Faciənin şahidi: "Qorxmuş gözləri xatırlayıram"

Faciənin şahidi: "Qorxmuş gözləri xatırlayıram"
22:52 16 Yanvar 2016
61 Digər
Ölkə mətbuatı
A- A+

21 yaşlı türk qadın Nazlıcan, İstanbulun Sultanahmet meydanında ötən çərşənbə axşamı 10 nəfərin həyatına son qoymuş intiharçı bomba partlayışından sağ çıxanlardan biridir.

Gənc yaşına baxmayaraq o bomba basqınları ilə yaxşı tanışdır. Onun bəzi dostları ötən iyulda Suruc şəhərində törədilmiş bomba basqınının 34 qurbanı arasında idi. Sonra, bu il yanvarın 12-də onun özü başqa bir hücumun qurbanına çevrilib.
"Siz belə bir hiss yaşamısınızmı ki, sırf təsadüf nəticəsində sağ qalmış yeganə adamsınız? Mən yaşamışam belə bir hissi".
Mən bu sualı özümə bir neçə dostumu Surucda itirəndə vermişdim. Bu sualı daha sonra ötən oktyabrda Ankarada bomba partlayışının qurbanlarından birinin bacısını dinlədikdən sonra özümə vermişdim. Qadın deyirdi ki, o və ailəsi bəzi başqalarından fərqli olaraq ailə üzvünün bütün tikələrini toplayandan sonra təskinlik tapıblar.

İndi mən həmin sualı bir də, Sultanahmet partlayışından sonra verirəm. Mən bu partlayışdan iynənin ucu boyda möcüzə ilə sağ çıxmışam. Eşitmə qabiliyyətimi qismən itirmişəm. Həkimlər bunun həmişəlik olub-olmadığını bilmirlər.
O gün mənim işlə əlaqədar bir görüşüm var idi. Mən bir az tez gəlmişdim və vaxtımı skamyada oturmaqla öldürürdüm.
Sonra saatıma baxıb qalxdım. Elə bu an ətrafı xaraba qoyacaq fışıltını eşitdim. Bu səs mənə uşaqlığımdan tanış idi. Biz küçədə oynayardıq və bu vaxt uşaqlardan kimsə bizi qorxutmaq üçün küçəyə fişəng tullayardı. Mən bilirdim ki, bu fışıltıdan sonra gurultu qopacaq.
Bu iki fərqli hadisəni eyni səslə əlaqələndirmək cəfəng görünə bilər.

Mən növbəti addımımı atmışdım ki, od kürəsinin üstümə yeridiyini gördüm. Güclü partlayış yeri silkələdi. Mən yıxıldım.
Hər yer qana bələnmişdi, burun acışdıran qan iyi gəlirdi. Bədənimi yoxladım ki, görüm əl-ayağım yerindədirmi?
Huşum özümə qayıdanda anladım ki, mən bomba basqınına düşmüşəm. Bu mənə o qədər də yad səhnə kimi görünmədi.
Çığırtılar, ağlaşma səsi eşidilirdi və adamlar "bomba, intihar bombası" deyə qışqırırdılar. Ətrafımdakı qorxmuş gözləri xatırlayıram.
Qadınlardan bəziləri uşaqlarının gözlərini əlləri ilə örtərək qaçırdılar.
2003-ci ildə İstanbulda sinaqoqlara hücum ediləndə mənim 9 yaşım vardı.
Onda mən anamla idim. Sultanahmet meydanındakı uşaqlar kimi partlayışın lap yanındaydım. Onda görmüşdüm ki, anam eynilə məni də gözlərimi əlləri ilə örtərək kənara qaçırır.

Qan gölməçəsinin ortasında dayanıb keçmişləri düşünürdüm və kömək gözləyirdim. Dostlarımı Surucda itirəndən sonra məndə belə bir hiss vardı ki, sanki canımın bir hissəsini itirmişəm. Bəs mən ölsəydim, görəsən yaxınlarım yoxluğuma necə tab gətirərdilər?
Sonra küçədən keçən birisi yaxınlaşıb əlimdən tutdu. Xatırlayıram ki o deyirdi: "Allah səni ailən üçün qoruyub saxlayıb. İndi hər şey yaxşı olacaq". Mən ağlamağa başladım. O da ağladı.
Allah məni əlbəttə ki, saxlamışdı. Amma mən hey özümdən soruşurdum ki, Allah başqalarını niyə saxlamayıb?
Kaş deyə biləydim ki, "bu qətliamlar yaddan çıxmayacaq" və kaş buna özüm də inana biləydim. Amma bilirəm ki, yaddan çıxacaq. Öz başımıza gəlməyincə, biz belə hadisələri xatılamırıq, başqalarının ağrısını paylaşmırıq.
Amma bu hadisə həmişə mənimlə qalacaq. Lap 9 yaşımda olarkən anamın gözlərimi örtdüyünü xatırladığım kimi.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR