlərə baxaq.
İqtisadi inkişafımız bu gün bir çox ölkələr üçün cəlbedicidir. Çünki Azərbaycan şaxələndirmə yolu ilə gedir. Ölkə iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır. Qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir.
Yola saldığımız 2015-ci ildə Azərbaycan iqtisadiyyatı 4 faizə yaxın artıb. Həm də nəzərə alınmalıdır ki, bu göstərici qeyri-neft sektorunun hesabına əldə edilib, il ərzində qeyri-neft iqtisadiyyatımız təxminən 7 faizdən çox artıb və bu da qeyd etdiyimiz kimi, aparılan islahatların nəticəsidir. Təsadüfi deyil ki, bir müddət bundan əvvəl dərc edilmiş Qlobal Rəqabət Qabiliyyəti hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7 ildir lider mövqeyini qoruyub.
Ötən il ərzində iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına təxminən 12 milyard manat investisiya yönəldilib. Dövlət İnvestisiya Proqramı çərçivəsində yol-nəqliyyat, enerji, qaz infrastrukturunun, sosial obyektlərin tikintisi, su və kanalizasiya təminatının yaxşılaşdırılması və digər layihələr üzrə işlər davam etdirilib.
Böyük iqtisadi və siyasi potensiala malik olan Şərq-Qərb və Şimal-Cənub tranzit nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsi bu imkanlardan daha səmərəli istifadə olunmasını, bu sahədə gəlirləri artırmaqla, iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsini təmin edəcək.
2015-ci ildə iqtisadiyyatın bir çox sahələrində olduğu kimi, xaricə investisiya qoyuluşu sahəsində də ölkəmiz uğurlar qazanıb. Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Moldova, Polşa kimi ölkələr Azərbaycan investisiyalarının yatırıldığı ölkələr sırasındadır.
Bütövlükdə qeyri-neft sənayesi üzrə 2016-2019-cu illər üzrə orta hesabla 9,2 faiz artıma nail olunacağı proqnozlaşdırılır.
Ölkəmizdə əhaliyə xidmət səviyyəsi baxımından çox ölkələrə nümunə olacaq fəaliyyətlər həyata keçirilib. “ASAN xidmət” əhaliyə göstərilən xidmət səviyyəsinə görə bütün təriflərə layiqdir.
Təəssüf ki, ölkəmizdə yaranan iqtisadi çətinliklərdən sui-istifadə etmək istəyən, varlanmaq istəyən iş adamları və işbazlara da rast gəlmək oldu. Bunun qarşısının alınması istiqamətində ölkə rəhbərliyi səviyyəsində mühüm tapşırıqlar verilib. Dövlət başçısı Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, süni qiymət artımının qarşısının alınması üçün ilk növbədə istehlak qiymətlərinə ciddi nəzarət edilməlidir. Azərbaycanda istehsal olunan məhsullara qiymət artımı olmamalıdır. Süni bahalaşmaya son qoyulmalı, burada ciddi cəza tədbirləri görülməlidir. Təkcə cərimələrlə kifayətlənməməli, prokurorluq orqanları tərəfindən bu vəziyyətdən öz şəxsi maraqlarını təmin etmək istəyənlərə qarşı ciddi cəza tədbirləri həyata keçirilməlidir. Prezident İlham Əliyev iclasda, həmçinin biznes mühitinin yaxşılaşdırılması, sahibkarlar üçün bürokratik əngəllərin aradan qaldırılması üçün dövlət qurumlarına tapşırıqlar verib. Son günlər Prezident İlham Əliyevin qətiyyətli addımları nəticəsində müxtəlif sahələr üzrə aparılan islahatlara yeni temp verilib, bir sıra lisenziya növləri ləğv edilib, iqtisadiyyata yük olan təkrar qurumlar ləğv edilməkdədir. Bu islahatlar bütün sürəti ilə davam edəcək və öz bəhrəsini göstərəcək. Əhalinin sosial müdafiəsi istiqamətində mühüm addımlar atılacaq.
Ölkə rəhbərinin diqqət yönəltdiyi məsələlərdən biri də ictimai nəzarətin gücləndirilməsidir. Bu, bir daha göstərir ki, Prezident İlham Əliyev həyata keçirilən islahatlarda həmişə olduğu kimi, xalqa güvənir və xalqı öz hüquqlarını qorumaqda fəal olmağa çağırır. Əlbəttə, bu işdə vətəndaş cəmiyyətinin də üzərinə düşən əsas vəzifə bu çağırışa adekvat cavab vermək, vətəndaşlara öz hüquqlarının qorunması işində yardımçı olmaqdır.
Son günlər yaranmış iqtisadi çətinliklərdən istifadə edərək siyasi sabitliyi pozmaq cəhdlərinin də şahidi oluruq. Bu cəhdləri həyata keçirmək istəyənlər davranışlarının fərqində olmalıdırlar. Məhz belə günlərdə insanlarımız dövlət və Vətən qarşısındakı məsuliyyətini unutmamalıdırlar. Belə cəhdlər müharibə vəziyyətində olduğumuz Ermənistan və bizi sevməyən bir sıra xarici dairələr tərəfindən sevinclə qarşılanar. Cəmiyyətimiz bu iqtisadi çətinliklərdən daha çətinini 1990–cı illərdə yaşadı və ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həmin çətinliklərin öhdəsindən uğurla gəldi. Hamı yaxşı başa düşməlidir ki, iqtisadi çətinliklər müvəqqətidir və həll olunacaq. Lakin dövlətimiz və Vətənimiz əbədidir. Yaranmış iqtisadi çətinliklərdən çıxış yolu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin möhkəm siyasi iradəsi ilə və onun rəhbərliyi altında siyasi sabitliyin qorunması, iqtisadi islahatların aparılması, dövlət və cəmiyyətin birliyinin qorunub saxlanılmasından keçir. Azərbaycan yaranmış müvəqqəti iqtisadi çətinliklərdən alnıaçıq və qələbə ilə çıxacaq.
Nurəddin Mehdiyev
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü,
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_yaranmis_muveqqeti_iqtisadi_chetinliklerden_alniachiq_ve_qelebe_ile_chixacaq-919191

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR